Ulu Öndərin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Nizami rayonunda Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, bu gün Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib.

Cəbhə xəttində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müsabiqəyə start verilib.

Rayonun 30-a yaxın təhsil ocağının təmsilçisinin iştitak etdiyi müsabiqədə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib. Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin peşəkar müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirmələrindən sonra mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar. Qeyd edilib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Çıxışlardan sonra I yerin qalibi olmuş 251 saylı orta məktəbin şagirdi Cəmilə Muradovaya, II yeri tutmuş 238 və 12 saylı orta məktəblərin təmsilçiləri Nərmin İsmayılovaya, Zeynəb Əhmədovaya, III nəticə ilə kifayətlənmiş 229, 61 və 328 saylı orta məktəblərin şagirdləri Aytac Nehmətovaya, Gülnar Əsədullayevaya və Səbinə İsmayılovaya, eləcə də həvəsləndirici yerə layiq görülmüş 220, 214, 10 saylı məktəblərin və Zəngi liseyinin təmsilçilərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə