Kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib. DİM-dən SİA-ya verilən xəbərə görə, “Abituriyent” jurnalının 10-cu nömrəsində 2017/2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları iyulun 5-də keçirilən qəbul) imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. Buraxılış (qəbul) imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunub. Müsabiqəyə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyib) az olmayan abituriyentlər buraxılıblar.Toplanıla biləcək maksimal bal 90 olub.

Müsabiqənin nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid balı 2 nömrəli Bakı Baza Tibb Kollecinin müalicə işi ixtisası (Azərbaycan bölməsi, DS) üzrə 76 bal, ən aşağı keçid balı isə Bakı Biznes və Kooperasiya Kollecinin turizm və onun təşkili ixtisası üzrə 41 bal (rus bölməsi, qiyabi ödənişli) olub

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə