“Səhv dost tapmaqdansa, ...” - PSİXOLOQDAN AÇIQLAMA

“Valideynlər uşaqlardan çox yüksək nəticələr gözləyirlər. Övlad isə gedib həmin nəticəni əldə edə bilmədikdə vəziyyət gərginləşir. Uşaq düşünür ki, “mən ailəmin, qohumların üzünə necə baxacam?”. Bəzi ailələr var ki, uşaqlarına “filan qədər bal toplamasan evə gəlmə!” kimi sərt ifadələr səsləndirirlər. Bunların hamısı onlara təsir edir. Bu təzyiqlər kifayət qədər çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəzən uşaqlar düşünür ki, onlar ailədə yalnız təhsil səviyyəsinə görə sevilir və seviləcək: “Düşünürlər ki, əgər universitetə qəbul olmasalar və ya hər hansı imtahandan yaxşı nəticə əldə etməsələr valideynləri onları sevməyib, hörmət etməyəcək”.

Psixoloq sözlərinə belə davam edib: “Bu kimi problemlərlə qarşılaşmamaq üçün, ilk növbədə valideynlər uşaqların təhsili ilə yanaşı, onların gündəlik həyatında hansı çətinliklərin olması ilə də maraqlanmalıdır. Valideyn əgər, uşaqdakı dəyişikliyin səbəbini tapmağı bacarmırsa, mütləq psixoloqa müraciət etməlidir. Ümumiyyətlə hər bir uşaq və yeniyetmə ən azı ayda bir dəfə belə olsa psixoloq yanında olmalıdır. Çünki, indiki dövrdə sosial şəbəkələr, ətrafdakı insanlar, valideynlərin arasındakı münaqişələr və s. amillər uşaqlara təsir edir. Onlar özlərini evdə artıq hiss edirlər. Uşaqlar səhv dostlar tapmaqdansa, mütləq düzgün istiqamət verən psixoloqla tanış olmalıdır. Həmçinin, valideynlər özləri də ailədaxili problemlərlə bağlı psixoloqla danışmalıdır ki, uşaqlarında müsbət nəticələr görsünlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə