"Bizim özümüzün çox yüksək dəyərlərimiz var" - SOSİOLOQ AÇIQLADI

"Biz həm şərqin, həm də qərbin təsiri altındayıq. Amma uzun müddət tarixi şəraitə görə, biz şərq mədəniyyətinin təmsilçisi olmuşuq. Şərq mədəniyyəti ilə qərb mədəniyyətinin fərqi isə kifayət qədərdir". Bunu SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O, qeyd edib ki, bəziləri deyir, bunu fərqləndirmək olmaz. Ancaq mənim bu sahədə tədqiqatlarım çoxdur və mən deyə bilərəm ki, şərq mədəniyyətinin kökündə müəyyən ahəng prinsiplərinə əməl etmək dayanır. Çünki min il qədimdən şərq mədəniyyəti formalaşanda şərqli insan həmişə təbiətlə sıx təmasda olub. Hələ yer üzündə insanlar çox az olanda Avropada, qərbdə heç kim olmayanda şərqdə insanlar təbiətlə nəfəs-nəfəsə inkişaf ediblər və onların məişətində, həyatında, ruhunda təbiət böyük rol oynayıb. Hətta, şumerləri belə araşdıranda məlum olur ki, onlar daha çox kainatla bağlı olub. Kainat haqqında tez-tez düşünüblər. Kainat nizamına əməl eyməyə çalışıblar. Çinlilər daha çox təbiətlə, ətraf mühitlə mədəniyyətlərini inkişaf etdiriblər. Hindlilər öz bədənləri ilə mədəniyyətlərini inkişaf etdiriblər. Bizim özümüz də türk mədəniyyəti lap qədimdən başlayaraq, eramızdan da əvvəl, Mete xandan da əvvəl üzü bu yana həmişə bir harmoniyanın və təbiətin təsiri altinda olmuşuq. Bütün dinlər şərqdə yaranıb. Dinlərin hamısında insanı ahəngə çağırır. İslam dini də, həmçinin, insanlığı ahəngə çağırır. Biz bu şərq mədəniyyətini bir məhsuluyuq. Məsələ belədir ki, şərq mədəniyyətinin çox müsbət tərəfləri olduğu kimi, eyni zamanda müxtəlif dövrlərdə biz bu mədəniyyətdən lazımı qədər istifadə edə bilməmişik. Beləliklə, ortada cəhalət dövrləri də olub. Bu cəhalət, avamlıq, nadanlığın da yaranmasına kömək edib. Yəni biz 19-20-ci əsrlərə xeyli problemlər içərisində gəlib çıxdıq. Ozamankı dövrün əsərlərini də oxuyanda görürük ki, xalqımızın müsbət cəhətləri ilə bərabər, xeyli məişətlə, davranışla bağlı cəhalət dövrü də olub. Şərq bizə daha çox mənəvi dəyərləri saflayıb, inkişaf etdirməkdə kömək edib. Şərqdə mənəviyyata həmişə daha çox dəyər verilib. Amma dediyim ki, insanlar arasında cəhalət yarananda mənəviyyatdan istifadə də eybəcər hal alır. Çox təəssüf ki, bizdə də bu hallar indiyə kimi davam etməkdədir.

Bəs, Qərbdən nə öyrəndik? Əhməd Qəşəmoğlu bu barədə fikirlərini belə izah edib: "Qərb mədəniyyəti daha çox rasional düşüncə üzərində, praqmatik prinsiplər əsasında formalaşıb. Belə bir şərait onlara kömək edib ki, 18-19-cu əsrdə xeyli inkişaf etsinlər. 20-ci əsrdə də bu davam edibdir. Bu biraz cəlbedici görünürdü. Ona görə də, şərq hər zaman öz mənəviyyatı ilə yüksəkdə olduğu halda qərb öz məişəti ilə, texnikası ilə qabaqda olubdur. Bizi də o cəlb edib. Ona görə də, 17-ci əsrdən sonra hesab etmişik ki, qərb bizdən xeyli qabaqdadır və biz qərbi yamsılamağa çalışmışıq. Yamsılamaqla yanaşı biz qərbdə mənəvi dəyərlərə qiymət verilməməsini yaxşı dəyərləndirməmişik. Ona görə də, qərbi təqlid etməyə başlamışıq. Təqlid etdikcə də oradan yaxşılarla birlikdə pis şeylərdə öyrənmişik. Bir zaman Fransadan başlayaraq sonra bütün qəlb ölkələrini əhatə edən ailə dəyərlərinə sayğısızlıq, ailə daxili xəyanət, sərgüzəştlər bunlar hamısı qərbdə geniş yayılmışdı. Təəssüf ki, o mənfi dəyərlər bizə də keçib. Amma əslinə qalsa, indi biz öz yolumuzu axtarmalıyıq. Bizim özümüzün çox yüksək dəyərlərimiz var. Bizim ailə institumuz çox gözəl bir institut idi. Yenə də deyirəm, cəhalətin içində onun da xoşagəlməz tərəfləri var idi. Amma biz ailə institunu saxlayıb onu bütün dünyaya görk edə bilərdik. Yəni biz hər şeyi öz mövqeyimizdən yanaşmağa başlamalıyıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə