“Avronest” PA-nın Bakıda keçirilən iclasında GƏRGİNLİK

Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfrans davam edir. SİA-nın xəbərinə görə, konfransda Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan istər konfransda, istərsə də digər təbliğat vasitələrində iki xalq arasında qarşılıqlı nifrət xarakterli çağırışların əleyhinə olduğunu söyləyib və bunun qarşısının alınmasına çağırıb: “Azərbaycana səfərimizlə bağlı yaradılan yüksək səviyyəli şərait və təhlükəsizlik tədbirləri bizi məmnun edib. Lakin burada humanist mühitdən istifadə edib, münaqişə mövzusunu müzakirəyə çıxarmayaq, qarşılıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Onsuz da Azərbaycanda erməni xalqına qarşı nifrət aşılanır. Xahiş edirəm, belə etməyin. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır ki, belə bir mühüm mövzuya həsr olunmuş konfransı yeni antierməni təbliğatına çevirməyək”.

Buna cavab olaraq çıxış edən Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, səslənən fikirlər yanlışdır: "Azərbaycan dərsliklərində heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır. Heç bir nifrət çağırışı yoxdur. Amma unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altda saxlayır. Bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Maddi-mədəni abidələr, təhsil ocaqları dağıdılıb. Bəs cavab verilməlidir, ya yox?... Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından, insanların öz ölkəsində köçkün olmasından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə