Prezident bəzi sərəncamlarda dəyişiklik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi sərəncamlarda dəyişiklik edib. SİA-nın verdiyi məlumata görə, bunlar aşağıdakılardır:

Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənc istedadlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin.

2. "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində “300” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 (yüz əlli) manat, “Əməkdar” fəxri adı üçün 100 (yüz) manat müəyyən edilsin.

2. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454) 1-ci hissəsinin birinci abzasında “100 manat” sözləri “150 manat” sözləri ilə, “60 manat” sözləri “100 manat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə