ABŞ, Qərb və Rusiya Serj Sarkisyanı izolə edəcək ANALİTİK

Erməni ictimaiyyətinin fikri dəyişilməzdir – o getməlidir!

Son günlər Erm\nistanda vəziyyətin get-gedə daha da kritik həddə çatması, polis güclərinin ardınca, xüsusi təyinatlıların da proseslərə cəlb edilməsi hakimiyyətin xalqa qarşı qırğın planı hazırlaması ehtimalını yüksəltməkdədir. Belə olan halda ABŞ-ın, Qərbi Avropanın və Rusiyanın hansı münasibət göstərəcəkləri barədə suallar yaranmağa başlayır. Bu baxımdan, bir sıra erməni təhlilçiləri sözügedən istiqamətdə ilginc açıqlamalar verməkdədirlər.

Yerevan mətbuat klubunun rəhbəri Boris Navasardyan: “Hakimiyyət daha sərt güc tətbiq edərsə bu, Ermənistan-Aİ sazişinin ratifikasiyası prosesinə və onun gələcəyinə kifayət qədər mənfi təsir göstərəcək”

“Əgər Avropa İttifaqı prinsiplərinə əks şəkildə güc tətbiq olunarsa, jurnalistlərin fəaliyyətlərinə maneələr yaradılarsa və saxlanılan şəxslərin hüquqları pozularsa, Avropa İttifaqına üzv ölkələr bütün bunlardan öz nəticələrini çıxaracaqlar”. SİA xəbər verir ki, bu fikirləri 1in.am saytına Yerevanın mətbuat klubunun rəhbəri Boris Navasardyan artıq bir həftəyə yaxındır ki, davam edən kütləvi xalq etirazına və bu etiraz dalğasına qarşı hakimiyyətin davranışlarına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, hakimiyyət daha sərt güc tətbiq edərsə bu, Ermənistan-Aİ sazişinin ratifikasiyası prosesinə və onun gələcəyinə kifayət qədər mənfi təsir göstərəcək. “Hesab edirəm ki, bu çox ağır nəticələrə gətirib-çıxaracaq. Çünki etiraz aksiyaları məsələnin aşırı güc tətbiqi ilə həllinə səbəb ola bilməz”-deyə qeyd edən mətbuat klubunun rəhbəri hətta ayrı-ayrı yerlərdə kiçik toqquşmaların baş verməsinə baxmayaraq, hakimiyyətin buna getməməli olduğunu bildirib.

“Modus Vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan: “Əgər Sarkisyanda bir balaca da olsa patriotluq hissi qalıbsa, anlamalıdır ki, düşdüyü bu cür vəziyyəti ilə o Ermənistana daha ağır zərbələr vuracaq”

“Modus Vibendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan isə bildirib ki, o hazırda Ermənistanda baş verən hadisləri alqışlayır. Belə ki, daha öncəki illərdə baş verənlər hədər yerə olmayıb. O, xüsusilə gənclərin etiraz dalğasında məxsusi rol aldıqlarına görə sevindiyini bildirib və qeyd edib ki, yeni nəsil artıq öz sözünü deyir.

Papyan ABŞ Dövlət Departamentinin Yerevanda baş verən hadisələrlə bağlı bəyanatına da toxunaraq bildirib ki, orada səslənən fikirlər diplomatik fikirlərlə bildirilib. “Əgər biz o fikirləri öz fikirlərimizlə əvəzləsək, deyə bilərik ki, ABŞ baş verənləri alqışlayır”-deyə qeyd edən erməni politoloqu bildirib ki, orada qeyd edilən əsas tövsiyələrdən biri də Serj Sarkisyanın xalqa qarşı zor gücü tətbiq etməməsi ilə bağlıdır: “Bundan sonra kimsə, yəni hakimiyyət qətiyyən güc tətbiqinə yol verməsin. Hesab edirəm ki, Serj Sarkisyan bunu dərk etməlidir. Hansı ki, onda bu güc var – hər halda istənilən silahlı polis silahsız xalqa qarşı güclüdür. Ancaq bu baş verərsə, Serj Sarkisyan birmənalı olaraq izolə olunacaq və nəinki ABŞ tərəfindən, eləcə də Qərb və Rusiya tərəfindən. Ona görə də düşünmürəm ki, Serj Sarkisyan siyasi meyit olmaq fikrindədir, xüsusilə hazırkı məqamda. Əgər onda bir balaca da olsa patriotluq hissi qalıbsa, anlamalıdır ki, düşdüyü bu cür vəziyyəti ilə o Ermənistana daha ağır zərbələr vuracaq”.

“Hakim elitada olan bir sıra insanlar Yerevanın Maştots-Tumanyan küçələrinin kəsişməsində qarşıdurmalar yaradaraq, məsələnin güc yolu ilə həllinə nail olmağa, bununla təxribat törətməyə çalışırlar”

Ara Papyan Ermənistan parlamentində 77-i lehinə, 18-i əleyhinə səslərlə Serj Sarkisyanın baş nazir seçilməsi baxımından, xalqın etiraza qalmasının, eləcə də məxməri inqilab etməsinin hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyi ehtimalına da toxunaraq bildirib ki, Serj Sarkisyan bütün hallarda getməlidir: “O, Ermənistanın iqtisadi inkişafının və təhlükəsizliyinin qarşısını alan, əksinə təhlükə yaradan əsas maneədir”.

Erməni politoloqu müxalifətçilərin məsələnin sülh yolu ilə həll olunması tərəfdarı olduğunu bildirib və növbəti dəfə hakimiyyəti ittiham edərək bildirib ki, hakim elitada olan bir sıra insanlar Yerevanın Maştots-Tumanyan küçələrinin kəsişməsində qarşıdurmalar yaradaraq, məsələnin güc yolu ilə həllinə nail olmağa, bununla təxribat törətməyə çalışırlar”.

Qeyd edək ki, paytaxt Yerevan da daxil olmaqla, Ermənistanın digər regionlarını da bürüyən etiraz dalğaları nəticəsində yüzlərlə insan saxlanılıb və hüquq-müdafiə təşkilatları saxlanılanların hüquqlarının kobudcasına pozulduğunu, xüsusilə, jurnalistlərin fəaliyyətinə ciddi müdaxilələrin olduğunu bəyan edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə