Bu körpünün tikinti xərclərini Azərbaycan ödəyəcək

Azərbaycan–Rusiya dövlət sərhədi ərazisindəki Samur çayı üzərindəki avtomobil körpüsünün tikintisinin bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək. SİA-nın məlumatına görə, bu barədə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası), "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.

Layihə haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, avtomobil körpüsünün tikintisi üzrə bütün xərcləri, sonradan xərclərin 50 faizi Rusiya tərəfindən qaytarılmaqla Azərbaycan tərəfi ödəyir. Avtomobil körpüsünün tikintisini Azərbaycan tərəfi, tikintiyə nəzarəti Rusiya tərəfi həyata keçirir. Avtomobil körpüsünün giriş yollarının tikintisi hər bir tərəf öz dövlətinin ərazisində müstəqil olaraq həyata keçirir. Tikinti işləri üzrə xərclər Azərbaycan manatı ilə, tikintiyə nəzarətin aparılması işləri üzrə isə xərclər Rusiya rublu ilə ödənilir.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə