Ağcabədi və Kürdəmirdə Novruz şənliyi FOTOLAR

YAP Ağcabədi rayon təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki Heydər Əliyev mərkəzində xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək, qeyd edib ki, qədim tarixə malik Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa,insana məhəbbət bayramıdır.

Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi müdir müavini Təyyar Hacıyev, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov və Ramil Nağıyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, N saylı hərbi hissənin zabit və əsgərləri çıxış edərək, Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.

Tədbirdə folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı, GTM Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin balaca fidanlarının hazırladığı maraqlı musiqili bayram proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Kürdəmirdə Novruz bayramı və İlaxır çərşənbə münasibətilə şənlik keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri, ağsaqqallar, ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayonun "Qələbə" parkında Novruz tonqalı yandırılıb, xalq musiqiləri səsləndirilib. Daha sonra son 15 ildə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm uğurları və qarşıdakı illərdə yeni hədəfləri özündə əks etdirən bukletlər seçicilərə paylanılıb. Çağırışçı şüarlar səsləndirilib.

Bayram mərasimi incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam edib.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə