Dövlətimiz əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir

Respublikamızda pandemiya təhlükəsi başlayanda Azərbaycan dövləti tərəfindən bu ümumbəşəri bəlaya qarşı vacib addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Cənab Prezident İlham Əliyev 2020-ci ilin 15 aprel tarixində nazirlərin iştirakı ilə keçirdiyi birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəkildə müşavirədə söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm qabaqlayıcı tədbirlər nəticəsində həm əhalinin sağlamlığı yüksək səviyyədə qorunub saxlanıldı, həm də iqtisadiyyatımız pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Sağlam və firavan gələcək öz əlimizdədir. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə x əstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70-80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...