"Biz niyə sülhə hazırlaşmalıyıq?" ÖZƏL-ŞƏRH

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşündə elə də ciddi açıqlamalar olmadı. Həmişəki kimi bu görüşdə də ümumi detallara toxunuldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

"Bildirildi ki, tərəflərin mövqeləri arasında ciddi fərq mövcudluğu var və bu qalmaqda da davam edir. Orada ABŞ tərəfindən maraqlı və təəccüblü açıqlama o idi ki, görüş çox məhsuldar keçdi. Yəni bunu nə bizim, nə də düşmən tərəfinin XİN rəhbəri demədi. Axı bu görüşün məhsuldar keçdiyini nə ilə izah etmək olar? Çünki ortalıqda heç bir şey yoxdu. Sadəcə olaraq burada hərə öz mövqeyini ortaya qoydu. Azərbaycan tərəfi birmənalı olaraq ortaya tələbini qoydu ki, ərazilərimiz işğaldan azad olunmalıdır, ərazi bütövlüyümüz təmin olunmalıdır və məcburi köçkünlərimiz, qaçqınlarımız öz doğma yurdlarına qayıtmalıdır. Ermənilər isə mövqelərində bildirdilər ki, biz heç bir ərazini işğaldan azad etmək fikrində deyilik. O zaman burada hansı məhsuldarlıqdan söhbət gedə bilər? Əgər bu görüşlər elə-belə davam edəcəksə hesab edirəm ki, bunun bizə heç bir xeyri yoxdur. O xeyiri yalnız düşmən görür. Çünki düşmən ərazilərimizi işğal edib və orada oturub.

Hətta Vaşinqton görüşündə bir fikirdə səsləndi ki, biz cəbhə bölgəsinin təmas xəttində gərginliyin azadılmasını alqışlayırıq, onun tərəfdarıyıq və xalqları sülhə hazırlamaq istiqamətində iş aparırıq. Bu fikirlərin ikisi də erməninin xeyrinədir. Çünki bu gün işğalçı bizim ərazimizdə oturub. Digər tərəfdən isə axı mən necə sülhə hazır olmalıyam ki, mən soyqırıma məruz qalmışam və ərazilərim işğal altındadır. Təbii ki, ermənilər xalqların sülhə hazırlanmasına razıdır. Çünki düşmən dövlət istədiyi qədər torpaq işğal edib və yerini möhkəmlədib. Biz niyə sülhə hazırlaşmalıyıq? Biz o zaman sülhə hazırlaşmalıyıq ki, bizim ərazi bütövlüyümüz təmin olunsun, biz doğma yurdumuza qayıdaq. Mən yalnız müharibəyə hazırlaşmalıyam”-deyə, E.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...