Tahir Kərimli: “Pənah Hüseyn bəzən anormal təkliflərlə çıxış edib” MÜSAHİBƏ

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin SİA-ya müsahibəsi

- Tahir bəy sentyabrın 29-da Pənah Hüseyn, Rəhim Qazıyev, İsgəndər Həmidov və digərləri Dağlıq Qarabağla bağlı mitinq keçirtməyi planlaşdırırlar. Sizcə, münaqişənin həlli ilə bağlı prinsipial danışıqların aparıldığı bir məqamda belə bir aksiyanın keçirilməyinə ehtiyac varmı?

- Azərbaycanda kütləvi tədbirlərin keçirməsi hər kəsin haqqıdır. Müvafiq orqanlar buna razılıq verib, verməməsi haqqında heç nə deyə bilmərəm. Amma burada məsələ ondan ibarətdir ki, Qarabağla bağlı mitinq keçirmək iddiasına düşmək indiki məqamda yersiz və əhəmiyyətsidir. Çünki, münaqişənin həlli ancaq diplomatik yollarla mümkündür. Əgər diplomatik yol mümkün olmasa, hərbi variantdan istifadə oluna bilər. İndi Azərbaycan dövlətinin çox güclü ordusu var və ərazi bütövlüyü dünya tərəfindən tanınır. Hər kəs də çox gözəl bilir ki, ordumuz Qarabağı işğaldan azad etməyə hazırdır. Sentyabrın 29-da Pənah Hüseynin, Rəhim Qazıyevin, İsgəndər Həmidovun və digər müxalif ünsürlərin Dağlıq Qarabağla bağlı mitinq keçirməsi inandırıcı görünmür. Sadəcə olaraq, bəzi qüvvələr var ki, Dağlıq Qarabağ məsələsindən siyasi divident əldə etməyə çalışırlar. Məsələn Qurban Məmmədov oturub xaricdə istəyir ki, Qarabağ mitinqini iqtidara qarşı düşmənçilik məsələsində istifadə etsin. Bu cür istək pislənilməlidir. Çünki Qarabağ xalqımızın ağrılı yeridr. Ondan çirkin məqsədlər üçün istifadə etmək yolverilməzdir.

- Düşünmək olarmı ki, müxalifətin texnoluqu kimi tanınan Pənah Hüseyn müxalifət düşərgəsində yaranan boşluqdan istifadə edərək bu cür mitinqlərlə önə çıxmağa ümid bəsləyir?

- Müxalifətin texnoluqu kimi tanınan Pənah Hüseyn nəyəsə ümid bəsləyə bilər. Amma buna nail olması mümkün deyil. P. Hüseyn bəzən müxalifət cəbhəsində texnoloq kimi tanınıb və müəyyən anormal təkliflərlə çıxış edib. Amma fikir versəniz görərsiz ki, bu illər ərzində heç vaxt müvəffəqiyyət əldə edə bilməyib. Bir daha bildirimək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi bizim müqəddəs davamızdır. Bu mitinqdən siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil. Çünki bu vətən torpaq məsələsidir.

- Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı iddia edirlər ki, onlar bu mitinqdə iştirak etməyəcəklər. Sizcə, bu şəxslərin Qarabağ məsələsində Pənah Hüseyn, Rəhim Qazıyev, İsgəndər Həmidov və digərləri ilə maraqları bölüşməməsi nədən irəli gəlir?

- Müxalifət düşərgəsini təmsil edən Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı çox gözəl bilirlər ki, P.Hüseyn, R.Qazıyev, İ.Həmidov və digər müxalif ünsürlər Dağlıq Qarabağla bağlı mitinq keçirə bilməyəcəklər. Ona görə də, adları çəkilən şəxslər onlarla bu məsələdə bir olmaq istəmirlər. Çünki onların iştirak ilə bu mitinqi etmək heç nəyə gətirib çıxarmayacaqdır. Yaxşı olardı ki, müxalifəti təmsil edən bu şəxslər Dağlıq Qarabağ məsələsindən öz şəxsi maraqları üçün istifadə etməsinlər. Çünki Qarabağ müqəddəs vətən vəzifəsidir. Bundan şəxsi, partiya və hətta hər hansı bir məqsədlər üçün istifadə etmək qəti şəkildə düzgün deyil.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə