ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə yaxından tanış olub

Yanvarın 23-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə görüşüb.

Fondun fəaliyyəti barədə qonağa ətraflı məlumat verən icraçı direktor qurumun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə yaradıldığını bildirib. V.Səfərli Fondun yaradılmasının xüsusilə də internet mediası ilə rəqabətdə uduzan çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 11 ilə yaxın müddətdə çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. V.Səfərli Fondun maliyyə dəstəyi ilə hazırda 25 ictimai-siyasi qəzetə maliyyə dəstəyinin göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Fond tərəfindən və digər dövlət qurumları ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqələri media nümayəndələrinin yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də beynəlxalq təşkilatlar və diplomatik korpuslarla əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə reallaşdırılan layihələr, o cümlədən bir sıra Avropa və MDB dövlətlərinə təşkil edilən səfərlər barədə məlumat verən Vüqar Səfərli bildirib ki, məqsəd müxtəlif ölkələrin mediasının fəaliyyəti ilə yaxından tanış olmaq və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Vüqar Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. İcraçı direktor dövlət başçısının müvafiq sərəncamları əsasında son 10 ildə 2 çoxmərtəbəli yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, ehtiyacı və medianın inkişafında xidmətləri olan 411 nəfər KİV əməkdaşının şəffaf meyarlar əsasında mənzillə təmin olunduğunu diqqətə çatdırıb. Vüqar Səfərli inşası yekunlaşmaqda olan sayca üçüncü binanın bu il istifadəyə veriləcəyini və daha 255 nəfər jurnalistin mənzillə təmin olunacağını bildirib.

İcraçı direktor onu da bildirib ki, ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən seçkilər ərəfəsində Fondun Mərkəzi Seçki Komissiyası ilə birgə keçirdiyi konfranslar jurnalistlərin maarifləndirilməsinə xidmət edib. "Jurnalistlərin seçki prosesində iştirakının əsasları" mövzusunda keçirilən konfranslarda MSK üzvləri, habelə tanınmış hüquqşünas-ekspertlər tərəfindən jurnalistlərin seçkilərdə iştirakının hüquqi əsasları ilə bağlı ətraflı məlumat verilib, habelə media nümayəndələrini maraqlandıran sualları ətraflı cavablandırılıb. Fondun maliyyə dəstəyi ilə hazırlanan

buklet və kitabçalar əyani maarifləndirici vəsait kimi media nümayəndələrinə təqdim edilib.

Sonda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalininanı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə