Maddi mədəniyyət abidələrimizin qorunmasının vacibliyindən danışarkən xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir. “...Biz nadir mədəni irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Ulu Öndərin məsləhətlərindən irəli gələn tarixi-mədəni irsimizin qorunaraq saxlanılması istiqamətində həyata keçirilən layihələr maddi və mədəni irsimizi təbliğ edərək gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir.
“Aranın incisi”hesab edilən İmişli rayonu ərazisində Kür-Araz mədəniyyətinə və Mil-Muğan mədəni irsinə aid edilən “Qızıltəpə” (antik dövr) , “Muxortəpə”( antik orta əsrlər dövrü), “Qaratəpə”(antik dövr), “Yeddi Kurqan”( dəmir dövr) , “Qalaça yeri” (IX-XII əsr) və s. tarixi arxeoloji abidələr mövcuddur. Üç min ildən çox yaşı olan bu antik dövr abidələri xalqımızın tarixində iz buraxmış ən qədim və orta əsr dövrlərinin maddi mədəniyyət inciləridir.
Arxeoloji qazıntılar zamanı burdan tapılan qədim əşyalar, sikkələrŞirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olduğunu sübut edir. Bu təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu təpələr üzərində inşa edilən gözətçi məntəqələri düşmən hücumlarının qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Dediklərimizin sübutu kimi İkinci Qarabağ müharibəsində “Lələtəpə” yüksəkliyinin oynadığı əhəmiyyətli rolu xatırlamamaq olmur.
Zəfər dolu illər yaşadığımız indiki zamanda tarixi abidələrimizin, xüsusi ilə çox az tədqiq edilən antik dövr abidələrimizintanınması üçün aparacağımız təbliğat işi yüksək mədəni irsəmalik olan ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət etmiş olar. Çünki bu antik abidələr bu ərazidə yaşayan xalqımızın tarixinin çox qədim olduğunu sübut edən faktlardandır. Bizim bu yerlərə “gəlmə xalq” olduğumuzu söyləyən bədxahlarımızın fikirlərinin əksini sübut betmək üçün bölgədə yerləşən mədəni irsimiz bizə tutarlı faktlar verir. Unutmayaq ki, hər bir xalqın mədəni irsi o xalqın qədimliyini sübut edir.
“Qayıdış” ictimai birliyi olaraq bəhs edilən arxeoloji abidələrin yerləşdiyi İmişli rayonunun təhsil və mədəniyyət idarə rəhbərlərini Mil-Muğan mədəni irsinə aid olan abidələrimizin bütün vasitələrlə təbliğ edilməsi işində qüvvələrimizi birləşdirməyə çağırıram. Mədəni irsimizə cəmiyyət üzvü və vətəndaş olaraq məsuliyyət hissi ilə yanaşmalı, öyrənərək öyrətməli, təbliğ etmək üçün bütün vasitələrdən istifadə etməliyik. Bəhs etdiyimiz mövzu məktəblərdə, mədəniyyət ocaqlarında daima diqqət mərkəzində saxlanılmalı, foto stendlər, foto albomlar, sərgilər təşkil edilməli və bu abidələrdən bəhs edən sənədli filmlər çəkilməli, broşürlər çap edilərək yayılmalıdır. Zəfər yolunun və İpək yolunun üzərində yerləşən “Qızıltəpə” və Muxortəpə” antik abidələri Şərqi Zəngəzur və Qarabağ bölgələrimizə gedən xarici turistlər üçün maraqlı dayanacaq ola biləcəyini nəzərdən qaçırmamalıyıq.
Ulu Öndərimizin sözlərinə əməl etməli, tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıyıq. Unutmayaq ki, keçmişini bilməyən xalqın gələcəyi yoxdur.
Hasil Tağıyev
“Qayıdış” ictimai birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə