“PKK marksist-leninçi ideyalara əsaslanır“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“PKK son 100 ildə Yaxın Şərqdə bir-birini əvəzləyən kürd təşkilatlarının sırasında nisbətən yenisi hesab olunur. PKK solçu təşkilatdır, bu təşkilatın adı Kürdüstan Fəhlə Partiyası kimi qeyd olunur. 1974-cü ildə Abdullah Öcalan tərəfindən qurulan PKK marksist-leninçi ideyalara əsaslanır. Təşkilatın elan etdiyi hədəfi Türkiyənin cənub-şərqi, İraqın şimalı, Suriyanın şimal-şərqi və İranın şimal-qərbində kürdlərin yaşadığı ərazilərdə dövlət qurmaqdır. Ancaq bu hədəfi elan edən PKK mübarizə metodu olaraq terroru, dinc vətəndaşları, o cümlədən əsasən də Türkiyədə dövlət məmurları, polis, ordu nümayəndələri, eləcə də yerlərdə kənd qoruqçuları, hökumətlə əməkdaşlıq edən kürdlərə qarşı terror hücumlarını seçdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, PKK-nın yaranması “soyuq müharibə” dönəmində SSRİ-ABŞ qarşıdurmasından qaynaqlanır: “Daha dəqiqi NATO-nun cənub gücü olan Türkiyədə kürdlərin solçu terror təşkilatının yaranması SSRİ-nin planı idi. Bu mənada PKK liderlərinin SSRİ və KQB ilə əlaqələrinə dair çoxlu sayda iddialar ortadadır. Öcalanın o dövrdə Türkiyədəki çevrilişdən az əvvəl ölkədən çıxarılması və Livana, daha sonra SSRİ-nin Yaxın Şərqdəki əsas müttəfiqi olan Suriyaya yerləşməsi bu ehtimalı böyük ölçüdə doğrulayır. PKK-nın zəifləməsi, daha sonra liderinin ələ keçməsi isə məhz SSRİ-nin ləğvi, Rusiyanın isə başının daxili münaqişələrə qarışdığı dönəmə təsadüf edir.
Ancaq PKK-nın yalnız Rusiya deyil, eyni zamanda müəyyən dövrdə ABŞ, Almaniya, Fransa, İran, Yunanıstan və digərləri ilə bağlarının olması ilə bağlı faktlar da var. Bu ölkələr mütəmadi olaraq öz maraqları üçün bu təşkilatdan faydalanmağa çalışıblar. Bu mənada hazırda PKK-nın ən önəmli kadrları məhz Avropa ölkələrində yaşayır. Böyük güclər PKK-nı dəstəkləməklə Türkiyənu strateji, iqtisadi və hərbi baxımdan gücsüzləşdirmək, Türk vətəndaşlarını teror qorxusunda saxlamaq, azsaylı xalqlara qarşı guya dövlət səviyyəsində mənfi münasibətin olmasını beynəlxalq aləmdə qaldırmaqla ölkənin etibarını zədələmək və bütün bunlarla Türkiyəyə təzyiq etmək imkanları əldə etməyə çalışırlar.

Hal-hazırda PKK-ya dəstək verən ölkələrin sayı çox olsa da, onlar içərisində müasir Ermənistanı və erməni terorizmi, diasporu və lobbisini xüsusi qeyd etmək lazımdır. Erməni terror təşkilatları, xarici dünyanın reaksiyaları üzərinə 1980-cı illərdə taktika dəyişdirərək, PKK terror təşkilatı ilə əməkdaşlığa başlayıblar. Ermənilər ilə PKK arasındakı əlaqələri ortaya qoyan çoxlu sayda faktlar mövcuddur. Məsələn, PKK, 21-28 Aprel 1980-cı il tarixini "Qırmızı Həftə" olaraq elan etmişdi və 24 Aprel tarixini sözdə ermənilərin “soyqırım günü” kimi xatırlayaraq bununla bağlı müxtəlif tədbirlər, yığıncaqlar keçirməyə başlamışdı. Digər bir nümunə 8 Aprel 1980-cı il tarixində Livanın Sidon şəhərində PKK və ASALA terror təşkilatları ortaq mətbuat konfransı keçirərək birgə fəaliyyət haqqında bəyannamə qəbul etdiklərini elan etmişdilər. 1987-ci ildə terror təşkilatı PKK ilə ermənilər arasında bir müqavilə bağlanıb. Həmin müaviləyə görə ermənilər PKK terror təşkilatı daxilində hazırlıq keçməli və bunun müqabilində ermənilər PKK-ya hər il üçün adam başına 5.000 ABŞ Dolları ödəməli idilər. Həmin razılaşmada ermənilərin PKK-nın həyata keçirdiyi teror aksiyalarında iştirak etməsi də razılşaıdrımışdı. Həmin sənəd əsasında daha sonralar, 1992-ci ildə PKK terrorçuları Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmağa qərar vermişdilər. Məqsədini reallaşdırmaş üçün PKK-nın 400-ə yaxın terrorçusu Türkiyə-Ermənistan sərhədinin yaxınlığındakı bölgədəki dağlıq ərazidə yerləşmişdi.

Göründüyü kimi PKK terror təşkilatından istifadə etmək istəyən dövlətlərin sayı kifayət qədərdir və onların da hər birinin öz məqsədləri var. Lakin kimin hansı məqsəd güdməsindən asılı olmayaraq Türkiyə indiyə qədər PKK-ya və onun qollarına qarşı apardığı mübarizədə qətiyyətli olub və bu qətiyyəti bundan sonra da davam etdirəcəyinə şübhə yoxdur. Türkü terrorla çəkindirmək və nəyəsə məcbur etmək mümkün deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə