Beyrut fəlakət bölgəsi elan edilib və şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub

Beyrut limanında baş vermiş güclü partlayışdan sonra Livan paytaxtı fəlakət bölgəsi elan edilib və iki həftə ərzində şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Livan prezidenti Mişel Aunun sədrliyi ilə keçirilən Ali Müdafiə Şurasının təcili iclasından sonra qərar verilib.

“Müdafiə Şurası Beyrutun fəlakət bölgəsi elan olunması və avqustun 4-dən 18-dək şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini qərara alıb”, - dövlət başçısının mətbuat xidmətinin yaydığı sənəddə belə deyilir.

Şura, həmçinin hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb, bununla bağlı hesabatın yaxın beş gün ərzində hazırlanması tapşırılıb. İclasda çıxış edən Baş nazir Həsən Diab insidentə görə günahı olanların hamısının məsuliyyətə cəlb olunacağını və cəzalandırılacağını deyib: “Altı il ərzində limanda 2750 ton ammonium nitratın saxlanılması tamamilə yolverilməzdir və liman rəhbərliyi tərəfindən heç bir profilaktik tədbir görülməyib”.

Diabın sözlərinə görə, hökumət hazırda bütün səylərini insanların xilas edilməsinə və limanda dağıntılar altında qalaraq həlak olanların axtarışına yönəldir.

Bütün xəbərlər Facebook səhifəmizdə