Erkən nikahın sağlam ailə modelinə vurduğu zərbələr ARAŞDIRMA

Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Erkən nikahlara daha çox Asiya və Afrika ölkələrində rast gəlinsə də, bu cür hallar Avropa ölkələrində də mövcuddur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada erkən nikahların sayına görə birinci yeri Fələstin tutur. Belə ki, orada erkən nikahların sayı 51,7 faiz təşkil edir. Fələstindən sonra 20,1 faizlə ikinci yerdə Misir, 15 faizlə üçüncü yeri isə İsrail tutur. Qonşu ölkələr olan Türkiyə və Rusiyada da bu kimi problemlər olmaqdadır. Statistikaya görə, Türkiyədə 180 mindən çox qız 18 yaşa qədər nikaha girir. Rusiyada bu cür nikahlar 13-15 faiz təşkil edir. Çox təəssüf ki, erkən nikah problemi Azərbaycandan da yan keçməyib. Xüsusən də müəyyən bölgələr var ki, orada qızları çox erkən yaşlarında ailə qurmağa sövq edirlər. Bəzi valideynlər düşünmürlər ki, erkən nikah halları sonradan ağır fəsadlara yol aça bilər.

Bəs bunun qarşısının alınması istiqamətində hansı işlər görülür? Erkən nikah hallarının azaldılması üçün nə etməliyik? Erkən nikaha gətirib çıxaran səbəblər nədən ibarətdir? SİA bunu araşdırmağa çalışıb.

"Adət heç zaman qanundan üstün ola bilməz"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, Ailə institutu hər bir cəmiyyətdə mühüm olan institutlardan biridir: "Ailə hüquqlarının müdafiə edilməsi isə ən vacib məsələlərdəndir. Bəzi məsələlə adət-ənənələrimiz əsasında həyata keçirilir. Lakin onların həm müsbət, həm də mənfi tərəfləri var. Çox yerlərdə erkən nikahları bu məsələ ilə bağlamağa çalışırlar və bildirirlər ki, bu, bizim adətimizdir. Lakin belə adət yoxdur. Heç zaman adət qanundan üstün ola bilməz. Birmənalı şəkildə qanunlara riayyət etmək lazımdır. Azərbaycan Konstitusiyasına görə, 18 yaşına çatmamış yeniyetmələrin inkişafı, təhsili sağlamlığı ilə bağlı məsuliyyət valideynlərin üzərinə düşür. Azərbaycanda qanunvericilik aktları genişdir. Bunlardan biri 2000-ci ildə qüvvəyə minmiş Ailə Məcəlləsidir. Bu sənəd Ailə İnstitutunun möhkəmlənməsi baxımından mühüm bir sənəddir. Ümumiyyətlə, ailə institutunun möhkəmlənməsində hər zaman qadın problemi durur. Azərbaycan qadını övladlarının tərbiyəsində hər zaman aparıcı rol oynayıb. Ailə institutunun inkişafına mane olan problemlər ailə modelinin zəifləməsinə səbəb olub. Son zamanlar valideynin uşağa olan münasibəti, uşağın valideyninə olan hörmətində müəyyən problemlər yaşanmaqdadır ki, bunun da əsasında hər iki tərəfin bir-biri ilə ünsiyyətinin zəif olması dayanır. Erkən nikahlar da ailə institutunun zəifləməsinə səbəb olan problemlərdən biridir. Statsitikaya görə ölkəmizdə boşanmaların sayı artmaqda davam edir. Əvəllər kiminsə övladı boşandan böyük bir hadisəyə, cəmiyyətdə geniş müzakirələrə səbəb olurdu. Amma indi gənclər daha tez və asanlıqla boşanma yoluna üz tuturlar. Təhlillər göstərir ki, boşanmalara səbəb olan əsas səbələrdən biri erkən və məcburi nikahlardır. Maddi maraqları, ailənin cəmiyyətdə vəziyyətini üstün tutaraq, məcburən qızını kiməsə verən ailələrin sonu belə də olmalıdır. Erkən nikahlar qeydiyyata alınmır. Bu hal bir çox səbəblərə yol açır. Xüsusilə də rayonlarda və kənd yerlərində bu kimi problemlərə daha çox rast gəlinir. Nədənsə Azərbaycan ailələrində qızlara qarşı ayrı-seçkilik hallarının olduğunu görürük. Bunun özü də böyük problemdir. Bunu fikir verməli, bu sahədə böyük tərbiyələndirmə və maarifləndirmə işi aparılmalıdır. Bu problemlər hər birimizi narahat edən problemlərdir. Belə halların qarşısını almaq üçün geniş müzakirələr aparılmalıdır. Ailə planlaşması üzrə mütləq şəkildə icma səviyyəsinə iş qurulmalıdır. İcra hakimiyyətlərində yüksək vəzifə tutan xanımlarımız, eləcə də bələdiyyə işçiləri bu məsələyə yaxından qoşulmalı, rayonlarda bununla əlaqədar işlər görülməlidir. İnsanlar hüquqi maarifləndirilməlidir. Bu maarifləndirmə formal xarakter daşımamalıdır. Biz bu məsələyə diqqət yetirməli, hər yaşa görə maarifləndirmə işində yeniliklər tapmalıyıq".

"Hər il 10-a yaxın erkən nikahın qarşısı alınır"

Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib ki, əfsuslar olsun ki, uğurlu ailələrimizlə yanaşı, problemli ailələrimiz də var: "Yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər neqativ halların yaranmasına səbəb olur. Ailə, qadın və uşaq siyasətinin həyata keçirən dövlət qurumu kimi bizim də bir sıra öhdəliklərimiz var. Lakin insan özü də bunu dərk etməlidir ki, valideyn olaraq, övladım üçün hansı gələcəyi qururam? Məsələ yalnız təhsildə, yaxşı işlə təmin olunmaqda, övadına ailə qurmaqda kömək etməkdən ibarət deyil. Əgər ana övladı ilə daim ünsiyyət qurmursa, onun həyatına, xüsusilə də keçid yaş dövrünə biganə yanaşırsa, əlbəttə, həmin uşaqlar gələcəkdə bir sıra sosial-psixoloji problemlərlə üzləşəcəklər. Bəzi valideynlər qızlarını təhsildən yayındıraraq erkən yaşda nikaha məcbur edirlər. Təcrübə göstərir ki, belə nikahların çoxu uğursuz olur. Bu baxımdan maarifləndirmə işlərinin aparılması çox vacibdir. Əsasən də bununla əlaqədar regionlarda işin daha da gücləndirilməsinə ehtiyac var. Komitənin nəzdində fəaliyyət göstərən 11 uşaq və ailələrə dəstək mərkəzlərinin köməkliyi ilə regionlarda risk qrupuna aid olan ailə, qadın və uşaqları müxtəlif xidmətlərə yönəldir, əhali arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparılır. Xüsusilə də qeyd etməliyəm ki, mərkəzlər tərəfindən hər il 10-a yaxın erkən nikahın qarşısı alınır. Əlbəttə, bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, onların nəzdində olan yetkinlik yaşına çaytmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti də gücləndirilməlidir. Bundan əlavə, komitəmiz ailəyə dəstək və digər məsələlərlə bağlı hər zaman Milli Məclislə əməkdaşlıq edərək nikah yaşının cinslər arasında bərabərləşdirilməsi, nikaha daxil olmaq üçün yaş həddinin azaldılmasına yol verilən halların konkretləşdirilməsi, nikah müqaviləsinin tətbiqi və digər məsələlərlə bağlı təkliflər paketi ilə müraciət edib".

"İslamda övladının razılığı olmadan ailə qurmağa təhrik etmək məsələsi yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib ki, ailə institutunun formalaşmasında iki faktor var. Onlardan biri hüququ baza, digər isə adət-ənənələrimizdir: "Əgər ailə istitutunu adət-ənənələrimiz formalaşdırırsa, bəs adət-ənənələrimizi nə formalaşdırır? Adət-ənənələrimizin formalaşmasında əsas komromentlərdən biri dindir. Düzdür, adət-ənənələrimizin hamısı din qaynaqlı deyil, burada etnik mənsubiyyətimiz rolu olduğu kimi, dini mənsubiyyətimizdən, dini inancımızdan gələn məsələlər də müəyən rola malikdir. Məsələ burasındadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı dindənmi qaynaqlanır, yoxsa xurafatdanmı? Azərbaycanda dindarlaşma prosesi gedir. Lakin bu proses bir sıra problemlərə də yol açır. Təəssüf ki, bəzi dindar qruplar islamçılığı Azərbaycançılığa qarşı qoyurlar. Bəzən qadın hüquqlarına qarşı çıxışlar olur. Bura qadına təsir, ailə münasibətlərində qadın hüquqları, erkən nikah, qadının döyülməsi, qadının ictimai-siyasi həyatda iştirakı ilə bağlı məsələlər daxildir. Biz hüququ dövlətdə yaşayırıq. Bütün məsələlər, problemlər bu müstəvidə tənzimlənməlidir. Lakin biz hüququ müstəvisi ilə yanaşı marrifləndirmə işini də qurmalıyıq. Düşünürəm ki, dindən qaynaqlanan bu məsələlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya biləcək. Bizim birinci qaynağımız Qurani-Kərim, ikinci qaynağımız isə peyğəmbərimizin həyatı yəni hədislərdir. Quranı-Kərimdə Tanrı buyurur: "Bilən də bilməyən də eyni olarmı? Biz sizə göz verdik, görmürsünüzmü, biz sizə qulaq verdik, eşitmirsinizmi, biz sizə ağıl verdik, düşünmürsünüzmü?". İslama görə istər qız, istərsə də oğlan ilk növbədə təhsil almalıdır. Övladına təhsil vermək valideyninin birinci vəzifədir. Belə bir dinin nümayəndəsi təhsilə qarşı çıxa bilərmi? Əlbəttə, yox. Peyğəmbərimizin erkən nikahlarla bağlı nümunəsi var. Peyğəmbərin nəslini qızı davam etdirib. O, öz qızını fikirini, razılığını əldə etdikdən sonra ərə verib. İslamda övladının razılığı olmadan ailə qurmağa təhrik etmək məsələsi yoxdur. Həm valideynin, həm də övladın razılığı olması mütləqdir. İslam şəriətinə görə, yalnız ikinci dəfə ailə qurduqda valideynin razılığına ehtiyac qalmır. Bunların qarşısını almaq üçün hüququ müstəvi var. Bəs maarifçilik müstəvisində nə edə bilərik? Çox təəssüf ki, səhv anlayışlar bizə səhv islam adı altında gəlir. Biz buna qeyri-ənənəvi islam deyirik. Hər bir xalq İslamı qəbul edərkən ona zidd olmamaq şərtilə öz adət-ənənələrini də qoruyub. Misal üçün ərəblərdə adət-ənənələrindən biri 4 qadınla ailə qurmaqdır. Lakin bizdə bu yoxdur və bunun olmaması da islama zidd deyil. Problem islamda deyil, xalqa xas olan islamın idaxlından söhbət gedir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bizim sağlam islamla bağlı apardığımız maarifçilik işinin nəticəsi olaraq biz həm radikalizmə, həm də ailə dəyərlərinin möhkəmlənməsi üçün dini dəyərlərdən istifadəni önə çəkmiş oluruq".

"Erkən nikah 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır"

Hüquqşünas Səməd Vəkilov problemin hüququ tərəflərindən danışaraq söylədi ki, erkən nikahlar bəzən çox ağır fəsadlara səbəb olur: "Konstitusiyamıza görə, nikah yaşı 18-dir. Lakin müvafiq icra hakimiyyəti orqanı yaş həddini 1 il müddətində azalda bilər. Bir çox hallarda məsuliyyətdən yayınmaq üçün nikahı qeydiyyata salmırlar nəticədə yeni doğulmuş uşaq tibbi qeydiyyatdan keçmir. Çünki, xəstəxanada qeydiyyata düşən kimi həkim bir başa polisə, polis isə prokurorluğa müraciət edir ki, nəticədə həmin şəxslərə qarşı cinayət işi başlanır. Ailə Məcəlləsinin 152 maddəsində bildirilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onlar da bu problemlərdən yayınmaq üçün uşağın ev şəraitində dünyaya gəlməsinə üstünlük verirlər. Belə uşaqlara normativdə nəzərdə tutulan peyvəndlər vurulmur, eyni zamanda uşaqlar həkim müayinələrindən də keçə bilmirlər. Nəticə etibarı ilə bəzən ana və uşaq ölür, ya da sağlamlıqlarında problemlər yaranır. Erkən nikah halları atalığın müəyyən olunmasında problemlər yaradır. Bu problemlər gələcəkdə aliment, hüquqların məhdudlaşmasına gətirib çıxarır. Düşünürəm ki, bununla bağlı təkcə hüququ mühafizə orqanları deyil, yerlərdə müvafiq icra nümayəndələri, vətəndaş cəmiyyəti institutları məşğul olmalı, belə halların monitorinqini aparmalıdırlar. Erkən nikah hallarına daha çox Cənub bölgəsində rast gəlinir. Bu problemlərin aradan qaldırılmasında inzibati üsullardan daha çox maarifləndirmə işlərinin aparılmasına üstünlük verilsə, daha yaxşı olar".

"Erkən nikaha daxil olan xanımlar ömür boyu əziyyət çəkirlər"

Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova isə erkən nikaha daxil olan xanımların ömür boyu əziyyət çəkdiyini dilə gətirib: "Erkən nikah məsələsinin qarşısının alınması hələ də çözülməyən problem olaraq yaşanır. Bu da mental durumlara söykənir. "Qızın evdə qalması" təhlükəsi valideynləri narahat edir və fizioloji durumu hazır olmadan belə onları ərə verməyə çalışırlar. Danılmaz faktdır ki, bu daha çox bölgələrdə baş verir. Qızlara təhsil, sənət vermək əvəzinə həyat yoldaşı seçməyi daha üstün tuturlar. Qızın yaşını, təcrübəsini, fiziologiyasını, hətta psixoloji durumunu belə nəzərə almırlar. Daha sonra erkən nigah cəmiyyətdə məişət zorakılığına, fiziki-psixoloji çətinliklərə və qadın xəstəliklərinə gətirib çıxarır. Çünki gəlinciklə oynayan qızlar ailə və onun məsuliyyətindən xəbərsizdirlər. Uşaqlıq dövrünu doyunca yaşmayan qızın birdən övlad sahibi olması, ailə qayğısı ilə baş-başa qalması onların gələcəyini sual altına qoyur. Bir çox hallarda erkən nikahlardan qeyri-sağlam uşaq dünyaya gəlir. Yaxşı olardı ki, valideynlər qızları erkən ərə vermək əvəzinə, onlara ailə məsuliyyətinin nə olduğunu başa salsınlar. Düzgün zamanda infantil yaşda qurulan ailələr daha çox boşanma və şiddət təhlükəsi ilə üzləşirlər. Belə xanımların cəmiyyətə uyğunlaşması da çətin olur. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu cür ailələr həddindən artıq çoxdur və səbəbkar isə övladını deyil, ətrafını və qohum-əqrabasını düşünən valideynlərdir. Belə valideynlər qızlarına dəstək olmaq əvəzinə onları itirməyə hazır olurlar. Belə olan halda, xanımlar hətta intihara əl atırlar. Yaşı18-dən az olan qızları ərə vermək onların gələcəyi ilə oynamaq deməkdir. Erkən nikaha daxil olan xanımlar bir ömür boyu natamam komplekslərdən əziyyət çəkirlər. Sual edə bilərlər ki, bir neçə əsr öncə xanımlar 13-14 yaşında necə ailə qurub, nəvə-nəticə sahibi olurdular? Müasir cəmiyyətin xanımlarının fiziologiyası ilə illər öncə qadınların fiziologiyasını eyni tərəziyə qoymaq ən azı böyük bir yanlış olar. Onların yaşam tərzi indikindən maksimum dərəcədə fərqlənir. Ailə quran insanlar cəmiyyətə sağlam nəsil vermək arzusundadır. Bu cür qurulan ailələr insan fundamentinə də öz mənfi təsirini göstərir. Unutmayaq ailə quran qızların həm tibbi, həm də psixoloji cəhətdən sağlam olması başlıca şərtdir. Belə olmadıqda qızlar ömürlərini özünəqapalı, inamsız və kompleksli şəkildə sürməli olurlar. Lakin bizə sağlam ailə lazımdır. Çünki sağlam ailə, sağlam cəmiyyət və sağlam gələcək deməkdir!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...