"SİA peşəkar, ciddi agentliklərdən biri kimi özünü təsdiq edib" AÇIQLAMA-ÖZƏL

“Bildiyiniz kimi, Səs İnformasiya Agentliyi ilk dəfə 2008-ci ildə “Səs” qəzetinin bazasında yaranıb. Avqust ayında qeydiyyatdan keçən, lakin sentyabr ayında fəaliyyətə başlayan agentliyin yaranması həmin dövrdə informasiyaların operativ, obyektiv və daha geniş auditoriyaya çatdırmaq zərurətindən qaynaqlanırdı”. Bu fikirləri SİA-ya açıqlamasında agentliyinin baş direktoru Bəhruz Quliyev deyib.

O bildirib ki, bu gün 11 yaşını qeyd edən Səs İnformasiya Agentliyi 1991-ci ildən fəaliyyət göstərən “Səs” qəzeti”ni daha modern şəkildə dünyaya çatdırmaq üçün bir resurs kimi fəaliyyətə başlayıb.

B.Quliyev söyləyib ki, qısa müddət ərzində geniş oxucu auditoriyası qazanan agentlik öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə qura bilib: “Səs İnformasiya Agentliyi bu illər ərzində Azərbaycanda peşəkar, ciddi agentliklərdən biri kimi özünü təsdiq edib. SİA-nın məhz “Səs” qəzetinin bazasında olması, orada fəaliyyət göstərən peşəkarların sayəsində yeni bir məktəb formalaşıb. SİA çoxlu sayda jurnalistlərlə əməkdaşlıq edərək, onların informator, peşəkar kimi yetişməsini təmin edib, jurnalistika məktəbinin davamçısı rolunu oynayıb. Bu gün bizim əməkdaşlarımız müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq, sağlam ideyalar ətrafında ciddi, peşəkar jurnalist kimi fəaliyyətlərini davam etdirirlər”.

Səs İnformasiya Agentliyinin bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq etdiyini, informasiya mübadiləsi apardığını deyən SƏS Media Qrupun rəhbəri vurğulayıb ki, fəaliyyətini 3 (Azərbaycan, rus, ingilis) dildə həyata keçirən agentliyin ölkəmizin regionlarında olduğu kimi, digər ölkələrdə də müxbirləri fəaliyyət göstərirlər: “Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq”.

B.Quliyev qeyd edib ki, bu gün digər agentliklərlə sağlam rəqabət aparan Səs İnformasiya Agentliyinin milli informasiya məkanında öz yeri və geniş oxucu auditoriyası var: “2011-ci ildən etibarən SİA-nın bazasında SƏS TV internet televiziyası da fəaliyyət göstərir. Azərbaycanda 24 saat onlayn şəkildə fəaliyyət göstərən ilk televiziya olan SƏS TV sosial şəbəkələrdə, internet resursları sırasında kifayət qədər nüfuza malikdir. Bu gün SƏS TV Azərbaycanda sosial şəbəkələrdə ən çox abunəsi olan, hadisələri operativ şəkildə işıqlandıraraq öz oxucusuna çatdıran, mühüm məsələləri ictimailəşdirən internet televiziyalardan biridir”.

Agentliyin baş direktoru əlavə edib ki, “Səs” ailəsində qocaman jurnalistlərin çalışması sevindirici haldır: “Hazırda kollektivimizdə 1991-ci ildən, yəni “Səs” qəzeti yaranandan bizimlə çalışan jurnalistlər var ki, onlar uzun illərdir fəaliyyət göstərərək, milli əqidəyə, dövlətə, dövlətçiliyə xidmət edirlər. Bu gün Səs Media Qrupuna məxsus resurslarda kifayət qədər savadlı, dövlətə xidmət edən jurnalistlərin yetişməsi bütövlükdə Azərbaycan mətbuatına bir töhfədir. “Səs” ailəsi hər zaman olduğu kimi, bundan sonra da fəaliyyətini Ulu öndər Heydər Əliyevin ideyaları əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, müasir dövrün reallıqları və çağırışlarına uyğun olaraq davam etdirəcək, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...