Azğınlaşmış sözü necə cilovlamalı?..

İnsan istədiyi kimi düşünməkdə, ürəyində necə bilirsə, elə də danışmaqda sərbəstdir.

Necə deyərlər, bunu ona qadağan etmək mümkün deyil!

Həm də məntiqə sığmır!

Axı deyilməyən sözə, gerçəkləşməyən fikrə görə (üstəlik, əgər onu kimsə hələ eşidib, bilmirsə) insana necə qadağa qoymaq, onu cəzalandırmaq olar!

Bu məntiqdən çıxış edərək söz və fikir azadlığını demokratiyanın təməl prinsiplərinə aid ediblər.

Bəli, bu prinsipə görə hər bir insan necə istəsə düşünə və danışa bilər.

***

Dövlət müstəqilliyi qazandıqdan sonra demokratik inkişaf yolu tutan Azərbaycan demokratiyanın bu tələbinə daim əməl edir.

Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il fərmanına əsasən, mətbuata senzura nəzarəti ləğv olunmuşdur. Yeni qəbul edilmiş Konstitusiyamız isə fikir plüralizmini, çoxpartiyalı sistemin mövcudluğunu təmin etmişdir.

Bu gün Azərbaycanda qəzet təsis etmək, sayt yaratmaq, QHT açmaq, partiya qurmaq və işə başlamaq su içmək qədər asandır.

On milyonluq ölkədəki siyasi partiya, QHT, qəzet və sayt bolluğu da dediklərimizin təsdiqidir.

Sosial şəbəkə azadlığı isə hüdudsuzdur!

İnternetə girişi olan hər kəs burada istədiyini deyə, yaza, keyfi istədiyi kimi hallandıra bilir.

Nə yoxlayan var, nə qadağan edən!

Nə də doğru ilə yalanlığını araşdırıb qiymətləndirən!

Artıq bu da bir gerçəklikdir ki, insanlar sözün bu sayaq azadlığından əziyyət çəkirlər!

Təkcə Azərbaycanda yox, bütün dünyada!

Əslində sözdən belə istifadə onun azadlığından da o tərəfə keçərək azğınlaşdırır!

Söz tənqid etmir, təhqirə keçir, aşağılayır!

Söz həqiqəti söyləmir, doğrunu demir, şər-böhtana çevrilərək yaralayır!

Suyu çox içəndə dərd verir o da! - deyib dahi Nizami Gəncəvi...

Hələ doqquz əsr bundan qabaq!..

Bəs azğınlaşmış sözlə necə mübarizə aparmalı?

Dərisi üç qəpiyə dəyməyən ədəbsiz və tərbiyəsiz insanların qarşısını necə, nə sayaq almalı?

Ziyalıların, məmurların, tanınmış şəxslərin, lap elə sadə insanların söyülməsinə, təhqir olunub aşağılanmasına kənardan durub baxmalıyıq?!

Doğrudur, Konstitusiyamız, qanunlarımız sözə, söylənilən fikrə görə kiminsə cəzalandırılmasına yol vermir!

Amma söhbət söyüşdən, təhqirdən, insanın şərəf və ləyaqətinin alçaldılmasından gedir!

Qanun öz yerində!

Bəs ictimai rəy?

Bəs belələrinin bəd əməllərinə qarşı cəmiyyətdə niyə müqavimət yoxdur!

Niyə ictimai rəy belələrini qınaq obyektinə, ictimai təpkiyə tuş etmir?

Hərə özünü, öz başını qorumaqla bu özbaşınalıq azalmaz, əksinə, artar, davam edər!

Axı qanunun işləmədiyi yerdə ən güclü vasitə cəmiyyətin təpkisi, insanların qınağı, ictimai rəyi ola bilər.

Başqası söyüləndə, təhqir ediləndə ləzzət alanlar unutmasınlar ki, onlar da nə vaxtsa azğın sözə tuş gələ, haqlı, ya haqsız təhqir edilə bilərlər!

SÖZ AZADLIĞI ŞƏRƏF VƏ LƏYAQƏT HİSSİNƏ QARŞI ÇEVRİLƏNDƏ

Əlli ildən çoxdur ki, jurnalistikada qələm çalıram.

Heç zaman, heç kəsi təhqir etməmişəm.

Doğrudur, ömrüm boyu ən müxtəlif janrlarda tənqidi yazılar yazmışam!

Amma bir dəfə də olsun tənqidlə təhqirin sərhədini keçməmişəm.

Çünki hər zaman özümü tənqid etdiyim insanın yerinə qoymuşam.

Əlimdə qələm, qəzet olmasından sui-istifadə etməmişəm!

Möhkəm əqidəm budur ki, öz şərəf və ləyaqətinə hörmət edən insan, başqasının şərəf və ləyaqətini təhqir etməz!

Xüsusən ictimai şəkildə!

Hamının eşitdiyi, gördüyü, oxuduğu bir şəraitdə!

Vaxt var idi insanlar adam arasında, ictimai yerdə onları təhqir edənləri duelə çağırar, məsələni silahla həll edər, qanla yuyardılar!

İndi əlçatmazlıq, qanundan qorxusuzluq bəzilərini “qəhrəmana” çevirib!

Elektron mediada, sosial şəbəkədə at oynadırlar, söyüşdən, təhqirdən zövq alırlar.

Susmaq razılıq əlaməti kimi də qiymətləndirilir!

Əgər həyasızdan, abırsızdan, tərbiyəsizdən qorxub susuruqsa, bu onlara daha da qol-qanad verir!

Doğrudur, söz azadlığı belələri üçün cəzasızlıq mühiti yaradıb.

Artıq müvafiq qanunlarda dəyişiklik apararaq azad sözlə azğın sözü fərqləndirmək, azğınlaşmışları cəzalandırmaq vaxtıdır!

Çünki heç zaman söz azadlığı şərəf və ləyaqətdən üstün tutula bilməz və tutulmamalıdır!

Lakin o zamana qədər də seyrçi mövqedə durmamalıyıq!

O da həqiqətdir ki, cəmiyyətdə tərbiyəli, ləyaqətli, ağzının danışığını bilən insanlar qat-qat çoxdur!

Lakin bu çoxluğun susması, baş alıb ged

ən söyüş və təhqir hallarına reaksiya verməməsi əks təsəvvür yaradır.

Sanki tərbiyəsizlər tərbiyəlilərdən çoxdur!

Bu da qəbuledilməzdir!

Axı biz Azərbaycanlıyıq!

MİLLİ MENTALİTETİMİZ VƏ SÖYÜŞ

Azərbaycan kişisi həmişə özünü abırlı, ləyaqətli aparmağa çalışır.

Kişi məclislərində, cavanların öz tay-tuşlarının əhatəsində şit zarafatlar, kobud ifadələr olur və haradasa başadüşüləndir. Çünki burada deyilənlər məhdud tərkibli dairəyə aiddir.

Bunu gizlətmirik!

Hətta iki nəfər nəyə görəsə dalaşanda bir-birilərinə şeir, lətifə söyləmirlər, hədələyirlər, söyüş söyürlər!

Amma bütün bunlar kişi camiəsində baş verir!

Qadın olan yerdə heç bir Azərbaycan kişisi “pərdəsiz” lətifə danışmaz!

Onun söyüşünü ana-bacısı, qonşu qadını, lap yoldan keçən bir xanım eşidə bilərsə, ağzın açmaz, səbrini basar!

Əslində Azərbaycan xalqı söyüş söyməyi, uzaqdan durub kiməsə təhqiramiz ifadələr yağdırmağı qorxaqlıq, nakişilik kimi qiymətləndirib!

Zəiflər, qorxaqlar dilə güc verərlər - deyib müdriklər...

Haradasa xaricdə oturub internetdə kişilənmək, “xoruzlanmaq”, yaxud saxta bir profil açaraq özünə layiq bildiyi ifadələri başqalarının ünvanına səsləndirmək hünər deyil, qəhrəmanlıq deyil!

İkrah doğuran, nifrətə layiq əməldir!

Axı təkcə başqalarının yox, sənin də anan, bacın, həyat yoldaşın internetə girir, saytlara baxır, dediklərinin onların da eşitməsini, oxumasını necə rəva bilirsən?

İnsanlar ona görə söyüşə, təhqirə dözməməlidirlər ki, söyülənlə birgə həmin söyüşü eşidənə də müəyyən pay düşür!

Bunu normal, şəxsiyyətli adamlar necə qəbul edərlər!

***

Möhtərəm oxucu!

Bu mövzuda yazmaq da asan deyil!

Çünki millətimizə, xalqımıza yaraşmayan haldır!

Amma susmaq da olmaz!

Qarabağ Zəfərindən sonra bütün dünya bizdən danışır, bizi qəhrəman, qürurlu xalq hesab edir!

Bizdən öyrənənlər, bizə oxşamağa çalışanlar da az deyil!

Gəlin bir ovuc bədnama, nakişiyə görə xalqımızın adına utanc gətirməyək!

Belələrini özümüz öz aramızdan çıxdaş edək!

Tənə, qınaq obyektinə çevirək!

Nə verilişinə baxaq, nə saytını oxuyaq!

Qoy öz söyüşlərini özləri deyib, özləri də eşitsinlər!

Bəxtiyar SADIQOV

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə