Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin həllinə təsir edəcəkmi? ŞƏRH

“Dağlıq Qarabağın münaqişəsinin həlli ilə bağlı dəyişikliklər Ermənistandakı hadisələrin gedişatına əsasən müəyyənləşəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Dağlıq Qarabağ klanı”nın yavaş-yavaş siyasi meydandan çəkildiyini deyən politoloq söyləyib ki, hazırda baş verənlərin fonunda deyə bilərik ki, Ermənistan xalqı taleyini bir növ əlinə almış olur.

Onun sözlərinə görə, ermənilər indiyədək tökdükləri qanın cavabını ödəməli olacaqlar.

Q. Hüseynli söyləyib ki, Ermənistanda başlanan inqilab sona qədər getməlidir: “ Düşmən ölkədə seçki olmalı, yeni hökumət formalaşmalı, yeni prezident seçilməlidir”.

Rusiyanın məsələyə müdaxilə etmək niyyətində olduğunu dilə gətirən politoloq belə olan halda, düşmən ölkədə qanın tökülməsi istisna deyil: “Qan tökülərsə o zaman Qərb də proseslərə müdaxilə edə bilər və bu da Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə zərbə vura bilər”.

Politoloq vurğulayıb ki, düşmən ölkədə yeni hakimiyyətin formalaşması Azərbaycana müsbət təsiri ola bilər: “ Çünki, yeni gələcək adamlar Qərb yönümlü ola bilər ki, onların da ölkəmiz və ərazi bütövlüyümüz haqqında mövqeyi birmənalıdır. Hesab edirəm ki, əli dirsəyə qədər qana bulanan Serj Sarkisyandansa daha fərqli mövqe tutan Paşinyan və onun komandası danışıqlarda daha üzü yola ola bilər. Azərbaycan ərazi bütövlüyü Koçaryan və Serj Sarkisyan komandasından sonra daha asanlıqla həll edə bilər”.

Paşinyanın hakimiyyətə gəlmə şansına gəlincə Q. Hüseynli vurğulayıb ki, etiraz hərəkatının lideri Rusiya amilini dəf etsə, o zaman onun hakimiyyətə gəlmə şansı yüksəkdir: “Əks halda, bu o qədər də asan olmayacaq və Serj Sarkisyandan başqa köhnə qüvvələr hakimiyyətdə qalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə