"Avropa Parlamentinin qərarı qərəzli xarakter daşıyır" ÖZƏL-RƏY

“Ümumiyyətlə, Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələr və qəbul olunmuş qərəzli qətnamə, bəhanə axtaran bir qurumun sadəcə yarımçıq bir proses barədə əldə etdiyi əsaslara görə verdiyi bir qərardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, təbii ki, Avropa Parlamentinin bu qərarı qərəzli xarakter daşıyır: “Çünki burada konkret cinayət işi açılmayıb və araşdırma gedir. Əgər araşdırmanın nəticəsində cinayət işi açılsa və yaxud da hansısa süni bir ittiham irəli sürülsə idi, o zaman bu cür münasibət ortaya qoyula bilərdi. Yəni bu qabaqlayıcı, həm də bir qədər tələbə yönəlik fikirlər idi ki, fürsət düşüb və Azərbaycanı nədəsə ittiham edək. Təbii ki, müəyyən dərəcədə Avropa məhkəmələri, nüfuzlu beynəlxalq təşkilatlar bu kimi addımları diqqətə almalıdır və bunun mahiyyətini daşımalıdır ki, yəni bu bilavasitə Azərbaycana, Türkiyəyə münasibətdə atılan qərəzli addımların davamıdır. Amma bütövlükdə biz də çalışmalıyıq ki, bu kimi məsələlərdə həmin qurumlara belə bəhanələr verməyək”.

AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq: “Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə Mehman Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə