Şirvandan başlanan yol Professor Akif Abbasov - 70

(Portret cizgiləri)

Azərbaycanın görkəmli ziyalılarından biri, pedaqogika üzrə elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, əməkdar müəllim Akif Nurağa oğlu Abbasovun 70 yaşı tamam olur. Bu görkəmli şəxsiyyətin 70 illik yubileyi münasibətilə qələmə alacağım yazıya ad qoymaq üçün seçdiyim variantları nəzərdən keçirirdim. Onun yaradıcılığı, daha doğrusu, professor Akif Abbasovun irsi ilə yaxından tanış olarkən gözümə onun avtoqrafla yazıb mənə bağışladığı “Samsundan başlayan yol” adlı kitabı dəydi. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün həyatına və bənzərsiz siyasi fəaliyyətinə həsr olunan kitabda müəllif onun istiqlal yolunun doğulduğu Samsun əyalətindən başlaması, bu yolda uğurlar qazanaraq Türk Cümhuriyyəti yaratmasından bəhs olunur.

Biz Akif Abbasovun “Samsundan başlanan yol” əsərinə istinad etməklə Akif Abbasovu Mustafa Kamal paşa Atatürklə müqayisə etmək məqsədi güdmürük. Burada başlıca məram görkəmli şəxsiyyətlərin sadə ailə mühitində təlim-tərbiyə alaraq zirvələri fəth edərək qazandığı qələbələrin yolunun haradan başlamasını yada salmaqdır.

Akif müəllim özü sadə ziyalı ailəsində dünyaya göz açan Mustafa Kamal Əlirza oğlunun keçdiyi istiqlal yolunun ona doğma və əziz olan Samsundan başlanmasını elə əsərin adı ilə birbaşa yada salır. Ona görə biz də sadə ziyalı ailəsində anadan olan Akif Abbasovun görkəmli pedaqoq-alim, mütərcim, yazıçı-publisist, jurnalist, dramaturq kimi zirvələr fəth edərək qazandığı qələbələrinin, uğurlarının yolunun Şirvandan başlamasını elə öncədən xatırlatmaq istəyirik.

Bəli, biz Azərbaycanın sənaye şəhərlərindən biri olan Şirvan şəhərində (keçmiş Əli Bayramlı şəhərində) ziyalı ailəsində anadan olmuş yubiliyarımızın Nurağa ocağından aldığı təlim-tərbiyə sayəsində görkəmli alim, tanınmış yazıçı, jurnalist, istedadlı dramaturq, sayılıb-seçilən tərcüməçi kimi şöhrət tapmasından bəhs etməkdən qurur duyuruq. Hələ Şirvan şəhərində təhsil aldığı illərdən etibarən, xarici dillərə meyl edən, ədəbi-bədii yaradıcılıqla məşğul olan Akifin yuxarı siniflərdə oxuyarkən hazırladığı divar qəzetlərinin maraqlı rubrikaları altında verilən yazılar pedaqoji kollektivin və şagirdlərin maraq dairəsində olmuşdur. Onlar bu yazıları böyük maraqla qarşılamışlar. M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti) təhsil alarkən Akif Abbasov yumoristik hekayələri ilə yanaşı ingilis və rus dillərindən bədii tərcümələrilə seçilmişdir. İnstitutu bitirdikdən sonra Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyən Akif Abbasov hər iki məktəbin pedaqoji kollektivi tərəfindən sevilmiş və ona hərtərəfli istedada malik olan müəllim kimi böyük ehtiram göstərilmişdir. Çünki həmin illərdə onun ölkəmizin müxtəlif mətbuat orqanlarında tərcümələri, hekayələri və elmi yazıları çap olunurdu, təcrübəli müəllim idi, öz ixtisasını kamil bikirdi. Bundan başqa, hər iki kənd məktəbinin şagirdlərinin ingilis dilinə, bu dildə tərcüməçiliyə, ədəbi bədii fəaliyyətə istiqamətləndirilməsilə bağlı Akif müəllimin gördüyü işlər ona olan hörmət və ehtiramı daha da artırırdı.

Təkcə şagirdlər və müəllimlər deyil, valideynlər də onun məktəbdən getməsini istəmirdilər. Məktəbin pedaqoji kollektivi və valideynlər xeyli cəhd göstərdilər ki, böyük istedada, çoxçalarlı istedada malik olan Akif müəllimi kənddə saxlasınlar. Lakin tərcüməçiliyə və bədii yaradıcılığa olan maraq və meylləriylə yanaşı elmi tədqiqata göstərdiyi ciddi cəhdləri onu elm sahəsinə gəlməyə bir növ təhrik edirdi. Təhrik edirdi sözünü ona görə xüsusi vurğu ilə deyirik ki, onun mənəvi dünyasında olan tədqiqatçılıq qabiliyyətləri onu daim narahat edir, onu ciddi tədqiqatlar aparmağa sövq edirdi.

Əslində tərcüməçilik və bədii yaradıcılıq insanın genetik qabiliyyətlərindən nəşət edən əsas keyfiyyətindəndir. Fizioloqlar sübut etmişlər ki, qabiliyyətlər insanın irsi keyfiyyətlərindən olub onun fəaliyyətinin müvəffəqiyyətli icrasının əsas şərtlərindən biridir. Psixoloqlar isbat etmişlər ki, qabiliyyətlər fəaliyyətin müvəffəqiyyətli icrasının şərti olub onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmək dinamikasında özünü göstərir. Deməli, hər bir insanda bir və bir neçə qabiliyyət, yaxud qabiliyyət elementləri onun fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirə bilər. Lakin əksər hallarda insanların bir qismində bir və iki fərqlənən qabiliyyət növləri özünü bariz şəkildə göstərir. Məsələn, dünya şöhrətli dirijorumuz Niyazi idmanla da məşğul olmuşdur. O ağırlıq qaldırmaq üzrə Azərbaycan çempionu olmuş və ölkə rekordunu müəyyənləşdirmişdir. Güman etmək olar ki, onun fiziki və bədii qabiliyyətləri ilə yanaşı digər qabiliyyətləri də olmuşdur. Axı, o, böyük Üzeyir Hacıbəylinin nəslindən idi. Üzeyir bəy isə müəllim, dərsliknəviz, yazıçı, dramaturq, bəstəkar, dirijor, rejissor, ictimai-siyasi xadim kimi fitri istedad tərəflərinə malik görkəmli şəxsiyyət idi. Bundan başqa, Niyazinin atası Zülfüqar Hacıbəyli də görkəmli bəstəkar idi. Deməli, görkəmli şəxsiyyətləri ölkəyə və dünyaya tanıdan təkcə bir istedad tərəfi sayılırsa, onun çoxçalarlı istedadlılıq və talantlılıq keyfiyyətləri onu görkəmli bir şəxsiyyətə çevirir. Həmin görkəmli şəxsiyyətlərin qabiliyyələrindən, istedadlılıq, talanlılıq səviyyəsindən xalqın övladları, yetişən nəslin nümayəndələri məqsədyönlü şəkildə bəhrələnirlərsə, onlar tarixi şəxsiyyətlər kimi dəyərləndirilirlər.

Akif Abbasovun şəxsiyyəti də məhz belə şəxsiyyətlərin sırasında yer alır. Onun çoxçalarlı istedadlılıq və talantlılıq qabiliyyətləri içərisində elmi tədqiqatçılıq qabiliyyətləri digərlərini demək olar ki, üstələdi. Onun mənəvi dünyasında məskən salan tədqiqatçılıq qabiliyyətləri onu bu yolda dinamik inkişafa səslədi. Bu səs onu ölkəmizin paytaxtına çağırdı. Özü də elə çağırdı ki, həmin səsin sədasından riqqətə gələn Akif Abbasov 1975-ci ildə sənədlərini Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) verdi. Müsabiqədən müvəffəqiyyətlə keçən Akif müəllim Tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olundu. Bu şöbədə çalışdığı illərdə bir çox nailiyyətlər qazanan Akif müəllim öz elmi məqalələri, kitabları ilə yanaşı xarici ölkələr ədəbiyyatından tərcümə etdiyi tərcümələri və yazdığı bədii yaradıcılıq nümunələrilə ölkədə tanınmağa başladı. O, namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etdiyi illərdə də tərcüməçilik və yazıçılıq fəaliyyətindən uzaqlaşmadı. Onun elmi-tədqiqatları arasında ailə tərbiyəsilə bağlı silsilə əsərləri pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə ailə tərbiyəsi ilə, oğlan və qızların təlimi, təhsili, tərbiyəsilə bağlı apardığı tədqiqatları həm ailə mühitini, həm orta ümumtəhsil mühitini, həm orta ixtisas və ali təhsil mühitini özündə əhatə etdi.

Ölkəmizin tarixində ailə problemlərilə bağlı pedaqoji kontekstdə aparılan ilk tədqiqatlar kimi şöhrət tapan tədqiqat əsərləri Akifə Abbasova böyük şöhrət qazandırdı. Onun ölkəmizdə ilk dəfə olaraq professor Əbdül Əlizadə ilə birgə hazırladığı “Ailə” dərsliyi valideynlər üçün ilk metodik göstəriş, metodik köməklik, metodik istiqamət hesab olunursa, fənn müəllimləri üçün ilk dərslik kimi qəbul edildi. Onun ailə tərbiyəsilə bağlı yazdığı “Ailədə uşaqların hüquq tərbiyəsinin yolları” (1985), “Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair” (1985), “Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair” (II hissə, 1985), “Ailə həyatının etika və psixologiyası kursu üzrə tapşırıqlar sistemi” (1988), “Ailə həyatının etika və psixologiyası” kursunun tədrisinin ümumi məsələləri (1988), “Ailə (elmi-kütləvi nəşr, Ə.Əlizadə ilə), “Ailə” (IX siniflər üçün dərslik, 1986), “Ailə həyatının etika və psixologiyası”: Müəllim üçün vəsait ( 1988), “Ailə”: IX siniflər üçün dərslik (1989), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (1989) (adı çəkilən dərslik və dərs vəsaitləri prof. Ə.Ə. Əlizadə ilə birgə hazırlanmışdır)dərslik və dərs vəsaitləri diqqəti cəlb edir.

Akif Abbasovun ümumtəhsil məktəbləri üçün qələmə aldığı “Ailə”, “Ailə həyatının etika və psixologiyası”, “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə.Ə. Əlizadə ilə), eyni zamanda son on illikdə ali təhsil müəssisələri və kolleclər üçün yazdığı “Milli əxlaq və ailə etikası”, “Ailə pedaqogikası”, “Ailə pedaqogikası: Müntəxəbat” dərslik və dərs vəsaitlərində əgər bir tərəfdən yeniyetmə və gənclərin müstəqil ailə həyatına hazırlanmalarına, gələcəkdə ailə qurmağa hazır olmalarına, oğlanların qızlara olan münasibətlərini düzgün müəyyənləşdirməsinə, qızların isə oğlanlara ədəb-ərkan qaydalarına uyğun yanaşmalarına istiqamət verirsə, sevənlərin davranış mədəniyyətindən söz açırsa, məhəbbətə, nikaha və ailəyə ciddi münasibətin formalaşmasına kömək göstərirsə, digər tərəfdən, bütün türk və müsəlman ailələrində yetişən yeniyetmə və gənclərin həyatda düzgün mövqe tutmalarına şərait yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Akif Abbasovun tədqiqatları sırasında onun inklüziv təhsillə bağlı hazırlayaraq çap etdirdiyi əsərlərini xüsisi qeyd etmək lazım gəlir. Ona görə ki, inklüziv təhsil probleminin həlli ilə bağlı ayrı-ayrı illərdəki dövlət direktivləri bu sahədə çalışan mütəxəssislərin qarşısında təxirəsalınmaz vəzifələr qoymuşdur. Akif Abbasov daim bu vəzifələrin həllində öndə gedən tədqiqatçılardan hesab olunur. Onun zəif eşidən uşaqlar üçün yazdığı dərsliklər (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”) öz aktuallığını bütün gələcək illər üçün saxlayacaqdır. Hələ ötən əsrin 80-ci illərin sonunda Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil İnstitutunun) direktoru Zahid Qaralov zəif eşidən uşaqlar üçün “Oxu” adlı dərsliyin hazırlanmasını insitutun əməkdaşlarından F.B. Sadıqova (yəni bu sətirlərin müəllifinə), A.N. Abbasova və D.Ə. Dostuzadəyə həvalə etdi. Biz M.F. Axundov adına dövlət kitabxanasına gedərək bu sahədə aparılan tədqiqatları və bütün yazılı materialları nəzərdən keçirdikdən sonra dərsliyin mündəricatını tərtib etdik və mündəricatdakı bölmələrin hazırlanması ilə bağlı görüləcək işləri planlaşdırdıq. Açığını etiraf etmək lazımdır ki, Akif Abbasovun həmmüəllifliyi dərsliyin ərsəyə gəlməsində xüsusi rol oynadı. Çünki müəlliflərin hazırladıqları III sinif üçün “Oxu” dərsliyininredaktə işini də Akif müəllim öz üzərinə götürdü. Zəif eşidən uşaqlar üçün dərslik hazırlamaq səriştəsinə yüksək səviyyədə yiyələnən Akif müəllim sonrakı illərdə biri-birinin ardınca zəif eşidən ikinci, üçüncü, dördüncü və beşinci sinif şagirdləri üçün dərsliklər yazmağa nail oldu.

Ötən əsrin doxsanıncı illərinin ortalarından başlayan bu zəfər yürüşü müstəqillik qazandığımız birinci on illiyin sonlarına qədər davam etdi. Müstəqilliyimizin ikinci onilliyində Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunması Akif Abbasov üçün daha böyük əlamətdar hadisəyə çevrildi. Çünki Strategiyanın əsas istiqamətlərinin biri inkluziv təhsilin inkişaf etdirilməsi ilə bağlı idi. Belə direktiv sənədin qəbul olunması Akif üçün iki qat bayrama çevrildi. Çünki o, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunduğu dövrə qədər çəkdiyi zəhmətinin sanki nəticələrinin çiçək açdığını, arzularının reallaşdığını hiss elədi. Azərbaycan hökuməti inklüziv təhsilin inkişafına, formalaşdırılmasına, təkmilləşdirilməsinə və modernləşdirilməsinə göstərdiyi qayğıdan Akif müəllim çox fəxarət hissi keçirdi. O, inklüziv təhsil sahəsində çalışan mütəxəssislər qarşısında qoyulan təxirəsalınmaz vəzifələrin həllində daha yaxından iştirak etdiyindən məmnun qalmışdı. Axı, o, pedaqoji elmi inkişafındakı uğurlarına görə Azərbaycan Respublikası Prezidenti sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş və “Tərəqqi medalı” ilə təltif edilmişdi.

Pedaqogika sahəsində qazandığı uğurlar içərisində onun hazırlayaraq dərc etdirdiyi “Pedaqogika”, “Milli əxlaq və ailə etikası”, “Ailə pedaqogikası”, “Ailə pedaqogikası: müntəxəbat”, “İxtisasa giriş” adlı dərslik və dərs vəsaitlərindən ayrıca danışmaq lazımdır.

Professor Akif Abbasovun professor Hikmət Əlizadə ilə birgə çap etdirdikləri “Pedaqogika” dərs vəsaiti, bir neçə il sonralar Akif müəllimin öz müəllifliyilə çapdan çıxan orta ixtisas məktəbi tələbləri üçün “Pedaqogika” və ali məktəb tələbələri üçün “Milli əxlaq və ailə etikası”, “Ailə pedaqogikası”, “İxtisasa giriş” adlı dərslik və dərs vəsaitləri yüksək qiymətləndirilir. Həmin əsərlərdə elmi pedaqogika ilə bağlı çox saylı yenilikləri vardır. Həmin yeniliklərdən biri haqqında danışmaq yerinə düşərdi. Məlum olduğu üzrə, elmi pedaqogika yarandığı andan ta bu günə qədər tərbiyənin metodları inandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma kimi təsnif olunur. İstər xarici ölkə pedaqoqları (İlina, Şukina, Boldıryev, Juravlyov, Aleksyuk, Savin, Belski, Pinovski, Malenkov, Alekseyev, Boqdanov, Qonçarov, Belikov, Konçaşkin, Qonobolin, Sorokin, Milkovskaya, Qrişin, Babanski, Pidkasisti, Podlası, istərsə də Azərbaycan pedaqoqları (M.Mehdizadə, M.Muradxanov, T.Əfəndiyev, İ.Vəlixanlı, N.Kazımov, Ə.Həşimov, F.Sadıqov, O.Həsənli, M.İsmixanov, R.Mustafayeva, Y.Talıbov, Ə.Ağayev, İ.İsayev, A.Eminov, L.Qasımova, R.Mahmudova, R.Hüseynzadə və b.) tərəfindən hazırlanan “Pedaqogika”, “Məktəb pedaqogikası”, “Pedaqogikanın əsasları”, “Ali məktəb pedaqogikası” adlı dərslik və dərs vəsaitlərində tərbiyənin metodları bir çox hallarda oxşar üslublarla və təsnifatlarla təqdim olunur. Onlardan fərqli olaraq Akif Abbasov istər təlim metodlarını, istər tərbiyə metodlarını təsnif edərkən onları milli təhsillənmənin xarakterinə, səciyyəvi xüsusiyyətlərinə, milli tərbiyənin ənənəvi koloritinə və eləcə də günün tələblərinə uyğun təsnif etmiş və təsnifata daxil etdiklərini aydın, elmi-pedaqoji üslubda şərh etmişdir.

Məsələn, Akif müəllim tərbiyə metodlarını təsnif edərkən “Şüura, ağıla, idraka təsir göstərən metodlar (başqa sözlə, “inandırma metodları”), fəaliyyəti təşkil edən və mənəvi davranışı formalaşdıran metodlar (başqa sözlə, “alışdırma metodları”), şagirdin hiss və münasibətlərini, fəaliyyət və davranışını stimullaşdıran metodlar (başqa sözlə, “rəqbətləndirmə və cəzalandırma metodları), müəllimin şəxsi nümunəsi, tərbiyədə nəzarət, özünənəzarət və özünüqiymətləndirmə (başqa sözlə, tərbiyə prosesinə nəzarət və onun səmərəliliyinin təhlili) metodu; tərbiyənin priyomları (tərzləri) və vasitələri kimi təsnifatların hər birini aydın şəkildə şərh edir. Hansı ki, bu şərhlər pedaqogikanı tədris edənlərlə yanaşı tərbiyə edənlər və tərbiyə olunanlar tərəfindən də məmnuniyyətlə qəbul edilir. Həmin metodlardan birilə, yəni “şüura, ağıla, idraka təsir göstərən metodlar”la bağlı Akif Abbasovun fikirlərinə, ümumiləşdirmələrinə diqqət etsək, digərlərindən fərqlənən yanaşmaların şahidi olarıq. Bu xüsusda danışan alim göstərir ki, ailədə uşaqlara, məktəbdə şagirdlərə düzgün davranış qaydalarının, etik normaların yerinə yetirilməsinin vacibliyini, böyüklərə hörmətli münasibəti, özündən balacalara qayğı göstərməyi, pis hərəkətlərdən yaxa qurtarmağı anlatmaq üçün onlarla müvafiq iş aparılmalıdır. Bu zaman uşağın onun şüuruna, ağlına, idrakına təsir göstərilir. Başa salmağa, öyüd-nəsihətə, məsləhətə və s. üstünlük verilir”.

Göründüyü kimi, Akif müəllim şüura, ağıla, idraka təsir göstərən metodlar içərisində böyüklərə hörməti, pis hərəkətlərdən yaxa qurtarmağın, balacalara qayğı göstərməyin məzmunca inandırma metodları olduğunu daha lakonik, pedaqoji məntiqə uyğun olan bir tərzdə nəzərə çatdırır. Hansı ki, o, bu metodlarla ailədə və ümumtəhsil məktəblərində uşaqları tərbiyələndirməyin vacibliyini göstərir. Bu metodlar vasitəsilə həm də sosial mühitdə yeniyetmə və gənclərin tərbiyəsi ilə məşğul olmağın mümkünlüyünü zəruri sayır.

Bu gün magistral yollarda svetaforların qırmızı işıqlarının yanmasını gözləyən yeniyetmələrin əllərində tutduqları salfetkalar dilənçiliyin ən müasir vasitələrindən biri kimi hamımızda xəcalət hissi doğurur. Əgər tərbiyəçilər, bütövlükdə pedaqoji işçilər, inandırma metodları vasitəsilə yeniyetmələrin şüuruna təsir edə bilsələr, onlara ağıllı məsləhətlər, öyüdlər, nəsihətlər versələr, yəni onları ağıllı olmağa istiqamətləndirsələr, bu, o deməkdir ki, yeniyetmələrin bütövlükdə tərbiyə olunanların idrak prosesinə təsir etməklə onları inandırmaq olar. İnandırmaq olar ki, ələbaxımlı olmaları, dilənçiliyə meyl etmələri onların mənəvi cəhətdən şikəstliyə yuvarlanmaları deməkdir. Məhz bu baxımdan Akif Abbasovun inandırma metodlarının təqdim olunan müddəaları, həm öz aktuallığı, həm də səmərəliliyi ilə diqqəti cəlb edir.

Eyni sözləri alışdırma metodları ilə bağlı elmi-pedaqoji yanaşmaları haqqında da demək olar. Görkəmli alimin dediyi kimi,“fəaliyyəti təşkil edən və mənəvi davranışı formalaşdıran metodlar (başqa sözlə, “alışdırma metodları) şagirddə düzgün davranış və rəftar qaydaları, yaxşı keyfiyyətləri yaratmaqdan ötrü inandırma metodu çox kömək göstərir. Lakin tərbiyədə yalnız inandırma metodu ilə keçinmək olmur. Təkcə onunla söhbət etmək, məsləhət, öyüd-nəsihət vermək, onu dilə tutmaq, başa salmaq kifayət deyildir. Belə ki, məktəbliyə inandırıcı surətdə aydınlaşdırıla bilər ki, düzlük və doğruluq müsbət, insanlar tərəfindən təqdir edilən keyfiyyətlərdir. Həqiqətin tərəfində duran şəxsləri xoşlayırlar. Odur ki, hər bir adam doğrucul, əli, dili düz olmalıdır. Lakin kiçik yaşlardan aldatmağı öyrənmiş, əliəyrilik edən, tez-tez yalan danışan şagirdlə təkcə söhbət etməklə onu düzlüyə alışdırmaq, yalandan çəkindirmək mümkün deyil. Bəzən mənfi keyfiyyətlər, adətlər xarakterdə o qədər möhkəm yer tutur ki, uzunmüddətli səy göstərmədən, əziyyətə qatlaşmadan tərbiyə işində müvəffəqiyyət qazanmaq olmur. Odur ki, tərbiyənin daha kəskin metoduna – məktəblinin fəaliyyətinin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlara, o cümlədən alışdırma metoduna, onun vasitələrinə, priyomlarına müraciət etmək lazım gəlir. Həm də bu metoddan istifadə nəinki məsləhətdir, habelə çox vacibdir. Alışdırma bu və ya digər müsbət hərəkət və davranışa aid vərdişlərin yaradılmasını nəzərdə tutur”.

Göründüyü kimi, alışdırma metodlarını təsnif edən alim şagirdlərə yaxşının, pisin, xeyrin, şərin nə olduğunu öyrətmək; müvafiq təsəvvürlərin məktəblilərin davranış təcrübəsinə çevrilməsi; şagirdlərin mədəni adətlərə üstünlük vermələri, xoşagəlməz hərəkətlərə meyl göstərməmələri alışdırma əlamətləri kimi təqdim olunur. Bu metodlar vasitəsilə tərbiyəvi vəziyyətin yaradılması, məqsədəuyğun tapşırıqların verilməsi, pedaqoji tələblərin vaxtında irəli sürülməsi, ictimai-faydalı əməyə cəlb edilməsi qeyd olunan metodların məğzi kimi aydınlaşdırılır. Elmi pedaqogikaya gətirilən belə yeniliklər həm tərbiyəçilər üçün, həm tərbiyə olunanlar üçün çox faydalıdır. Belə faydalı, aydın və lakonik şəkildə irəli sürülən tərbiyəvi fikirlər, müddəalar və ideyalar həm də pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Professor Akif Abbasovun pedaqoji fikir tariximizi zənginləşdirməyə xidmət göstərən fikirləri, ideyaları, tezisləri, elmi məqalələri, əsərləri ilə yanaşı, bədii yaradıcılıq irsi də mühüm əhəmiyyətə malikdir. Əslində Akif Abbasovun ərsəyə gətirdiyi bədii yaradıcılıq nümunələrinin demək olar ki, hamısında tərbiyə motivləri üstünlük təşkil edir. Yəni onun bədii əsərlərinin bir qismində estetik tərbiyə, digər qismində əxlaq tərbiyəsi, başqa bir qismində mənəvi tərbiyə, digərlərində hüquq, əmək, ekoloji və ideya-siyasi tərbiyə motivləri yer alır. Bütövlükdə götürdükdə onun bədii əsərləri Azərbaycan nəsrinin və dramaturgiyasının inkişafına öz dinamik təsirini göstərmək baxımından xüsusi qeyd edilməlidir. Onun hekayələri, real həyat hadisələrinə, məişət məsələlərinə, davranışla əlaqədar olan mənəvi keyfiyyətlərə, əxlaqın saflaşdırılmasına və bu kimi digər məsələlərə həsr olunmuşdur. Bu silsilədən olan “Lələşin ayaqqabısı”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “Gəlin”, “Atatürk haqqında hekayələr”, “Böyük türk”, “Xallı kəpənək”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Dar günün dostu”, “Geydirmə araq”, “Sənə quzu kəsim”, “Yumruq”, “Yumurta”, “Pensiya pulu”, “Banu və babası”, “Atilla və babası”, “Töhmət”, “Uşaqlar üçün hekayələr”, “Taxta qaşıq”, “Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə” kimi hekayə və tərcümə kitabları sadə dili, şirin üslubu, oxunaqlı olmaları ilə diqqəti cəlb etməklə yanaşı, həyatda, məişətdə, sosial mühitdə gözə dəyən qüsurlar və onların aradan qaldırılmasına xidmət göstərən müxtəlif xarakterli eyhamların vurulmasını da özündə ehtiva edir.

Yazıçı Akif Abbasovun iri həcmli bədii əsərləri içərisində onun povestləri və romanları haqqında ayrıca danışmaq istərdik. “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, "Sultan II Murad", “Acı xatirələr”, “Fateh Sultan Məhmət”, “Ananın ürəyinə gedən yol” romanları Azərbaycan nəsrinin bədii inciləri kimi dəyərləndirilməlidir. Hansı ki, bu incilərin hər biri istər bu günki yetişən nəslin, istərsə də gələcək nəsillərin həyat hadisələrinə, dostluğa, yoldaşlığa, sevgi macəralarına, məhəbbətin bənzərsizliyinə, məhəbbətin fəsadlar törədən sirlərinə, insanlar arasındakı ünsiyyətin təbiət hadisələrinə bənzəməsinə, sədaqətə, bəzi hallarda xəyanətə, təbiətin, cəmiyyətin, idrakın qanunlarına və qanunauyğunluqlarına münasibət bəsləməyi öyrənməyə, təhlil etməyə və nəticə çıxartmağa sövq edir.

Yazıçı Akif Abbasov bir alim-yazıçı kimi türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün yaradıcılığına müraciət etməklə böyük öndər Heydər Əliyevin “bir millət - iki dövlət” müdrik kəlamının bir növ bədii həllinə nail olmuşdur. Azərbaycanlı alim-yazıçının Mustafa Kamal Atatürkün həyatı, bənzərsiz siyasi fəaliyyəti, Türkiyədə ilk Cümhuriyyət qurması ilə bağlı roman və pyes yazması iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına və formalaşmasına öz töhfəsini vermək baxımında mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, romanın Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində təqdimetmə mərasimin zamanı elm adamlarının, siyasətçilərin, yazıçıların roman haqqında fikirlərinə münasibət bildirən səfir Hulusi Kılıç bu romanın təkcə Azərbaycan və Türkiyə gəncləri üçün deyil, bütün türk dünyasının yetişən nəslinin nümayəndələri üçün örnəklərlə zəngin olmasını diqqət mərkəzinə gətirmiş və bildirmişdir ki, bu romandan məmnunluq duyuruq. Çünki böyük öndər Mustafa Kamal Atatürkün maraqlı həyat tərzi, zəngin fəaliyyət motivləri, Vətənə, xalqa, torpağa hədsiz bağlılığı kimi mənəvi keyfiyyətləri yetişən nəslin hər bir nümayəndəsi üçün örnəkdir. Bu örnəklərdən dünyanın bütün sülhsevər xalqlarının nümayəndələrinin faydalanacağına heç bir şübhə ola bilməz. Bütün bu örnəklərin yazıçı Akif Abbasovun romanında yer almasını təqdir etmək hər bir türk övladının borcudur...

Akif Abbasovun 2015-ci ildə “Mütərcim” nəşriyyatında çap olunan romanlarından biri “Acı xatirələr” adlanır. “Acı xatirələr” romanı iki gənc qızın talesiz həyatından bəhs edir. Doğulub boya-başa çatdıqları ölkədə uğursuzluqlarla qarşılaşan qızlar, yəni acı tale yaşamış iki gənc qız mənəvi sarsıntılar keçirir. Hansı ki, bu mənəvi sarsıntılar, yəni onlara dəyən mənəvi zərbələr onların həyatlarını puç edir. Əlacsız qalan qızlar onları sıxan bu həyat məngənəsindən çıxmaq, uğursuz taledən uzaqlaşmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalırlar. Rusiyaya üz tutan qızların xarici ölkədə təkrar uğursuz tale yaşamaları romanda sadə, aydın dillə və rəvan üslubla təsvir olunur.

Yazıçı Rusiyanın paytaxtı Moskvada uğursuz tale yaşayan qızların başına gələnləri onların ikinci uğursuz taleləri kimi təsvir edir. Əsərin əsas qəhrəmanlarından biri olan Mujkanla ailə həyatı quran Çərkəzin əxlaq normalarına uyğun olmayan hərəkətləri, milli koloritə arxa çevirərək, məişət qaydalarına və məfkurə cizgilərinə uyğun olmayan davranışı Mujkanın düçar olduğu acı tale məngənəsində daha möhkəm sıxılmasına səbəb olur. Çərkəzin bu hərəkətlərinin həbsxanaya düşməsi ilə bağlamasını məntiqə uyğun olan bir qanunauyğunluqlar kimi qəbul etmək olar. Əsərin sonunda uzun illərdən sonra həbsxanadan çıxan Çərkəzi qızı Səhərlə qarşılamağa gedən Mujkan sanki öz acı tale ilə barışan talesiz bir qız kimi təqdim olunur. Əsərin sonuna nikbin ruhla yanaşan yazıçı əsərin digər qəhrəmanları olan Rasimin, Səhərin, Siracəddinin, Şahinin, Nailənin başına gələnlərdən sonra həyatda düzgün mövqe tutmalarına, əgər belə demək mümkünsə, bir növ bəraət qazandırır. Acı xatirələrin yerini xoş və ürəkaçan xatirələrin tutması ilə romanı bitirən yazıçı bütün gənclərə qarşılaşdığı ziddiyyətlərə, tuş gəldikləri xəyanətlərə ağılla, fərasətlə, təmkinlə, səbirlə sinə gəlmələrini onlara xatırladır və öz tövsiyələrini bədii şəkildə ifadə edir. Yazıçının bədii maneraları fonunda tövsiyə xarakterli yanaşma tərzi bütün gənclər üçün yazıçının öyüd-nəsihətləri kimi dəyərləndirilməlidir.

Güman edirik ki, onun gələcək romanlarında da belə maraqlı həyat hadisələri oxucuları sevindirəcək, onları mütaliə eləməyə sövq edəcəkdir. Axı, bu gün sosial şəbəkələrin girdabında çırpınan gənclərimizin mütaliə mədəniyyətinin inkişafına təsir göstərəcək romanlara ciddi ehtiyac duyulur. Akif Abbasov bədii əsərlərini bir yerə toplayaraq on cild şəklinə salmış, on cildliyin bütün cildlərini nəşr etmişdir. Bu on cildliyə yazıçının 5 romanı, 3 povesti, 2 pyesi, çox saylı hekayələri; ingilis və rus dillərindən tərcümə etdiyi povestlər, pyeslər və hekayələr daxildir.

Hazırda yazıçı “Qəbirə gedən sirr” və “Artıq adam” romanları üzərində işləyir. Akif Abbasovun oxucuları isə bu romanların nəşr olunmasını səbirsizliklə gözləyirlər...

Deyilənlərdən görünür ki, professor A.N. Abbasov həm elmi, həm bədii, həm də tərcüməçilik sahəsində məhsuldar işləyir. Jurnalislik fəaliyyəti də uğurludur. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərlərinin Baş redaktoru, Bakı Qızlar Universitetinin Elmi əsərlərinin Baş redaktorunun müavinidir. Respublikada nəşr olunan bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.

Akif Abbasov həm də çox ləyaqətli ailə başçısıdır. Ləyaqətli ailə başçısı olan professor Akif Abbasovun həyatda ailəsinə, övladlarına olan münasibəti ədalət normaları üzərində qurulmuşdur. XIII əsrdə yaşamış Azərbaycanın görkəmli simalarından biri Xacə Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazır ki, “Ədalət” cisminə daxil olan növlərin miqdarı on ikidir: birinci sədaqət, ikinci – ülfət, üçüncü – vəfa, dördüncü – şəfəqət, beşinci – rəhmdillik, altıncı – mükafat, yeddinci – ortaqlığın hüsnü, səkkizinci hökmün hüsnü, doqquzuncu – hörmət, onuncu – təslim, on birinci – təvəkkül, on ikinci – ibadət”.

Deməli, Tusiyə görə, ədalətli olmaq üçün göstərilən ədalətlilik keyfiyyətlərinə məxsus olmaq lazımdır. Yubiliyarımız Akif Abbasovun sədaqətli olmasını təqdir edən tərəflərdən birincisi onun ağılı, fərasəti, çoxçalarlı qabiliyyətləri, istedadlılıq və talantlılıq keyfiyyətlərindən nəşət edən sədaqət meyarı onu sağlam ülfətə qovuşdurmuş, vətəninə, doğulduğu ocağa, ailəsinə, valideynlərinə, övladlarına, dostlarına vəfalı olmuş, ehtiyacı olanlara rəhmdilli olmağı ilə şəfqət payı vermiş, bunun üçün daima mükafatlandırılmış, ortaqlığa hüsnü-rəğbət bəsləmiş, Allahın hökmünə hörmətlə yanaşmış, çətinliklərlə üzləşəndə məğlub olmamış, Allaha təvəkkül demiş və əqidəsindən heç vaxt dönməmişdir.

Şərqin fəlsəfi fikir tarixində görkəmli yer tutan Şihabəddin Şührəvərdiyə görə, ləyaqət sahibləri həm də səbatlı olurlar. Səbatlılıq isə ləyaqətli adamların ədalətli olması onları kamil insan səviyyəsinə qaldırır. Bu baxımdan kamil insan səviyyəsində dayanan professor Akif Abbasovun nümunəvi ailə başçısı olmasını xüsusi qeyd etməliyik. Ülfət bağladığı həyat yoldaşını qeyd olunan keyfiyyətlərinə görə seçməsi onu səadətə qovuşdurmuşdur. Bu ülfətdən dünyaya gələn iki övladın hər biri Abbasovlar ocağının ədəb-ərkan normalarından, əxlaq qaydalarından, elmi-ümmanından pay alaraq pöhrələnmişlər. Pöhrələnən övladlardan biri Lalədir. Lalə hələ kiçik olanda onu ölkənin bütün pedaqoji mühiti tanıyırdı. Ötən əsrin ötən əsrin 80-ci illərində kütləvi tirajla çap olunan “Ailə” dərsliyinin üz qabığında kiçik Lalənin şəkli verilmişdir. Bu şəkil adi uşağın şəkli deyildi. Bu şəkil çoxsaylı uşaq şəkillərinin arasındakı xüsusi komissiya tərəfindən seçilmiş və Azərbaycanın ən nümunəvi ailəsində tərbiyə alan, simasında, sifət quruluşunda ümumtürk əxlaqının cizgiləri olan, milli koloritə məxsus keyfiyyətləri öz ağıllı gözlərində, mənalı baxışında ifadə edən qızın şəkli idi.

Lalə xanım atasının yolunu sevərək bəyənmiş və həmin yolda cəsarətlə addımlamış və həmişə uğurlar qazanmışdır. Lalə Məmmədli pedaqogika üzrə fəlsəfə doktorudur. Onun pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsində birinci opponentin rəyindəki fikirlərdən birində deyilir: “ Lalə Akif qızının tədqiqatındakı dəyərli elmi ideyalar, müddəalar, maraqlı ümumiləşdirmələr onun peşəkar tədqiqatçı kimi yetişməsindən xəbər verir...”.

Əlbəttə ki, prpfessor Akif Abbasov kimi görkəmli tədqiqatçının övladına verilən belə dəyərlər bu ocağın görkəmli alim ocağı olmasından və sambalından xəbər verir.

Ailənin ikinci övladı olan Babək qələm əhli olması ilə fərqlənsə də, onun mənəvi dünyasındakı rejissorluq qabiliyyətləri, bu sahədə olan məharətli yanaşmaları onu öz istəyinin ünvanına yönəltdi. Akif müəllim Babəkin rejissorluq qabiliyyətlərinin çiçəklənməsini gördükdə ürəkdən sevindi, onun bu yolda irəliləməsinə öz xeyir-duasını vermişdir. Bu gün professor Akif Abbasovun oğlu Babək Abbaszadə maraqlı ssenarilər yazır, çoxsaylı filmlər çəkir və rejissorluq sənətində ciddi uğurlar qazanır.

Babək Abbaszadənin ssenarisi və quruluşçu rejissorluğu ilə 10-dan artıq film çəkilmişdir. Onlardan “Sonuncu qərar”, “Onun uğursuz günü” və “Ümid işığı” qısametrajli bədii filmləri; “Bu Azərbaycan sirkidir” və “Cavabsız sual” tammetrajlı sənədli filmləri;“Keçmişin gələcəyi”, “Bütün təhdidlərdən uca”,“Sonluğun izi ilə”, “Ürək yaddaşı”, “Gecikmə”,“İki dünya arasında”, “Mənim adım Ələkbər”,“Orkestr və mən”, “Uğur məktəbi”,“Cümhuriyyət tələbələri”,“Qanadlı xatirələr”,“Süvari yolu”, “Bir qəsdin tarixi”, “Danışan əllər”,“Məni izləyən müəmma”,“Nəsir müəllimli illər”,“Zülmətdən doğan işıq” – qısametrajlı flmləri nümunə göstərə bilərik.

İnanırıq ki, Babək Abbaszadənin yazdığı ssenarilər, çəkdiyi filmlər, rejissorluq etdiyi bədii yaradıcılıq nümunələri Azərbaycanın hüdudlarından kənarda da tanınacaq. Biz Babəkin dünya şöhrətli rejissor olmasına inanır və bu yolda ona böyük müvəffəqiyyətlər arzu edirik...

Akif Abbasov övladlarına olan hədsiz sevgini, sonsuz məhəbbəti Böyük Allahın ona bəxş etdiyi nəvələrilə bölüşür. O , nəvələrinə olan bənzərsiz, çılğın məhəbbəti onlara həsr etdiyi “Atilla və babası”, “Banu və babası” kitablarında bədii şəkildə ifadə etmişdir. Güman edirik ki, bu kitablar xarici dillərə çevrilərək (Akif müəllim özü bu kitabları rus, ərəb, ingilis dillərinə tərcümə edəcək) dünya kitabxanalarında yer almaqla Azərbaycan uşaq ədəbiyyatına başucalığı gətirəcəkdir.

... Budur, Şirvandan başlanan yolun növbəti dayanacağındayıq. Hələ bu harasıdır. Alim-yazıçı, mütərcim, görkəmli ictimai-siyasi xadim, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar müəllim, Qabaqcıl Maarif Xadimi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Akif Nurağa oğlu Abbasovun Şirvandan başlanan şərəfli yolun dəyərli məqamları ilə tanış olduq. Hələ bu möhtəşəm yol böyük müvəffəqiyyətlə davam edir.

70 yaşlı yubiliyarımıza bu yolda uğurlar və qələbələr diləyir, ona can sağlığı, uzun ömür arzu edirik.

Fərahim SADIQOV,

Bakı Elm-Təhsil Mərkəzinin prezidenti,

pedaqogika üzrə elmlər doktoru, professor,

Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü,

akademik Yusif Məmmədəliyev, akademik

Mehdi Mehdizadə mükafatları laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...