Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə rəhbərlərinin görüşü həmişə böyük maraq doğurur” AÇIQLAMA

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya həftə sonu gerçəkləçdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı surətdə qardaş ölkəyə səfəri həmişə böyük maraq doğurur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, hər iki dost, qardaş ölkə arasında hər hansı bir problem yoxdur: “Görüşlər ancaq dostluğu daha da möhkəmləndirmək və qarşılıqlı əməkdaşlıq imkanlarının yeni metodlarını nəzərdən keçirməkdən ibarətdir. Həmçinin vaxtaşırı məsləhətləşmələr keçirilməsi, beynəlxalq aləmdə birgə addım atmaq variantlarını müəyyənləşdirmək üçün də istifadə edilməsidir. Həftə sonu Türkiyə prezidenti, Azərbaycan xalqının böyük dostu Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri əlaqələrimizin möhkəmlənməsinə, münasibətlərimizin daha yüksək strateji səviyyəyə qalxmasına, beynəlxalq aləmdə birgə addımlamaq imkanlarının nəzərdə keçirilməsinə sərf ediləcək. İnanırıq ki, bu səfər bütün sahələrdə əməkdaşlığın genişlənməsinə, həmçinin Azərbaycan-Türkiyə dostluğunun əbədi və sarsılmaz olduğunu dünyaya sübut etmək üçün çox yaxşı bir şans olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə