Qazma kənd tam orta məktəbinin uğurları...

Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün Respublikamızın ən ucqar rayonlarında belə müasir tələblərə cavab verən məktəb binaları inşa olunur. Şagirdlərin keyfiyyətli tədris almaları üçün, məktəblərimiz müasir avadanlıqlarla tam təmin olunub.

Azərbaycanın sərhəd rayonlarından olan Balakən rayonunun təhsil müəssisələri də müasir standartlara cavab verəcək səviyyədədir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, ötən tədris ili Balakən rayon təhsili üçün çox uğurlu il olub. Balakən rayon icra hakimiyyəti və Balakən RİH-nin başçısı İslam Rzayev rayon təhsilini həmişə diqqət mərkəzində saxlayır və xüsusi qayğı göstərir.

Ötən tədris ili Balakən rayonunun məzunlarından ali məktəblərə qəbul üçün 301 nəfər sənəd verib, 224 nəfəri tələbə adını qazanmaqla müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunub. Onlardan 13 nəfəri 600-dən, 28 nəfəri isə 500-dən yuxarı bal toplayıb. İki nəfər "Qızlı medal"çı da vardır.

Qeyd edək ki, Balakən rayonundakı ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015-ci illərdə, yeni inşa edilib və yaxud əsaslı təmir olunublar. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunub.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə deyib ki, 2017-18 illərdə qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunmalıdır. Prezidentin bu tapşırığına uyğun olaraq rayonun Sarıbulaq kəndində 40, Salban kəndində 20 şagird yerlik modul tipli məktəb quraşdırılıb. Cari tədris ilinin ilk günündə həmin məktəblərin açılışı olub. Hər iki məktəbin açılışında rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iştirak edərək böyük nitq söyləyib, Azərbaycanda təhsilə dövlət qayğısından danışıb. Rayon rəhbəri öz çıxışında, Təhsil Nazirliyinin sifarişi əsasında inşa olunan bu tipli məktəblərin, ölkəmizdə təhsilə göstərilən Dövlət qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.

Balakən RİH başçısı İ.Rzayev 2017-18 tədris ilinin təhsildə keyfiyyət ili elan olunmasına da toxunaraq, cari tədris ilində, tədrislə məşğul olan hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Balakən təhsilinə Dövlət qayğısı rayonun hər bir təhsil müəssisəsində hiss olunur. Belə təhsil müəssisələrindən biri də, Balakən rayon, Qazma kənd 1 saylı tam orta məktəbidir. Məktəbin direktoru Aşənnə Mehdiyeva ilə görüşüb, tədrisin keyfiyyəti ilə maraqlandıq. Aşənnə müəllimə, istər şagirdlərin davamiyyəti, istər də tədrisin keyfiyyətindən söhbət düşərkən, tam səmimi, fikrini izah etdi:” Bildiyiniz kimi bu tədris ili təhsildə keyfiyyət ilidir. Bu o deməkdir ki, biz təhsil işçiləri əvvəlki illərdən, daha da, məsuliyyətli olmalıyıq. Baxmayaraq ki, ucqar, sərhədyani rayonun, kənd məktəbindəsiniz. İstənilən sinifə gedərək, davamiyyəti də, tədrisin keyfiyyətini də, yoxlaya bilərik. Siz gəlməzdən bir saat əvvəl mən açıq dərsdə idim. Rəhbərlik etdiyim pedoqoji kollektiv tam gücü ilə çalışır ki, məzunlarımzın hər biri tələbə adını qazana bilsin. Əsas məqsədimiz repetitorsuz nailiyyətlər əldə etməkdir. Çünki kənd yerində insanların maddi imkanları zəif olduğu üçün, hətta ödənişli Ali təhsil müəssisələrinə qəbul zamanı övladlarını oxutmurlar. Odur ki, biz çalışırıq şagirdlərimiz əsasən ödənişsiz təhsil müəssisələrinə qəbul olsunlar. Onun üçün isə yaxşı oxumaq lazımdır. Şagirdlərimizlə istər peşə, istər də digər təhsil barəsində mütəmadi, maarifləndirici iş aparılır. 2014-15 tədris ilində on şagirdimiz ən aparıcı Ali təhsil müəssisələrinə qəbul olublar.

Onlardan Şabanova Əsmər 589 balla BDU, Həsənova Arzu 589 balla BDU, və Mamedov Ramazan isə 527 bal toplayaraq ADNA-a qəbul olunublar. Müqayisə üçün 2015-16 tədris ilinə nəzər salanda görürük ki, artıq 600 -dənyuxarı bal toplayanlarımız da var. Hacıxanova Eminət 628 balla ATU-ya, Əliyeva Aliyə 578 balla Qafqaz Universitetinə, Taralov Rüstəm 539 balla ADNA-ya qəbul olunaraq məktəbimizin qəbul səviyyəsini biraz da yüksəltmişdilər. Gördüyünüz kimi qəbul sayı və balların fərqinə görə keyfiyyətli tədris özünü biruzə verir. Belə ki, 2016-17-ci ildə artıq 13 məzunumuz tələbə adını qazana bilmişdi. Onlardan Bahalov Elman 602 balla ADNSU, Muradov Saleh 568 balla Naxçıvan Dövlət universitetinə qəbul olunublar. Əlbəttə ki, istər Respublikamızda, istər də, rayonumuzda təhsilə olan yüksək diqqət və qayğının qarşılığında nəticələrimiz yaxşı olmalıdır. Hesab edirəm ki, hər il qəbulun, olimpiadalarda iştirak və qalib olan şagirdlərimizin sayını artırmalıyıq".

Əlmaniz Ələkbərli, SİA-nın Şimal-Qərb bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə