Cocuq Mərcanlıda tank əleyhinə 20 mina partladıcısı aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1456 qəlpə, 20 tank əleyhinə "TM-57" minasının partladıcısı (MVZ-57) və 1 ədəd "TM-57" minasının gücləndiricisini aşkar edərək zərərsizləşdiriblər. Ümumilikdə 45 min 236 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 60 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi səkkiz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 935 min 360 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Agentlik tərəfindən yanvarın 1-dən aprelin 18-dək 5131 partlamamış hərbi sursat, tank əleyhinə 103 mina və piyada əleyhinə 9 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 1 milyon 992 min 474 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə