Bu gün İkinci Bakı Şopinq Festivalı uğurla başa çatır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il şopinq festivalların keçirilməsi nəzərdə tutulmuşdur. İkinci Bakı Şopinq Festivalı bu il oktyabrın 15-dən noyabrın 15-dək keçirilib.

SİA-nın məlumatına görə, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə ediblər.

Bununla yanaşı, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri alıblar.

Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, restoranlar və digər obyektlər festivalda iştirak edib.

15 oktyabr tarixində başlayan Festival bugün uğurla başa çatır. Qeyd edək ki, festivalın nəticələri ilə bağlı ətraflı məlumatları müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə