Gənclərdə işsizliyə səbəb olan amillər... SORĞUDA BU ANLAR YAŞANDI

Son günlər tez-tez rastlaşdığımız hallardan biri də bir qism gənclərin və universitet tələbələrinin işsiz qalması məsələsidir. Bəs bu problemin həlli yolunda hansı addımlar atılmalıdır? SİA olaraq məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevin və tələbələrin fikirlərini öyrəndik.

BDU-nun rəsmisi Samir Mirzəyev problemin həlli yolunu bu cür izah edib: “Doğrudur ki, universitet məzunlarının bəlli bir qismi işsizdir. Lakin, bunu hər kəsə şamil etmək olmaz. Müəyyən müddət sonra onlar özlərinə uyğun iş tapırlar. SSR dönəmində məzunları təyinatla işə göndərirdilər. İndi isə azad seçim və rəqabət dövrüdür. Ümumi olaraq ölkədə kifayət qədər iş var. Lakin, əksəriyyət ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Hərkəsin oxumaq hüququ olsa da, dil, kompyuter və digər bacarıqları kifayət qədər olmaya bilər. Bunlar çalışmaq üçün üstünlük hesab olunur. İşsizlik səbəbləri də elə buradan başlayır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi məzunları işlə təmin olunma məsələsində digər fakültələrlə müqayisədə ön sıradadır. Bizim tələbələrimiz nəinki məzun olduqdan sonra, hətta 1-2-3- cü kurslardan fəal çalışırlar. Fakültəmizi bitirənlərdən 2017-ci ildə 50, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 faiz adam işlə təmin olunub. Onların hamısı jurnalistika üzrə çalışmasa da, müəyyən mövqedədirlər.

Hal-hazırda bizim tələbələrdən televiziya sahəsində, qəzet və jurnallarda kifayət qədər çalışan var. Fərqimiz budur ki, onlar tələbə olduğu halda, işçi kimi çalışıb əmək haqqı alırlar. İşlə bağlı fakültəmizə kifayət qədər təkliflər gəlir. Biz də çalışqan və etibarlı olan gəncləri seçib məsləhət bilirik. Fakültəmizin yüksək səviyyəli təchizatla təmin olunmuş studiyası var. Burada tələbələr kifayət qədər təcrübə əldə edir. Lakin, pandemiya şəraiti və universitetlərin bir ilə yaxındır ki, bağlı olması vəziyyəti gərginləşdirib”.

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Qönçə Quliyeva isə fikirlərini bu cür izah edib: “Universiteti bitirən gənclərin çox hissəsinin dil bilgisi yetərincə deyil: “İndiki dövrdə dil bilməyən gənclərin işlə təmin olunması olduqca çətindir. Universitet məzunu tələbənin təcrübəsi olmadığı üçün işləməklə bağlı təsəvvürü yox dərəcəsindədir. Bir çox şirkətlər və müəssisələr praktikası və iş bilgisi olmayan gəncləri qəbul etmir. Dünyada gənclərin çoxu universitetdə təhsil almasına baxmayaraq, oxuyur və işləyir. Onlara tövsiyyəm odur ki, oxuya-oxuya könüllü işləsinlər. Nəticədə universitet bitdiyi zaman iş bilgiləri sıfır deyil, kifayət qədər olacaq”.

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi olan Samir Mehdiyev tələbələrin işsizliyinin səbəbini onların təcrübəsizliyində görür. Universitetlərdə isə əksinə təcrübədən çox nəzəri biliklərə üstünlük verilir: “Təcrübə proqramları 4-cü kursun sonlarında baş tutur və əsas biliklər də praktika zamanı öyrədilir. Bizim problemimiz üniversitetlərin təcrübəyə köklənməməsidir. Bir çox dünya universitetlərinin tələbələri öz yeməkxana və kitabxanalarında “part time” çalışırlar. Problemin həlli yolu isə nəzəridən çox praktiki dərslərin üstünlük təşkil etməsinə şərait yaratmaqdır”.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...