“Ümumiyyətlə, immun sistemi əvvəlcədən güclü olmalıdır ki, xəstəliklərə də tutulmasınlar. Yaxud tutulsa da asanlıqla öhdəsindən gələ bilsin. İmmun sisteminin güclənməsində qida ilə yanaşı ilk növbədə mütləq düzgün həyat tərzi çox önəmlidir. Bura həm də koronavirusdan sağalan xəstələr aiddir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, yüksək çəkili olanlar da risk qrupuna aiddir: “Həddindən artıq aşağı çəkidə olanlar da immun sistemi zəif olan insanlardır. Mütləq şəkildə kilonu normada saxlamağa diqqət etməlidirlər. Hər gün fiziki aktivlik mütləqdir. 15-20 dəqiqə hər hansı yüngül idmanla mütləq məşğul olmalıdır. Həmçinin, təmiz havada olmaq daha yaxşıdır”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Daha sonra spirtli içkilərdən uzaq durmaları çox vacibdir. Siqaret çəkənlər bunu xüsusilə azaltmalıdır ki, daha tez orqanizm özü-özünü bərpa etsin. Yaxşı olar ki, stressdən də uzaq dursunlar, daha çox emosiya olduqları üçün həmin dönəmdə stress faktorları da immun sisteminin aşağı düşməsinə təsir edir. Eyni zamanda da mütləq sanitar gigiyena qaydalarına, əllər yuyulmalı, vaxtlı-vaxtında duş alınmalıdır. Xüsusən, indi yay aylarıdır tərləmə daha çox olur. Bilirik ki, tərlə bədəndən toksik maddələr çıxır və bu vaxtında yuyulmadıqda orqanizmdə immun sistemini aşağı salır. Ona görə də mütləq əllər də yuyulmalıdır, duş almaq vaxtlı vaxtında olmalıdır, hər gün olmalıdır. Bunlar olduqdan sonra artıq orqanizmi gücləndirən əsas mövsümi meyvə tərəvəzlərdir ki, mütləq hər gün 4 tərəvəz və yaxud 5 tərəvəz ola bilər, bu onun ölçüsünə görədir ki, təxmini 500 qram həcmində tərəvəz yeyilməlidir”.
“Üç, dörd meyvə yeyilməlidir. Şirin meyvələrdən daha çox tərkibində C vitamini olan turş meyvələrin seçilməsi daha məqsədəuyğundur ki, bu da immun sistemimizi gücləndirməyə kömək edir. Ondan sonra yay giləmeyvələrinin mövsümüdür ki, giləmeyvələr də güclü antioksidant qidalar sayılır ki, onlar da immun sisteminə çox gözəl təsir edir. Daha sonra brokkolidir ki, bu da həddindən artıq antioksidant, faydalı vitamin və minerallarla zəngindir. Mütləq onları da qəbul etməliyik. Vazkeçilməzlərimizdən saydığımız sarıkökdür, sarımsaq və zəncəfildir ki, bunlar da mütəmadi olaraq qidalarımıza əlavə edərək qəbul etməyimiz çox vacibdir. Un məmulatları, şirniyyatlar, kolbasalar, fast-food qidalar, şirin içkilər, qazlı içkilər bunlardan uzaq durulsa daha yaxşı olar və ən önəmli məsələlərdən biri də maye qəbulu mütləq şəkildə düzgün tənzimlənməlidir. Gün ərzində hər kiloqram bədən çəkisinə görə otuz, qırx milli su qəbul olunmalıdır. Bura yaşıl çayı, cökə çayını da aid edə bilərəm ki, bunlar da orqanizmi gücləndirir”.
“Eyni zamanda, nanə çayı həm çox faydalı, həm xəstəlikdən sonrakı ağrını, halsızlığı aradan götürür, gümrahlaşdırır. Bu da çox faydalı təsir göstərir. Eyni zamanda, da çərəzlərdən miqdarı aşmamaq şərtilə gün ərzində badam, qoz, fındıq qəbul etmək daha yaxşıdır. Bibərlər də, xüsusilə rəngli bibərlər tərkibinin zənginliyinə görə immun sistemini bərpa etməkdə əvəzsiz rol oynayır. Bunu da rasionumuza qatsaq daha yaxşı olar. Ət məhsullarını isə yaxşı olar ki, həftədə iki, üç dəfə günorta saatlarına salsaq, mümkündürsə əgər balıqla da qidalansınlar. Bu şəkildə orqanizmimizin sağlamlığını bərpa etmiş ola bilərik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə