Reketçiliklə məşğul olan qəzetlər sıradan çıxacaq? - LAYİHƏ

Mətbuatda qəzet reketçiliyi ilə məşğul olan şəxslərin fəaliyyətlərinin aşkar olunması istiqamətində Mətbuat Şurasının gördüyü tədbirləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, jurnalistikada reketçiliyin tam aradan qaldırılması üçün daha hansı tədbirləri həyata keçirilməsi məqsədəuyğundur? Bu suallarla baş redaktorlara müraciət edik.

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

- Mətbuat Şurası (MŞ) yarandığı gündən bu istiqamətdə fəaliyyət göstərir. Ümumiyyətlə, MŞ-də sözügedən məsələ ilə bağlı xüsusi komissiya təşkil olunub. Bu komissiyanın başlıca vəzifəsi reketçiliklə məşğul olan jurnalistləri aşkara çıxarmaqdan ibarətdir. Fikrimcə, bu istiqamətdə görülən işlərin böyük ictimai effekti var. Təbii ki, Mətbuat Şurasının gördüyü işlər bir ictimai təşkilatın gördüyü iş kimi qiymətləndirilməlidir. Amma bundan maksimum effekt gözləmək də mümkün deyil. Burada yalnız bu ictimai effektdən söhbət gedə bilər. Fikrimcə, mətbuatda reketçiliyin tam aradan qaldırılması istiqamətində prinsipial addımın atılmasına ehtiyac var. Bildiyiniz kimi, hazırda ölkədə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı müzakirələr gedir. Güman edirəm ki, diffamasiya haqqında qanun qəbul olunacaq və bu da cərmələrin artmasına səbəb olacaq. Təbii ki, bütün bunlar reketçiliklə məşğul olan jurnalistlərə təsirsiz ötüşməyəcək. Bununla ölkə mətbuatında reketçiliklə məşğul olan jurnalistlərin sayı getdikcə azalacaq.

Natiq Məmmədli, "Kaspi" qəzetinin baş redaktoru:

- Fikrimcə, Mətbuat Şurasının fəaliyyət göstərdiyi müddət ərzində ən uğurlu işlərdən biri, məhz reket jurnalistikasına qarşı apardığı mübarizədir. Bu, reket jurnalistikasına qarşı ictimai mübarizəni aktivləşdirdi və belə ciddi problemə ictimaiyyətin diqqətini yönəltdi. İlk dəfə olaraq, reket qəzetlərin "qara siyahı"sı tutuldu və reketçilik fəaliyyəti ilə məşğul olan bir sıra qəzetlər sözügedən "qara siyahı"ya salındı. Bu baxımdan, Mətbuat Şurası yarandığı gündən bu vaxta qədər göstərdiyi ən uğurlu fəaliyyətlərindən biri də məhz reketçiliyə qarşı apardığı mübarizədir. Düşünürəm ki, reket jurnalistikasını cəmiyyətdə tam şəkildə aradan qaldırmaq üçün o, qəzetlərin arxasında dayanan reket məmurlar məhsuliyyətə cəlb olunmalıdır. Onların əlində təsir mexanizmləri qaldıqca mətbuata belə sifariş verəcəklər və öz çirkin məqsədlərini həyata keçirməyə çalışacaqlar. Yəni, burada qəzet və jurnalist bir vasitə kimi istifadə olunacaq. Bu vəziyyətin qarşısı alınmalıdır. Düşünürəm ki, Mətbuat Şurasının bu mübarizəsində məqsəd, əslində, reketçilik problemini ictimaiyyətin diqqət mərkəzinə gətirməkdən ibarətdir. Ancaq bu, sözügedən problemin kökünü kəsməyəcək. Çünki bəzi qəzetlər var ki, adları dəfələrlə "qara siyahı"ya düşür və sonra da çıxır. Jurnalistikada rekeçiliyin kökünü tamamilə kəsməyin bir yolu var ki, bunun əsas mənbəyini, yəni, qidalanma mənbəyini aradan götürmək lazımdır. Onda reket jurnalistikasının da kökü kəsilər.

Bütün xəbərlər Facebook səhifəmizdə