Rob, Nikoldan revanş almağa hazırdır

Yaxud, Ermənistan bu dəfə Koçaryan-Paşinyan savaşı ilə çalxalanacaq

Robert Koçaryanın ölkə hüdudlarını tərk etməmək şərti ilə azadlığa buraxılması erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Belə ki, onun tərəfdarları bunu alqışlasa da, əleyhdarları, yəni Nikol Paşinyanın çevrəsi verilən qərarı siyasi hakimiyyətin zəifliyi olaraq qiymətləndirdi.

Başqa tərəfdən, Paşinyanın baş nazir olduğu 100 gün ərzində heç bir sosial-iqtisadi islahatlar apara bilməməsi, eləcə də, xalqın narazı qisminin müxtəlif tələblərlə aksiyalar keçirməsi müxalifətin mövcud iqtidara qarşı çıxışlarını artırmaqdadır. Xüsusilə, Ermənistanın ikinci prezidenti R.Koçaryanın siyasətə geri dönməsini bəyan etməsi belə deməyə zəmin yaradır ki, siyasi-qitisadi böhran içində çabalayan ölkə Koçaryan-Paşinyan savaşı ilə çaxlalanacaq. Daha dəqiq desək, Qarabağ klanının nümayəndəsi olan Koçaryan bu klanın mövqeyini qorumaq üçün həm separatçı “DQR”dən, həm də Rusiyadadan dəstək alacağına əminliyini nümayiş etdirir. O cümlədən, köhnə sistemin – Serj Sarkisyanın devrilmiş iqtidarının oliqarxiya cinahının da ona dəstək verəcəyini proqnozlaşdırmaq mümkündür.

Robert Koçaryan: “Siyasətə geri dönməyə sadəcə məcburam””

Bu arada, R.Koçaryanın ölkəsinini Yerkir Media saytına verdiyi müsahibəsində ilginc məqamlara rast gəlmək mümkündür. SİA xəbər verir ki, Koçaryan artıq siyasətə döndüyünü əminliklə qeyd etməklə yanaşı, onu da bildirib ki, onun bu qərarı birmənalıdır: “Hesab edin ki, mən siyasətə geri döndüm və bu qərarım dəyişilməz, eyni zamanda birmənalıdır”.

Onun siyasətə hər hansı güc yaradaraq, yoxsa tək dönməsi ilə bağlı verilən suala verdiyi cavab da maraqdoğurucudur: “Bu dönüş müxtəlif formatlarda ola bilər. Lakin səbəblər barədə danışarkən deyə bilərəm ki, mən siyasətə dönməyə sadəcə məcburam”.

Belə düşünmək olar ki, R.Koçaryan “müxtəlif formatlar”deyərkən, yeni siyasi təşkilat yaratmağı, Paşinyan hakimiyyətinə qarşı radikal siyasət yürütməyi nəzərdə tutur. Əgər belə olmasa idi, o siyasətə dönməyəcəyini də deyə bilərdi. Halbuki, Ermənistanın ikinci prezidenti siyasətə məcburi şəkildə döndüyünü vurğulayıb. Söz yox ki, o, arxasında hər hansı bir güc hiss etməsə idi, belə inamlı şəkildə fikirlərini açıqlamazdı.

“Bəs Ermənistanda nə var?”

Daha bir ilginc nüans onun siyasətə geri dönüşünü geosiyasi vəziyyətlə əlaqələndərməsidir. Koçaryan N.Paşinyanın bu istiqamətdə yanlış düşüncələrə malik olduğnu önə eyham vurub ki, Ermənistan məhv olmaq təhlükəsini yaşayır. O, xüsusilə, Türkiyə barədə fikirlərini bildirib, eləcə də Türkiyə ilə Azərbaycan arasında olan münasibətləri önə sürərək, həll edilməmiş Qarabağ problemini də xatırladıb. “Bəs Ermənistanda nə var?”, sualını verən R.Koçaryan daha sonra qeyd edib: “İndi elə bir hökumət mövcuddur ki, səriştəsi yoxdur və düşüncəmə görə, bütün bunları anlamır. Bu hakimiyyət anlamır ki, ordunu qeyri-ciddi hesab etmək olmaz. Bu hökumət ordudan uzaqdır və anlamır ki, mövcud vəziyyətdə məhz güclü ordu dövlətçiliyin qarantı ola bilər, hansı ki, əks-addımlar atılır və Ermənistanın böyük çətinliklə əldə etdiyi zəhmətləri yerə vurulur. Mən anlayıram ki, bütün bunlardan keçmişəm və qarşıda dayanan təhlükə mənim siyasətə geri dönməyimi şərtləndirir”.

“Rusiya ilə bu dildə danışmaq ümumiyyətlə olmaz”

R.Koçaryan N.Paşinyanın və ətrafının anti-Rusiya xarakterli və qərbyönümlü siyasətinə də münasibətini bildirib və deyib ki, Rusiya ilə bu dildə danışmaq olmaz: “Hazırkı hakimiyyətin Rusiya ilə bu dildə danışması qəbuledilməzdir.Bu nə deməkdir ki, Rusiya gərək Ermənistandakı yeni vəziyyətə alışmalıdır? Bu hökumət real təhlükələri təsəvvürünə belə gətirmir və geosiyasi vəziyyəti dərk etmir. Biz, bir bəyanatın verildiyini, lakin başqa cür addımların atıldığını görürük”.

Yeri gəlmişkən, artıq Rusiyanın siyasi analitikləri də Ermənistanın mövcud iqtidarının bəlli addımlarının bu ölkə üçün pis nəticələr verəcəyini dilə gətirirlər. Sadəcə, Kreml hələlik səbr edir və Paşinyan hakimiyyətinin Rusiyaya yönəlik siyasətini bir daha nəzərdən keçirəcəyini gözləyir. Xatırladaq ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyəti ilə bağlı məlum bəyanatından sonra N.Paşinyan rəsmi Moskvanın mövcud vəziyyətə alışmalı olduğunu bildirmişdi ki, bu da qarşı tərəfi ciddi şəkildə qıcıqlandırmışdı. Rəsmi Moskvanın beyin mərkəzləri sə artıq yığılan səbrin yavaş-yavaş tükəndiyini deyərək, nəticənin Ermənistan üçün heç də yaxşı olmayacağını bildirirlər. Məhz bu yöndə də fikirlərini açıqlayan Koçaryana görə, belə məsələlərlə zarafat etmək olmaz: “Rusiya ilə bu dildə danışmaq ümumiyyətlə olmaz”.

Ümumilikdə götürəndə isə, R.Koçaryan Ermənistanın varlığını Rusiyasız təsəvvürünə gətirə bilmədiyini bildirib. Söz yox ki, artıq N.Paşinyan hakimiyyəti də buna məcbur edilir və görünür, onun başqa çarəsi də qalmır.

“Dovşan kimi qaçıb-gizlənməyə də ehtiyac yoxdur”

Koçaryan sözügedən müsahibəsində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualları da cavablandırarkən, maraqlı məqamlara toxunub. O, N.Paşinyanı nəzərdə tutaraq, ikibaşlı fakir bildirib və onu dolayısı ilə “qorxaq dovşan” adlandırıb. “Əlbəttə, mən Nikol Paşinyanla danışmağa hazıram və danışıqlar prosesindən heç vaxt qaçmamışam. Belə bir addım cəsarətli olardı və dovşan kimi qaçıb-gizlənməyə də ehtiyac yoxdur”.

Göründüyü kimi, R.Koçaryan özünü nəzərdə tutaraq, Paşinyanla danışıqlara getməməyi qorxaqlıq adlandırıb, eyni zamanda, DQ məsələsi ətrafında baş nazirin danışıqlar prosesinə aid olmayan, eləcə də mümkün olmayan tələblər qoyaraq, qaçmasını da nəzərdə tutub.

Ümimilikdə götürəndə isə, Ermənistanda cərəyan edən siyasi böhran ab-havası səngimir və bu reallıq ölkədə yeni qarşıdurmalara, hətta vətəndaş müharibəsinə doğru sürətlə irəliləyir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə