VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı keçirilib

Oktyabrın 25-26-da Azərbaycanın paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar mətbuat konfransı təşkil edilib. SİA xəbər verir ki, Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov mətbuat konfransında Humanitar Forumla bağlı təşkilati məsələlərin artıq yekunlaşdığını deyib.

Eyni zamanda qeyd edib ki, sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bu Forumda bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar.
Mədəniyyət nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə isə bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən keçirilir. Dünyada ən nüfuzlu forumlar və platformalar sırasında olan bu Forum artıq Azərbaycanda ənənəvi hal alıb. Ölkəmizdə indiyədək keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, Nobel mükafatçıları, alimlər, siyasətçilər, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Həmin ənənə budəfəki Forumda da davam etdirilir.

Vasif Eyvazzadə qeyd edib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə