Ölmüş balinanın qarnından 40 kiloqram plastik tullantı tapılıb

Filippinin Davao şəhərində yerləşən “D’Bone Collector Museum” şəxsi muzeyinin əməkdaşları martın 16-da şəhərdən şərqə tərəf ölmüş balina tapıblar. Bu barədə BBC telekanalı xəbər verir.

Balinanın qarnında 16 ədəd düyü və 4 ədəd banan plantasiyaları üçün nəzərdə tutulan kisə, habelə böyük miqdarda plastik paket aşkarlanıb. Muzey tapılan əşyaların tam siyahısını daha sonra açıqlayacağını bildirib. “Mən bu miqdarda plastiki görəcəyimə hazır deyildim. Plastik o qədər çox idi ki, artıq kalsiləşmə başlamışdı”, - deyə muzeyin yaradıcısı Derrell Bletçli vurğulayıb.

Bəşəriyyət ildə 400 milyon ton plastik istehsal edir, bunun 20 faizindən çox olmayan hissəsi təkrar emala gedir. Plastikin əsas hissəsi digər tullantılarla birgə utilizasiya edilir. İldə təxminən 12 milyon tonadək plastik Dünya okeanının payına düşərək, buradakı canlılar üçün təhlükə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə