5 yaşlı qız it dişləməsindən öldü

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı bu gün dünyasını dəyişib. Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, it uşağın başından dişləyib.

Şöbə müdiri: "Ailəsi qızı Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına gətirib. Gətirilən kimi müəyyən olunmuş dozada uşağa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırlaşıb”.

N.Baxşəliyev: "Uşaq quduzluğun fobiyası dövründə idi. Bu məsələ Tibbi Şurada müzakirə olunmuşdu. Vaksinin seriyasına baxmışdım. Vaxtında vaksin vurulsa da heç bir köməyi olmayıb. Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər. Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürəti ilə yayılır. Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin vaxtında vurulub”.

Bütün xəbərlər Facebook səhifəmizdə