"Mehman Hüseynovla bağlı qətnamə"nin heç bir hüquqi əsası yoxdur" ŞƏRH-ÖZƏL

“Avropa Parlamentində müəyyən qüvvələrin vaxtaşırı Azərbaycana qarşı qərəzli addımlar atması, xüsusilə də həmişə eyni qüvvələrin şəxslərin belə təşəbbüslə çıxış etməsi həm Azərbaycanla Avropa münasibətlərinin yaxşılaşmasına əngəl yaradır, həm də Avropanın özünün maraqlarına uyğun deyil”. Bu fikirləri SİA-ya politoloq Sahil İsgəndərov Avropa Parlamentində “Mehman Hüseynovla bağlı qətnamə” ilə bağlı fikirlərini bildirərkən deyib.

Həmin dairələrin erməni lobbisi ilə əlaqədə olduğunu deyən politoloq söyləyib ki, bu şəxslər müəyyən ianələr qarşılığında Azərbaycana qarşı addım atırlar: “Avropa Parlamentində qəbul edilən qətnamə ilə bağlı çıxış edən, Azərbaycanın əleyhinə kəskin ittihamlar irəli sürən deputatların reallıqları qarışdırmalarından açıq şəkildə görünür ki, onların Mehman Hüseynov haqqında heç bir məlumata malik deyillər və baş verən hadisələr haqqında ümumiyyətlə təsəvvürləri belə yoxdur. Həmin şəxslər tutuquşu kimi qarşılarına qoyulanları oxumaqla məşğuldurlar. Mehman Hüseynov, onlar kimilər də məhz həmin tutuquşuların tayıdır”.

S.İsgəndərov vurğulayıb ki, Azərbaycana qarşı qərəzli mövqedə duran şəxslərin arxasında da müəyyən dairələrin dayandığı açıq şəkildə görünməkdədir.

Azərbaycanla Aİ arasında ikitərəfli tərəfdaşlıq haqqında yeni sazişin hazırlandığını xatırladan politoloq deyib ki, hazırda bu istiqamətdə işlərin davam etdiyini dilə gətirib: “Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi ölkəmiz heç zaman keyfiyyəti kəmiyyətə qurban verməyəcək. Ölkəmiz istənilən sazişin bağlanmasında dövlət maraqlarını üstün tutur. Bu səbəbdən yeni tərəfdaşlıq sazişi ətrafında 1 ildən artıqdır ki, güclü iş gedir. Bundan başqa Azərbaycanın müstəqil, qətiyyətli siyasəti sayəsində ötən ilin sonlarında Avropa Parlamentində qərar qəbul olundu və bu qərarda ölkəmizin ərazi bütövlüyü dəstəkləndi. Bütün bu uğurlar görünür müəyyən qüvvələrin narahatçılığına səbəb olub və müxtəlif yollara əl ataraq ölkəmizin əleyhinə sənəd qəbul etməyə çalışırlar”.

S.İsgəndərov qeyd edib ki, Avropa Parlamentinin insan haqları ilə bağlı bu cür qərarlarının heç bir hüquqi əsası və gücü yoxdur: “Lakin belə sənədlər Avropa Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, əməkdaşlığına əngəldir. Çünki həmin şəxslərin planlarında Avropa İttifaqının maraqları öndə durmur. Onların məqsədi ianələr qarşılığında Azərbaycana təzyiq göstərmək cəhdləridir ki, bunun özü ölkəmizlə Aİ arasında münasibətləri soyuqlaşdıra bilər”.

Politoloq düşünür ki, Azərbaycan qarşı qərəzli mövqelərin əlində Mehman Hüseynov sadəcə fiqurdur: “O olmasa idi, onun əvəzinə başqa biri olacaqdı. Əslində onları Mehman Hüseynov maraqlandırmır. Bu şəxslərin arxasında dayanan ağaların məqsədi Azərbaycan Aİ arasında münasibətlərə kölgə salmaqdır. Bu cür şəxslərlə mübarizə ilk növbədə Avropanın özünə lazımdır. Azərbaycanın Cənubi Qafqazda lider, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğunu nəzərə alsaq, o zaman Avropa İttifaqında oturan qüvvələr bu oyunların nə zaman qədər davam edəcəyini düşünməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə