Masallıda açıq minifutbol turnirinə yekun vurulub - FOTOLAR

Masallı şəhərindəki “Viləş” minifutbol stadionunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq rayon turnirinə yekun vurulub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən turnirə Masallı rayonu (5 komanda) ilə yanaşı, Bakı şəhərinin (3 komanda) və Cəlilabad rayonunun (4 komanda) 10-13 yaşlı idmançıları da qatılıblar.

Yarışdan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Üç yaş qrupu üzrə keçirilən açıq turnirin yekun nəticələrinə əsasən, 10 və 12 yaşlılar arasında “UGİŞM” (Masallı) komandası, 13 yaşlılar arasında isə Bakının “Azəri” futbol klubu birinci yerə layiq görülüb.
On yaşlılardan ibarət “Azad FK” (Masallı) ikinci, “UGİŞM” (Cəlilabad) üçüncü yerlərə sahib olublar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, Cəlilabad UGİŞM-nin direktoru Abbas Zülfüqarov, Masallı UGİŞM-nin futbol bölməsinin baş məşqçisi Rövşən Süleymanov, Vətən müharibəsi iştirakçıları Ceyhun Qurbanov, Həmid Mənsimov, Daməd İbrahimli və başqaları qalibləri təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Turnirdə şəhid Əzizov Elvinin oğlu Ayhan Əzizovun komandası birinci yeri tutduğu üçün ona xüsusi olaraq diplom, medal və gödəkcə hədiyyə edilib.

Yarışda iştirak etmiş uşaqlar futbol topunun üzərinə öz imzalarını ataraq Vətən müharibəsi qazilərinə hədiyyə ediblər.

Turnirin “Ən yaxşı oyunçu”su adına “AZAD” FK futbolçusu Əkrəm Rəhimov, “Ən çox qol vuran futbolçu”su adına “UGİMŞ” KF-in üzvü Eltun Məmmədov , “Ən yaxşı qapıçı”sı adına isə “UGİMŞ” KF-nın futbolçusu Qurban Əliyev layiq görülüblər.

Qalib komandaların üzvlərinə kubok, diplom və medallar, məşqçilərə təşəkkürnamə, qazilərə isə diplom və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...