Alyans “Kremlin qırmızı xətlərini” qətiyyətlə aşmaqdadır..?

...Bu günlərdə NATO-nun baş katibi Yens Stoltenberq üç Qafqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər etdi.

Qeyd edək ki, bəzi nəşrlər burada əsas səbəb kimi, regiondakı ölkələrin geosiyasi maraqlarının kəskin şəkildə dəyişməsini göstərirlər.

...Deyək ki, əgər Azərbaycan iki il əvvəl Ermənistanla münaqişədə NATO ölkəsi olan Türkiyənin dəstəyini təmin etmişdisə, Ermənistan Rusiyadan vədlərdən başqa heç bir yardım almadığı üçün son 6 ayda Rusiyadan kəskin şəkildə üz döndərib. Nikol Paşinyan Rusiya hərbi bazası hələ də Ermənistan ərazisində qalmasına baxmayaraq, KTMT-də iştirakını dayandırıb.

Təbii ki, SİA bu barədə müxtəlf saytların yazdıqlarına istinad edir.

Qeyd edilməlidir ki, Azərbaycan, Ermənistan və Gürcüstanın NATO ilə bağlı konkret addımları hələ çox uzaqda olsa da, artıq Kremldə spazmlar müşahidə olunur.

Bu da bizim yox, həmən saytların fikridir. Onlar fikrincə, ruslar artıq başa düşürlər ki, NATO Bakı ilə sıx təmasda olan Türkiyə vasitəsilə hərəkətə keçəcək və Qafqaz ölkələri Rusiyadan siyasi və iqtisadi asılılıqdan tamamilə xilas olmaq üçün demokratik inkişaf yolu seçəcək.

Məhz bu baxımdan Moskva NATO-nun Qafqaza yayılmasının qarşısını almaq üçün qızğın planlar hazırlayır. Bəs təkcə nüvə bombasına arxalanan siyasi müflis indiki çox çətin vəziyyətdə nə edə bilər?

Yenə də təbii ki, Kremlin NATO-nun Qafqazda olması ilə bağlı narahatlığı əsassız deyil. Əgər yaxın gələcəkdə Qafqaz ölkələri Alyansa üzv ola bilsələr, onda, şübhəsiz ki, Rusiya Qara dəniz hövzəsində təhlükəsizlik problemi ilə üzləşəcək.

Eyni zamanda, Rusiya Krımda qalsa belə, müəyyən şərtlər altında “Qara dəniz” hazırda Baltik dənizi kimi NATO ölkələrinin “daxili” dənizinə çevrilə bilər. Rus gəmiləri, təbii ki, Rusiya sahillərində üzmək və hətta pomidor daşımaq imkanına malik olacaqlar, lakin onlar heç yerdə siçan tələsindən xilas ola bilməyəcəklər.

Bu isə Putinin Ukraynada müharibəyə başlamaqla əldə etdiyi növbəti nəticə olacaq. İlk nəticə artıq var: Belə ki, alyans artıq qətiyyətlə “Kremlinin qırmızı xətlərini” aşaraq Finlandiya və İsveçə ağrısız daxil oldu. Nəticədə NATO Rusiyaya yaxınlaşdı və Rusiya Federasiyası ilə ümumi sərhədin uzunluğunu 1300 km artırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə