"Əldə edilmiş uğurlar insan inkişafına yönəldilir" AÇIQLAMA-ÖZƏL

“Son 1 il müddətində Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar bundan sonra da davam edəcək. Artıq vətəndaşlarımız, sahibkarlarımız da qısa müddət ərzində bu islahatların bəhrəsinin müəyyən hissəsini görür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.

O bildirib ki, iqtisadi islahatların nəticələrini tez bir zamanda görmək mümkün deyil: "Ölkəmizdə həyata keçirilən vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Bu islahatların nəticəsi müəyyən müddət tələb etdiyindən, hesab edirəm ki, onların nəticələrini bu ilin sonuna və ya növbəti ilin yarısına qədər hiss olunacaq qədər görmək mümkün olacaq. Bu təkcə büdcə tərəfdən deyil, eləcə də sahibkarlar, vətəndaşlarımız, cəmiyyət tərəfindən açıq şəkildə görünəcək”.

2018-ci ildə mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, yaşıl dəhlizin qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldığını xatırladan deputat söyləyib ki, bunun nəticəsində sahibkarlar daha fəal olmalı, onların ÜDM-də payı artmalıdır.

R.Quliyev söyləyib ki, son 1 ildə iqtisadi sahədə əldə olunan uğurların əsası 15 il bundan öncə qoyulub və yeni inkişaf mərhələsi sayəsində daha da genişləndirilib: “Azərbaycanın sosial iqtisadi modeli dəfələrlə müxtəlif imtahanlardan uğurla çıxıb. Bu imtahanlardan da biri 2015-2016-cı ildə dünyada neft və qazın qiymətinin sürətlə ucuzlaşması oldu. Bu imtahan təkcə Azərbaycan deyil, neft-qaz ixracı ilə məşğul olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi ki, bunun nəticəsində digər ölkələrdə müəyyən kataklizmlərin, böhranların da şahidi olduq. Amma Azərbaycanın iqtisadi modeli bu imtahandan çox qısa müddətdə uğurla çıxa bildi. Belə ki, 1 il müddətində iqtisadiyyatımızı bərpa edərək 2017-2018-ci illərdə iqtisadi artım əldə edə bildik. Bu da Azərbaycan iqtisadiyyatının planlı şəkildə inkişaf etdiyinin göstəricisidir ”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev çox məharətlə dövlət, biznes və əhali maraqlarını balanslaşdırır: “Çünki həyata keçirilən islahatların, aparılan siyasətin fövqündə insan amili dayanır və əldə edilmiş uğurlar insan inkişafına yönəldilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...