“Amnesty İnternational” əvvəlki oyunlarını təkrarlamaq istəyir" ÖZƏL-RƏY

"Ümumiyyətlə, “Amnesty İnternational” təşkilatı bu cür hadisələrlə əslində özünün mahiyyətini açır və özünü ifşa etmiş olur. Çünki bu məsələ bir idman oyunudur. İdman oyununun siyasətə qatılması yolverilməzdir. Göründü ki, onlar bu idman oyununun üzərində bir neçə oyun qurmaq istədilər. Onlar gah dedilər ki, "Arsenal" futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlməsində təhlükə var. Amma sonda bu arqumentlər iflasa uğradı. Bəzən isə dedilər ki, Azərbaycan bu oyunları keçirmək iqtidarında deyil. Təbii ki, bu da sonda iflasa uğradı. Çünki Azərbaycan dövləti dəfələrlə bu cür oyunları keçirib". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədr müavinin sözlərinə görə, ölkəmiz həm özünün ifrastukturu, həm də iradəsi baxımından sübut edir ki, bu kimi iri yarışları keçirmək iqtidarındadır: "Onlar indi də insan haqları məsələsini ortaya atıblar. Bu tam qərəzli və ayıb olan bir məsələdir. Çünki “Amnesty İnternational” təşkilatının məşğul olmalı olduğu çox ciddi məsələlər var. Hətta Avropanın özündə, Ermənistanda (həbslər, siyasi rəqiblərin əzilməsi, sındırılması və s.), Fransada (“sarı jiletliler”in aksiyası, həbslər, öldürülən insanlar və s.) baş verən ciddi proseslər var. Amma biz bu təşkilatın hesabatlarına nəzər salsaq bunların heç birini görməyəcəyik. Ümumiyyətlə dünyada çoxsaylı münaqişə ocaqları var ki, həmin münaqişə ocaqlarında bu cür insan haqları təşkilatları işləməlidirlər və öz sözlərini deməlidirlər. Təbii ki, bütün bunlar onu göstərir ki, “Amnesty İnternational” təşkilatı Azərbaycanda marağı olan güclərin, bəzi güc mərkəzlərinin sifarişlərini yerinə yetirir və yalnız sifarişlə hərəkət edir. Əslində Azərbaycanın da bu cür hadisələr qarşısında qətiyyətlə dayanması onun özünün ifşa olunmasına səbəb olur. Yəni bunlar tamamilə uydurma bir məsələdir. Bu təşkilat 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi zamanı, 2015-ci ildə Birinci Avropa Oyunları zamanı nə oyunlar çıxarmışdısa, yenə də həmin oyunları təkrarlamaq istəyir. Amma bu oyunlar artıq keçmir. Çünki dünya həqiqəti görür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...