UFAZ-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov, baş katib Şarlotta Payen, ADNSU və UFAZ nümayəndələri iştirak edib. Əvvəlcə UFAZ-ın binasını gəzən səfir Nikolaos Kanellos universitetdəki tədris prosesi, dərs otaqları, laboratoriyalarla tanış olub.

Ziyarətə görə cənab səfirə öz minnətdarlığını bildirən rektor Mustafa Babanlı UFAZ layihəsi haqqında ətraflı məlumat verib. UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradıldığını qeyd edən rektor Mustafa Babanlı 2016-cı ilin sentyabr ayından etibarən universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulunun həyata keçirildiyini vurğulayıb. UFAZ-da kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri üzrə Fransa təhsil standartları səviyyəsində təhsil verildiyini deyən rektor M.Babanlı tələbələrin xaricə getmədən ADNSU ilə bərabər Strasburq Universitetinin də diplomunu ala biləcəklərini qonağın diqqətinə çatdırıb.

Azərbaycan-Fransız Universitetinə gəlişindən məmnun olduğunu deyən Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos UFAZ-ın həqiqətən də möhtəşəm layihə olduğunu və böyük pespektivlər vəd etdiyini qeyd edib. Burada tədris üçün gözlədiyindən də yaxşı şəraitin yaradıldığını deyən cənab səfir ADNSU və UFAZ ilə müxtəlif sahələrdə ediləcək birgə əməkdaşlıqdan çox şad olacağını diqqətə çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə