Niyə kitab oxumaq lazımdır? - ARAŞDIRMA

İlk növbədə təbii ki, bilik əldə etmək, fikir tapmaq üçün kitab oxunur, amma onu da qeyd etmək lazımdır ki, kitab dünyagörüşü, dəyərləri, inancları, şəxsi fəlsəfəni formalaşdırır və bütün bunlar, şübhəsiz ki, ümumilikdə həyat səviyyəsinə təsir göstərir.

Əlavə olaraq insanların böyük təcrübəsi və biliyi, çoxlu ideyalar, texnikalar, strategiyalar tapmaq olur.
Düzgün kitabları seçib oxumaqla insanda tədricən dünyagörüş formalaşır, dünyaya baxışı, əqidəsi genişlənir və dərinləşir. Kitablar təfəkkür, təxəyyül, düşünmə və düşünmə qabiliyyətini inkişaf etdirir.

Mütaliə etmək bir çox suallara cavab tapmağa imkan verir, çünki hər şey çoxdan məlumdur, minlərlə insan artıq öz həyatını yaşayıb və öz təcrübələrini bütün bəşəriyyətlə bölüşüb. Kitablar insanları ilhamlandırır və təkmilləşdirmək, böyük nəticələr əldə etmək həmçinin problemin həllini tapmağa kömək edir. Əlbəttə, hamımız bilirik ki, müasir dünyamızda informasiya həlledici rol oynayır, informasiya axınları bizi hər yerdə əhatə edir və insan istər-istəməz beyninə hansı məlumatı daxil etmək seçimi ilə üzləşir.

Sovet dövründə insanlar kitaba tələsir, oxumaq üçün senssasiyalı kitab və ya jurnal almaq üçün kitabxanalarda növbələr yaranırdı. İndi dünya informasiya bolluğu ilə üzləşib və eyni zamanda kitab oxumağa marağı itir.

Ümumi dünya yeniyetmələrin üçdə biri artıq zövq üçün kitab oxumur. 2016-cı ildə 10-cu sinif şagirdlərinin yalnız 2%-i demək olar ki, hər gün qəzet oxuduğunu, 11 -ci sinif şagirdlərinin isə yalnız 16%-i demək olar ki, hər gün kitab oxuduğunu bildirib. Zövq üçün oxumayan 11 -ci sinif şagirdlərinin sayı 1970-ci illərdən bəri üç dəfə artıb. Televiziya və kino istehlakı da azalır. 2016-cı ildə səkkizinci sinif şagirdlərinin 13%-i beş və ya daha çox saat televizora baxırdısa, 90-cı illərdə bu rəqəm 22% idi. Lakin 54% smartfonlarla çox vaxt keçirdiklərindən qorxurlar. Aparılan müşahidələr qızların sosial mediada, oğlanların isə video oyunlarda çox vaxt sərf etdiklərini ortaya çıxardır. İnsana başqa məlumat da ona görə lazım görmür ki, o, artıq öz virtual aləmində yaşayır və xarici problemlər onun üçün o qədər də maraqlı deyil.

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Bəs mütaliəyə, kitab oxumasına ehtiyac duyulduğu halda nəyə görə bir çox kitab məkanları öz fəaliyyətlərini dayandırır? Bir müddət öncə bütün kitabsevənlərin sevimli ocağı olan "Kitab.az" məkanın bağlanmağının şahidi olduq. İndi isə kitab xəzisi kimi tanınan "Xan xəzinəsi" kitab evinin fəaliyyətinin dayandıracağını təssüf hissi ilə qeyd edirik.

Bəs ordakı minlərlə kitab necə olacaq? Hara gedəcək?

Məkanda kitab satışı ilə məşğul olan Xan Rəsuloğlu suallarımızı cavablandırıb.

Açıq danışaq. Azərbaycanda orta təbəqə biznesi ən ağır şərtlərlə və şəraitdə işləyir, üstəlik də kitaba qarşı, bir az da yeni info texnologiyaların ucbatından kütləvi laqeydlik var. Bakıdakı "Xan Xəzinəsi" kitab evini işlətdiyim 9 iləcən vaxt ərzində baş verən sosial-siyasi və maliyyə böhranları da öz sözünü dedi. Bu dükana aylıq xərcim (kirayə, icarə müqaviləsi, vergi, sosial, kommunal, yol xərci, işçinin maaşı) 900 manat civarında idi ki, bu müddətdə də, heç vaxt ziyansız işləmədim.Özümə təsəllim bu olurdu ki, kitabsevərlərin qulluğunda durmaqla mən də bir cürə xidmət edirəm, yeri anbar və ofis kimi də işlədirəm və yeni dostlar qazanır, Azərbaycanın kitab dünyasına-mühitinə də bir az yaxın oluram.

Sonuncu sahib də, "məkanı təmir edirik" adıyla, bizə çıxmamızı söylədi. Təmirdən sonra qayıda bilmək şansımızı isə qəbul etmədilər-özləri işlətmək istəyirlər yəqin, bu da onların haqqıdır. Nə deyə bilərəm ki?
Məkanı bağlayacağımızı eşidəndən 200-dək adam zəng edib, bu xəbərə üzüldüklərini söyləyir. Yeni yerimizin bir müddət olmayacağına da, eyni reaksiya verirlər.

Bəs ordakı minlərlə kitab necə olacaq?

Kitabları, hələ ki, bir anbara yığıb, çeşidləmək fikrindəyəm. Gəlib çox ucuzuna alıb aparanlar da var. 4-5 mindən çoxunu dükanın önündə daş üstünə qoymuşuq. Hələlik, Sumqayıtdakı dükanımızda işimizi davam etdirəcəyik. Sonrasını, zaman göstərər. Yəni, hələ ki, yaşayırıqsa, kitablayıq, qulluğunuzdayıq. Boşuna deyilməyib ki, kitab bilik mənbəyidir və məlum həqiqətdir ki, bilənlə bilməyənlər arasında nə qədər fərq olur. İnsanlar biliyi və informasiyanı müxtəlif mənbələrdən alsalar da, hələ ki, məncə, kitabın yerini heç nə verməz.

İndi sovet dövründəki kimi, kütləvi savadlandırma getmir-təhsilin keyfiyyəti də aşağıdır. Amma özünü sənətə, elmə həsr eləmək istəyənlərin inadkarlığı, qətiyyəti əvvəlki illərdəkindən heç də az deyil.
"Xan Xəzinəsi" Kitab Evi haqda dövri mətbuatda çoxlu yazılar gedib. Düşünürəm ki, imkansızlıq mühitində imkanımızca xidmətimizi göstərdik.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...