Şəhid hərbi qulluqçuların vərəsələri nə düşünür? ÖZƏL-SORĞU

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. Vətən uğrunda mərdlik göstərib qəhrəmanlıqla döyüşüb həlak olan, eləcə də həmin döyüşlərdə yaralanan insanların həyatı, keçdikləri döyüş yolu bu günün gəncləri üçün böyük örnəkdir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

SİA bu günə kimi ödəmə almış vərəsələrin təəssüratlarını sizə təqdim edir.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu İbadullayev Elşən Müzəffər oğlunun atası Müzəffər İbadullayev bildirib: “Prezident və ailəsi sağ olsun ki, bizləri heç zaman diqqətindən kənar qoymur. Bizim ailəyə də ölkə başçısının imzaladığı Fərmanla birdəfəlik yardımlar olundu. Biz dövlətimizdən və Prezidentimizdən çox razıyıq. Allah onu bizim üstümüzdən əskik etməsin. Yada saldıqlarına, qayğılarımızla maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlığımızı bildiririk. Biz hər zaman dövlətin diqqət və qayğısını öz üzərimizdə hiss edirik.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu Rəhimov Eldar Həsən oğlunun atası Həsən Rəhimov deyib: “Azərbaycan Prezidenti çox böyük hümanistlik etdi və bizim ailəyə də birdəfəlik yardımlar şamil olundu. Ölkə başçımız heç bir zaman şəhid ailələrini, müharibə veteranlarını, əlilləri diqqətindən kənarda qoymur. Prezidentin imzalamış olduğu Fərman elə-belə şey deyil. Buna görə biz Prezidentimizə çox minnətdarıq. Dövlət başçımız hərbiçilərimizin hər bir qayğısına qalır. Düşünürəm ki, dövlət başçımızın görmüş olduğu işlərə qarşı əks təbliğat aparanlar düzgün yolda deyillər. Onlar gedib öz işləri ilə məşğul olsalar, yaxşı olar.

Tovuz rayonundan şəhid olmuş hərbi qulluqçu Əliyev Müşfiq Abbas oğlunun atası Abbas Əliyev bildirib ki, cənab İlham Əliyev Azərbaycan üçün fövqəladə bir siyasətçidir: “Allah Prezidentimizi və onun ailəsinin canını həmişə sağ eləsin. Dövlət başçısının apardığı uğurlu işlər sayəsində xalqımızın güzəranı günü-gündən yaxşılaşır. Allah xalqımızın üstündən cənab Prezidentimizi əskik etməsin. Ölkə başçımızın şəhid ailələrinə birdəfəlik yardımların olunması haqqında verdiyi Fərman cənab İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Prezidentin gördüyü işlərə qarayaxanlar isə xalqın taleyi ilə maraqlanmırlar. Onlar yalnız özlərini fikirləşirlər. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsə idi xalqın vəziyyəti daha da pis olacaqdı. Məhz onun sayəsində xalqın tərəqqiyə doğru inkişaf etdi. Ulu Öndər qoyduğu yolu cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Biz bunu görür və sevinirik.

Quba rayonundan şəhid olmuş hərbi qulluqçu Ağarzayev Kamran Ələkbər oğlunun atası Ələkbər Ağarzayev isə bildirdi ki, tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. Ümumiyyətlə, qəhrəman insanlarımız dünən də var idi, bu gün də, sabah da olacaq. 2016-cı ilin aprel döyüşlərində mərd oğullarımız düşmənə layiq olduğu cavabı verdi. Nəticədə, bir çox strateji ərazilər geri qaytarıldı. Düşmən isə kor-peşman halda geri çəkildi. Həmin döyüşlərdə şücaət göstərən, qəhrəmanlıq salnaməsi yazan eloğullarımız da az olmadı. Şəhidlərin ailələrinə bu gün dövlətimiz tərəfindən böyük qayğı var, onların ailələri də bizim kimi hər cür şəraitə malik mənzillərlə təmin olunublar. Bütün bunlar dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...