Ermənistan təslimçilik aktını imzalamağa hazırdırmı? - ŞƏRH

"Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verərkən bildirib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarnı kobud şəkildə pozub. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Bu gün Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz cəbhədə öz gücünü göstərir. Bu ordu bu gün Vətən Müharibəsində öz gücünü düşmənə göstərir. Müharibə getdiyi bir zamanda humanitar atəşkəs elan olunsa da yenidən Ermənistan tərəfi büna məhəl qoymur, hətta mülki əhalini belə hədəf alır. Artıq üçüncü dəfədir ki, humanitar atəşkəs elan olunur və hər birində erməni təcavüzkarları atəşkəs rejimini pozaraq çirkin niyyətlərini ortaya qoymuş olurlar. Cənab Prezident bildirib ki, humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu: "Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik". Azərbaycan Prezidenti ikinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası olduğunu bildirib: "Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular.

…Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq".

Bəli, Ermənistan öz ampulasında qalaraq üçüncü dəfə elan olunan atəşkəsi də pozmuşdur. Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam etməsi onu göstərir ki, Ermənistan təzavüzkar siyasətin davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini "Smerç" raketindən atəşə tutması nəticəsində 19 mülki vətəndaş həlak olub, xeyli sayda insan isə yaralanıb. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqidir.

"BİZ ONLARA ELƏ CAVAB VERDİK Kİ, İNDİ ONLAR TƏƏSSÜFLƏNİRLƏR"

"Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?" – sualına Azərbaycan Prezidenti belə cavab vermişdi: "Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma "Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu".

Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, deyən Cənab Prezident bunun belə olmadığını diqqətə çatdırıb: "Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər".

Bu dərs ilə barışmayan ermənilər dinc əhaliyə atəş açaraq mülki insanları qətlə yetirirlər. Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsi və mülki əhalini hədəf alması onların diplomatik həll istəməyən, siyasi müzakirələrdən uzaq niyyətlərinə əsaslanır. dövlətimizin başçısı dəfələrlə çıxışlarında, eləcə də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edərək ədalətin bərpa olunmasını, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını bildirib: "Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik".

AZƏRBAYCANIN HAQLI TƏLƏBLƏRİNƏ MƏHƏL QOYULMAYIB

İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıb və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıb. Bu illər ərizində heç bir irəliləyiş olmadığını diqqətə çəkən Cənab Prezident yalnız vədlər, yalnız bürokratik prosedurların olduğunu bildirib.

Son ayın hadisələri bir daha göstərir ki, bütün Azərbaycan xalqı, başda Ali Baş Komandan olmaqla ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunanadək haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək: "Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir" bildirən Cənab İlham Əliyev qeyd edib ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür: "Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...