“Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir” - AKTUAL

"Nikol Paşinyanın Dağlıq Qarabağın "de-fakto" rəhbərliyinə qarşı neqativ münasibəti göz qabağındadır". SİA-nın xəbərinə görə, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun çoxlu səbəbləri ola bilər. Paşinyanın xarakterinə görə dəyişən adam olduğunu deyən politoloq söyləyib ki, Paşinyan nə qədər Dağlıq Qarabağ separatçılığı ilə bağlı müsbət ritorika səsləndirsə də, nəhayət ki, haçansa fikrini dəyişməli idi. Paşinyan hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın inkişafına əngəl törədir. Sasun Mikaelyanın Ermənistandakı "məxməri inqilabı" Dağlıq Qarabağın azadlıq mübarizəsindən üstün tutması ilə bağlı fikrinə Dağlıq Qarabağdan verilən reaksiya Paşinyanı qıcıqlandırdı və Dağlıq Qarabağın "de-fakto" rəhbərliyinı hədələdi. Paşinyan üçün dünyada ən böyük müqəddəs şey Ermənistandakı məxməri inqilabdır. Dağlıq Qarabağda azadlıq mübarizəsi lokal bir məkanda baş verən hadisədir, "məxməri inqilab" isə dünya miqyaslı hadisədir".

M.Əhmədoğlu söyləyib ki, Dağlıq Qarabağ rəhbərliyini idarə olunan vəziyyətə salmaq üçün belə vəziyyət yaratmaq Paşinyanın idarəetmə stilidir: "Azərbaycanlı girovların Şuşa həbsxanasından Yerevana gətirilməsinə Dağlıq Qarabağın de-fakto rəhbərliyinin icazə verməməsi Nikol Paşinyanın şərəfinə toxunub. Qəzəbin L. Mnasakanyanın üzərində fokuslanması da təsadüfi deyil:. azərbaycanlı girovun qaytarılmasını Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətə pis təsir edəcəyinin əsaslandırmasını B.Saakyanın tapşırığı ilə L.Mnasakanyan edib. L.Mnasakanyan N.Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu həqiqi hərbi xidmətə məcbur edir. Ermənistanda həbslərin yeni dalğasına hazırlıq başlayıb. Eləcə də KTMT-nın keçmiş Baş katibi Yuri Xaçaturova qarşı başqa maddələr üzrə cinayət işinin qaldırılması indiki siyasi şəraitdə Paşinyana lazımdır. Y.Xaçaturov Ermənistanın Müdafiə nazirinin müavini olarkən Movses Akopyan qondarma Dağlıq Qarabağda müdafiə naziri idi və onların arasında narazılıq var idi. Çünki Movses Akopyan Seyran Ohanyanın sözü ilə Y.Xaçaturova qarşı intriqa ilə məşğul idi. Movses Akopyan ehtimal ki, Y.Xaçaturovun əleyhinə əvvəlki faktları vermək istəmir. Movses Akopyanı buna məcbur etməyin də ən yaxşı variantı Dağlıq Qarabağın de-fakto müdafiə naziri L.Mnasakanyandır. Çünki Mnasakanyan qondarma Dağlıq Qarabağda müdafiə nazirliyini məhz Movses Akopyandan aldı və onun külli miqdarda saxtakarlığı, yeyintisi üzə çıxardı. Görünür, Paşinyan L.Mnasakanyan vasitəsilə M. Akopyanı silkələyir və M.Akopyan da vəziyyətdən çıxmaq üçün Y.Xaçaturovun əleyhinə lazım olan digər ifadələri verir".

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri N.Paşinyanın xəstə şüurunun formalaşdırdığı məntiqsiz siyasətinin zolağına düşüb və bu, Dağlıq Qarabağın daxilində reaksiyasız qalmayacaq: "Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir" formulu yenidən aktuallaşacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə