“Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə kafedranın baş müəllimi Hüseyn Əsgərovun müəllifi olduğu “Erməni dilinin qrammatikası” adlı dərsliyin təqdimat mərasimi keçirilib.

ADU-dan SİA-ya verilən məlumata görə, Universitetin rektoru akademik Kamal Abdulla kitabın ərsəyə gəlməsi münasibətilə müəllifi və əməyi keçən hər kəsi təbrik edib. Universitetdə Qafqazşünaslıq kafedrasının fəaliyyət göstərməsinin son dərəcə əlamətdar hadisə olduğunu deyən rektor kafedranın yalnız erməni dili deyil, həmçinin gürcü dili üzrə araşdırmalarını yüksək qiymətləndirib. O, dilin gücünün başqa dilə söz verməklə deyil, başqa dildən söz götürməsi ilə qiymətləndirildiyini söyləyib: “Dil əslində cəmiyyətin müxtəlif təbəqələrini bir yerə yığa biləcək körpüdür. Bu körpüdən keçərək siyasi, ictimai, insani, iqtisadi münasibətlərə yol açılır. Bu baxımdan dilin öyrənilməsi son dərəcə vacibdir”. Dərslik haqqında fikirlərini söyləyən rektor bildirib ki, kitab müstəqil şəkildə erməni dilini öyrənmək istəyən şəxslər üçün də böyük rol oynayacaq: “Dilini öyrəndiyimiz ölkənin böyük şair, yazıçılarını tanımalıyıq, ədəbiyyatını, psixologiyasını bilməliyik”.

Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq ETL-nin aparıcı elmi işçisi akademik Möhsün Nağısoylu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətşünaslıq şöbəsinin müdiri professor İsmayıl Məmmədli dərslik haqqında fikirlərini bölüşüblər.

Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərov müəllifi olduğu dərslik haqqında məlumat verib. Kitabın çap olunmasının universitet hesabına həyata keçirilməsi təşəbbüsünü irəli sürdüyü üçün rektor K.Abdullaya minnətdarlığını bildirib.

Təqdimat müzakirələrlə davam edib.

Qeyd edək ki, Azərbaycan Dillər Uiversiteti (ADU) Elmi Şurasının 30 iyun 2017-ci il tarixli iclasının qərarı ilə “Erməni dilinin qrammatikası” adlı dərslik çapdan çıxıb.

Kitab erməni dilinin qrammatik quruluşu, fonetikası, morfologiyası və sintaksis bəhsini əhatə edir. Dərslik dili öyrənənlər üçün nəzərdə tutulub.

Kitabın müəllifi ADU-nun Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov, redaktoru Kayseri Erciyes Universitetinin Ədəbiyyat fakültəsi Erməni dili və ədəbiyyatı kafedrasının müəllimi professor Qafar Çaxmaqlı, rəyçilər isə ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, ADU-nun İngilis dili fonetikası kafedrasının müəllimi dosent Əmir Cəfərov, ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasının professoru Məhərrəm Hüseynov və AMEA-nın professoru İsmayıl Məmmədovdur.

Dərsliyin ön sözünün müəllifi isə Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...