Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan istefa ərizəsini elan etməklə əslində baş nazir Nikol Paşinyana qarşı ciddi ittihamlarla çıxış edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol Pashinyan mətbuat konfransında Vanesyanın bu açıqlamasını şərh etməkdən imtina edib, söyləyib ki, o oxuduqlarını şərh etməyə alışqandır.

Əlbəttə ki, A.Vanesyanın dediklərini, xüsusən bəyanatda ciddi ittihamların olduğunu birbaşa mətbuat konfransında eşitmək və bilmək Paşinyan üçün tamamilə gözlənilməz olub. Faktiki olaraq Paşinyanın “addım at” çağırışına Vanesyan “dur” deyib.

Görəsən, Paşinyanın keçmişi və bu günü haqqında bütün məlumatlara sahib olan ölkənin güc strukturundakı ən məlumatlı məmuru nəyi və hansı təhlükələri proqnozlaşdırır? Vanesyanın qarşısında hansı tələb qoyulmuşdu ki, o “zabit şərəfi” ifadəsini işlədərək öz istefası ilə əmrin icrasından, ümumilikdə isə Paşinyandan imtina edib?

Məlumatda qeyd olunur ki, hakimiyyətin qanuni və xüsusən “Soros” qanadının Vanetsyana qarşı fikirlər səsləndirərək işə başladığı da təsadüfi deyil. Paşinyanın mətbuat katibi Vladimir Karapetyan Vanetsyanın istefasını şərh edərkən "Artur Vanetsyana aid bu mətnin kim tərəfindən yazıldığını öyrənməliyik" deyib. Yəni, Ermənistanın hazırki hakimiyyəti baş verənləri yenidən keçmiş hakimiyyətlərlə bağlamağa çalışır, revanşist mövzularla üzlərini örtməyə və ya təyin etdikləri bir məmur tərəfindən onlara qarşı yönəldilən sərt tənqidlər kimi təqdim etməyə cəhd edir.

Qəzetin yazdığına görə, dünən Artur Vanetsyanın istefası mövzusu sosial şəbəkədə də fəal müzakirə edilib və A.Vanetsyanın tərəfdarlarının sayı üstünlük təşkil edib.

Xatırladaq ki, Ermənistan hakimiyyətinin özü tərəfindən sifariş verilmiş rəy sorğularına görə Artur Vanetsyan ən yüksək səviyyəli hökumət rəsmisidir. Reytinqi ilə hətta inqilabçı baş nazir Nikol Paşinyandan da üstündür.
Hər nə olur olsun, Artur Vanetsyan istefası və sonrakı siyasi bəyanatı ilə gələcəkdə siyasi səhnəyə qayıdacağı planlarına işarə edir. Onun dolayı yolla xəbərdarlığı əslində, məmurlara çağırış, ciddi proseslərin başlanğıcı da ola bilər. Təsadüfi deyil ki, “168 jam” qəzeti “bundan sonra kim istefa verəcək?”, yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...