“Biz Vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

İyul ayının 5-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mətbuat Şurası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar jurnalist Əminə Yusifqızının II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş 65 yevlaxlı döyüşçünün döyüş yolundan bəhs edən “Biz Vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru prof.Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Kərim Tahirov bildirib ki, bugün biz bütün dünya azərbaycanlılarının çoxdan gözlədiyi arzusunu 44 gündə yerinə yetirən, bu amal uğrunda öz həyatlarını fəda etmiş qəhrəmanların döyüş yolundan bəhs edən bir kitabın təqdimatına yığışmışıq. “Bu elə bir tarixdir ki, heç vaxt unudulmayacaq. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu bizə doğma Şuşamızı, Qarabağımızı geri qaytardı” deyən direktor Kərim Tahirov bildirib ki, Azərbaycan xalqı ölümün gözünə dik baxan həmin şəhidləri, onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlər daim xalqımızın qəlbində yaşayacaq.

Daha sonra Kərim Tahriov sözü Azərbaycan Mətbuat Şurasının Sədri, Əməkdar jurnalist Əflatun Amaşova verib. Əflatun Amaşov bildirib ki, bugün təqdimatına yığışdığımız kitabda II Qarabağ müharibəsi zamanı şəhid olmuş 65 yevlaxlı barədə oçerk cəmlənib. Nəşrin işıq üzü görməsi yevlaxlı qəhrəmanların şəhadətə qovuşmasının bir ilinə təsadüf etdiyindən, müəllif hər oçerkin sonunda “Şəhidsiz keçən bir il” rubrikası əlavə edib. “Söz adamlarının, yazıçı və şairlərin ən əsas vəzifəsi öz qanları ilə torpağı Vətənə çevirən qəhrəmanları, şəhidlərlə bağlı xatirələri əbədiləşdirərək onları gələcək nəsillərə ötürməkdir” deyə Əflatun Amaşov qeyd edib.

Daha sonra Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, kitabın redaktoru Məhəbbət Mehdiyevaçıxış edib. O ilk növbədə tədbirə ev sahibliyi etdiyinə görə Milli Kitabxananın direktoru prof. Kərim Tahirova öz təşəkkürünü bildirib.

“Biz Vətən üçün doğulduq” kitabının Əminə xanımın Yevlax şəhidləri haqqında yazdığı ikinci ikitab olduğunu qeyd edən Məhəbbət xanım bildirib ki, şəhidlərə, onların ailələrinə olan hörmət Əminə xanımı bu mövzuda ikinci dəfə kitab yazmağa vadar edib. Kitabı yazarkən Əminə xanımın şəhid ailələri ilə dəfələrlə görüşdüyünü və kitabı göz yaşları ilə yazdığını vurğulayıb. O, həmçinin bu kitabın şəhid ailələrinə bir növ təskinlik olduğunu da bildirib.

Ardınca Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Tünzalə Məmmədova çıxış edərək bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi və gələcək nəsillərin onları daha da yaxşı tanıması üçün bu kimi kitabların çap olunması, Vətən, torpaq, millət, bayraq uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən filmlərin çəkilməsi böyük əhəmiyyət kəsb edir.

BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli çıxış edərək bildirib ki, şəhid mövzusu bir an belə unudulmur. Bu barədə mütəmadi olaraq qəzetlərdə məqalələr çap olunur, lakinşəhidlər haqqında belə bir kitabın çap olunması böyük bir təşəbbüsdür.

BDU-nun professoru, Yevlaxın fəxri vətəndaşı Adilə Abbasova çıxışında kitabı oxuyan hər kəs kimliyindən asılı olmayaraq eyni hissləri, duyğuları yaşadığını bildirib. O, həmçinin qeyd edib ki, “Biz Şuşaya qayıdacağıq!” deyənUlu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Ali Baş Komandan cənab İlham Əliyev bütün Azərbaycan xalqının çoxdan gözlədiyi arzusunu gerçəkləşdirdi. Adilə xanım çıxışının sonunda belə qəhrəman oğullar böyütdükləri üçün şəhid analarına təşəkkür edib və bütün şəhid ailələri qarşısında baş əydiyini bildirib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyevçıxışında bildirib ki, biz Vətən uğrunda heç düşünmədən canından keçməyi gözə alan qəhrəman xalqın nümayəndəsiyik. “Bunu həm I Qarabağ müharibəsi, həm aprel döyüşləri, həm də II Qarabağ müharibəsi zamanı bir daha gördük” deyə o əlavə edib.

Daha sonra Yevlax şəhər İcra Hakimiyyəti Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiriXaliq Əliyev çıxış edərək bildirib ki, 44 günlük II Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha bütün dünyaya göstərdi. O, həmçinin şəhidlərin xatirələrininəbədiləşdirilməsi məqsədilə bir çox işlər görüldüyünü,küçələrə, məktəblərə, müəssisələrə onların adlarının verildiyini, abidələr ucaldıldığını bildirib. Onların qəhrəmanlıqlarından bəhs edən bu cür kitabların yazılmasının Azərbaycan xalqının qəhrəman oğullarının tanıdılmasında böyük rol oynadığını vurğulayıb.

Tədbirin davamında “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, BDU-nun hüquq fakültəsinin müəllimi, dosent Əsmər Əliyeva, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Finans üzrə fəlsəfə doktoru, Amerikada yaşayan həmyerlimiz Etibar Dəmirov, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, yazıçı, professor Zahid Xəlil və digərləri çıxış edərək kitabın Azərbaycan xalqının şəhidlərinin tanıdılması istiqamətində böyük bir töhvə olduğunu bildirmiş və bu tendensiyanın davam etdirilərək digər rayon və şəhərlərin şəhidləri haqqında da belə kitabların yazılmasının labüd olduğunu vurğulamışlar.

Sonra müharibə veteranı Zaur Bayramoğlu, şəhid Veyis İsmayılovun anası Zeynəb İsmayılova, şəhid Toğrul Barxudarovun həyat yoldaşı, Azərbaycan Respubliksaı Müdafiə Nazirliyinin əməkdaşı Zəhra Barxudarova, şəhid Faiq Adıgözəlovun bibisi Zöhrə Adıgözəlova və digərləri çıxış edərək şahid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə, eləcə də onlara mənəvi dəstək olduqlarına görə hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda kitabın müəllifi, Əməkdar jurnalist Əminə Yusifqızı çıxış edərək bu kitabı göz yaşları ilə yazdığını, kitabı ərsəyə gətirənədək hər şəhid ailəsinə dəfələrlə baş çəkdiyini, onların acılarını, duyğu və həyəcanlarını yaşayaraq yazdığını qeyd edib. O həmçinin qeyd edib ki, qürurlu, güclü, başı dik şəhid anaları, xanımları, bacıları ona bu kitabı yazmağa güc verib.

Sonda kitabın müəllifi Əminə Yusifqızı tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə