Təhsil naziri şikayətləri dinləyəcək

Təhsil naziri Ceyhun Bayramov 19 oktyabr 2018-ci il tarixində saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 8-12 oktyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə