Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov oktyabrın 23-də ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, ölkəmizdə mövcud olan multikultural, tolerant cəmiyyətdən danışıb.

Bildirib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlətdir. Dünyada dinlər arasında baş verən qarşıdurmalara, ayrı-seçkiliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, Alban kilsəsi də fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycan ilə İslam ölkələri arasında əlaqələrə, respublikamızın İslam Əməkdaşlıq Təşkilatına verdiyi töhfələrə də toxunub.

Əli Həsənov, həmçinin qonaqlara Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə olunan nailiyyətlər, xüsusilə də qeyri-neft sektorunun, turizmin inkişafı istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Ərəb ölkələrinin media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda müşahidə etdikləri inkişaf prosesinin onlarda zəngin təəssürat yaratdığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...