Boşanmadan sonra qızıl zinət əşyaları hansı tərəfdə qalmalıdır?-ARAŞDIRMA Araşdırma

Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. Bu öhdəliklərdən bir də mülkiyyət münasibətləri ilə bağlıdır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakın və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə də rast gəlinir. Bu yazımızda qeyd olunan məsələyə aydınlıq gətirməyə çalışacağıq. Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Bəs cehiz qeyd edilən mülkiyyət formalarından hansına aiddir?

  • Cehiz qızın ailəsi tərəfindən gəlinə verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakına aid edilir. Yəni cehiz tərəflərin birgə mülkiyyəti hesab edilmir.
  • Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını tələb edə bilər. Oğlan evi tərəfindən cehiz qıza könüllü şəkildə verilməlidir.
  • Əgər cehiz əmlakı qarşı tərəf qaytarmırsa, bu zaman şəxs məhkəməyə müraciət etməklə cehiz əmlakı tələb edə bilər.

Qanun, qızıl-zinət əşyaları ilə bağlı məsələni necə tənzimləyir?

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Yəni cehiz və ya qızıl-ziynət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün verilən şəxsin mülkiyyətində olur. Boşanmada cehiz dedikdə, nikaha daxil olanadək və ya nikah dövründə verilən hədiyyələr və ya hər hansı əvəzsiz əqdlər tərəflərin hər birinin şəxsi mülkiyyətindədir. Daha dəqiq desək, bu tərəflərin birgə mülkiyyəti hesab olunmur. Ailə Məcəlləsinə əsasən, ər-arvadın daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, geyim, ayaqqabı və s. nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ərin və ya arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Sosioloq Lalə Mehralı: “Məncə, bu məsələ tamamilə boşanma səbəblərinə görə tənzimlənməlidir. Çünki bir çox hallarda cehiz və qızıl zinət əşyaları qız tərəfinə qaytarılır. Bu kimi hallarda oğlan tərəfinə nisbətən haqsızlıq etmiş olmuruqmu? Düzdür ki, indi boşanmaların əksəriyyətində qız tərəf haqlı çıxarılır, qızılların və cehizin qız tərəfə verilməsi və bu kimi şeylərin hamısını nəzərə alsaq mən, oğlan tərəfinin nisbətən zərərdə qalması kimi qiymətləndirirəm. Düşünürəm ki, hakimlər boşanma məhkəmələri edərkən, boşanma məsələsinin səbəbinə görə təyin etməlidirlər. Boşanma kim tərəfdən qaynaqlanır, ailənin birliyinin pozulmasını kim həyata keçirib, təqsirli tərəf hansıdır, zərər görən tərəf hansıdır? Bütün bunları analiz etsələr və buna uyğun qərar versələr daha ədalətli olar. Bütün hallarda qız tərəfi haqlı, oğlan tərəfi haqsız deyil və yaxud hər boşanma məhkəməsi fərdidir, özünəməxsus səbəbləri var. Ona görə də hakimlər, hər məhkəmənin sonunda boşanma səbəblərini göz önünə gətirərək qərar verməlidirlər və yəqin ki, belə verirlər. Bir çox qadın, boşanma səbəbi kimi tutaq ki, xəyanəti, şiddətli yola getməmə, qaynana faktorunu, zərərli vərdiş faktorunu və bu kimi halları göz önünə gətirəndə hakim, əlbəttə ki, qadın tərəfinin haqlı olduğunu düşünür və bölgüdə bu əşyalar qadın tərəfinin olmalıdır deyər. Lakin bir çox hallarda biz yaxşı bilirik ki, boşanmanın səbəbi qadın tərəfindən ola bilir. Bu kimi hallarda da məncə, hakimlər kişilərin hüquqlarının qorunmasını həyata keçirməlidirlər. Əgər biz gender bərabərliyindən, demokratik, hüquqi bərabərlikdən danışırıqsa, o zaman bu bölgüdə də ədalətli qərar verilməlidir ki, hər iki tərəf öz haqqını almış olsun”.

QMİ-nin əməkdaşı, Heydər məscidinin imamı Hacı Ağasəid Yaqubov: “Evlilikdə boşanma halı baş verdikdə şəriətimizdə buna təlaq deyilir. Təlaq olan zaman kişidən qadına onun mehriyyəsi verilməlidir, necə ki, kəbin kəsilən zaman kəbin haqqı deyilən mehriyyə yazılır və bu qadının haqqıdır. Ola bilsin ki, kəbin kəsilərkən kişi, bu haqqı qadına vermiş olsun, ola da bilər ki, bu kişiyə borc qalsın və gecikdirmə yazılsın, sonradan vermiş olsun. Ən sonda ayrılıq baş verdikdə, kişi mehriyyə haqqını mütləq şəkildə verməlidir. Burada təbii ki, iki məsələyə diqqət etmək lazımdır. Bəzən də boşanma erkən baş verir, yəni nişanlılıq olarkən baş verir, bəzən də artıq ailə həyatı qurduqdan sonra baş verir. Nişanlanma zamanında və yaxud az bir zaman keçməmiş boşanma olarsa kişi mehriyyənin yarısını verməlidir, əgər evlilikdən sonra boşanma baş verirsə, kişi tam mehriyyəni qadına qaytarmalıdır. Digər bir məsələ isə qadın və kişi həyatda birlikdə yaşayarkən qadının bütün ehtiyacları kişinin boynuna vəzifədir. Əgər kişi qadına işləməyə icazə vermirsə, onun bütün ehtiyaclarını ödəmək məsuliyyətini daşıyır. Yəni, onu saxlamaq, ev şəraiti qurmaq, bütün gündəlik təminatını ödəmək və qadına lazım olan geyim və digər ümumi insanların ehtiyacı olan işlərin hamısını ödəməyə borcludur. Həyatı boyu onun üçün alıb, ona hədiyyə etdiyi, artıq onun ixtiyarına verdiyi bütün əşyalar qadına məxsusdur. Ayrılıq baş verəndə burada irs məsələsi bölgüsü olur. Təbii ki, ailədə övladlar varsa, kişinin mülkü onun övladlarına çatır. Qadın isə yalnız boşanmada öz mehriyyə haqqını ala bilir. Digər bir məsələ də var ki, boşanma ilə həyat yoldaşını itirmək arasında fərq var. Yəni, biri var insan həyat yoldaşını boşanma vasitəsilə itirsin, biri də var ki, ölüm baş verən zaman itirsin. Ölüm hadisəsi baş verdikdə kişidən qalan irs, miras qadın və övladları arasında bölünür. Lakin boşanma baş verdikdə isə təbii ki, miras, Azərbaycan Respublikasının qayda-qanunları ilə nikah haqqındakı qanunlar, boşanma zamanı müəyyən bir məhkəmə üsulu ilə bölünür. Burada İslamın fərqli baxışı ondan ibarətdir ki, evlənən zaman qadın üçün müəyyən bir mülk və ya mehriyyə, mal, sərvət təyin olunur. Qadın boşanan zaman öz mülkünün hakimi olur ki, öz mülkünü əldə etsin. Bizim qanunlarda biraz fərqli olaraq belədir ki, qadın boşanan zaman evlilik dönəmində əldə etdikləri mal və sərvəti iki şəxs arasında hökümət qayda-qanunlarına uyğun olaraq bölünür. Şəriətimiz isə qadın kişidən ayrılarkən onun dərhal evdən çıxarılması yox, 3 aya qədər qayıtması mümkün olmaq müddəti qoyulur. Ola bilsin ki, 3 ay müddətində cütlüklər barışsınlar və yenidən ailə bərpa olunsun. Onun üçün də 3 ay müddətində kişi qadının ehtiyaclarını təmin etməlidir, çünki, qadının təbii ki, yaşama haqqı vardır. Artıq 3 aydan sonra cütlüklərin evlilik qayda-qanunları pozularsa o zaman şəriət qayda qanunlarına uyğun olaraq bu hökmlər öz haqqını tapır. Bunu da qeyd edim ki, İslam dini qadına daha çox önəm və dəyər verir və qadının hüquqlarını daha çox müdafiə edir. Çünki Allah-təala yaradılışda kişini qadından bir az güclü, üstün, qadını isə bir az zəif xəlq etdiyi üçün bu kimi həyati məqamlarda qadına üstünlüyü daha çox verir və bununla nizamı tarazlayır”.

Psixoloq Zeynəb Eyyubova: “Bu tip məsələlər həm qanunvericilik yolu ilə, həm də insanların öz aralarında həll edə biləcəyi bir məsələdir. Boşanma zamanı əgər xanıma alınan qızıllar ona hədiyyə olunubsa, əlbəttə ki, xanımda da qalmalıdır. Ümumiyyətlə, Azərbaycanda maarifləndirmə getməlidir və insanlar arasında boşanma mədəniyyəti aşılanmalıdır. Biz Azərbaycanda boşanmalara baxanda görürük ki, boşanan zaman iki cütlük yalnız ayrılmır, onlar düşmənə çevrilir, iki nəsil bir-biri ilə çox pis münasibətdə olur. Əslində, normal boşanma yaşasalar, iki insanın birlikdə artıq doğru addım ata bilməməyi qərara alınmış bir qərar nəzərə alınsa, artıq orada ucuz söhbətlər olunmayacaq. Biz sevdiyimiz insanla ailə qurmuşuqsa və təbii olaraq, hədiyyə kimi o xanıma hər hansı bir qızıl zinət əşyası almışıq. Necə ki, bir insana, bir dostuna, yaxınına ad günündə hədiyyə edirik, sonra həmin insanla münasibətimiz kəsiləndə o hədiyyəni geri alırıq? Biz, sadəcə, münasibəti kəsirik. Ona görə də, əlbəttə ki, bu məsələlər sivil yolla həll olunmalı və xanımda qalmağı daha məqsədəuyğun olmalıdır. Əgər qızıl zinət əşyası həddən artıq çoxdursa, yəni qarşı tərəf bütün maliyyəsini bunun üzərinə qurubsa və kişinin heç bir vəziyyətdə yaşama durumu olmayacaqsa, xanım da kişini nəzərə alıb, bir qismini keçmiş həyat yoldaşına verə bilər. Yəni bunlar hamısı anlaşılma yolu ilə həll oluna bilən məsələlərdir”.

Hüquqşünas Fariz Əkbərov: “Qızıl zinət əşyaları boşanma zamanı əmlak bölgüsünün bir hissəsidir. Çünki boşanma zamanı məhkəmə prosesində müzakirə olunan məsələlərdən biri də məhz budur. Hansı ki, bunlar ali məcəllənin 34-cü maddəsinə əsasən tənzimlənir. 34.1-də birbaşa qeyd olunur ki, nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak və ər-arvadın birinin ailə büdcəsindədir. Boşanma halları zamanı zinət əşyararı ən çox qadında qalmalıdır, lakin əfsuslar olsun ki, elə hallar da olur ki, ailədə problemlər yaşanır. Qadın məcburi olaraq həmin əşyaları evdə qoyub çıxır və yaxud da zinyət əşyaları qadına verilmir. Belə olduğu təqdirdə isə, qadın məhkəməyə müraciət edir və əgər zinyət əşyalarının qadında olmadığı həqiqətən sübuta yetirilə bilərsə, qadın qarşı tərəfdən həmin əşyaları ala bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...