Övlad ailənin sütunudur. Heç təsadüfi deyil ki, boşanmalar daha çox sonsuzluq səbəbindən baş verir. Kimlərsə övlad acısına görə göz yaşı tökdüyü halda, kiminsə övladı valideyni onu atdığına görə göz yaşı tökür. Lakin mövzumuz sonsuzluq deyil, atılmış uşaqlarla bağlıdır.
Təəssüfləndirici olsa da, Azərbaycanda da "Təzə doğulan körpə atıldı" başlıqlı xəbərlərə rast gəlirik. Kimisi yeni doğulan körpəni küçəyə, kimisi xəstəxanın həyətinə, kimisi zibilliyə, kimisi isə yol qırağına atıb gedir. Kanalizasiya borusundan körpə tapıldığını eşidəndə isə, bu hala acımaqdan başqa əlimizdən heç nə gəlmir.
Bu cür halların olmaması üçün nə etməli, bioloji ana olub, lakin mənəvi analıq etməkdən imtina edənləri bu yoldan necə döndərə bilərik? Atılmış uşaqların sonrakı taleyi qanunvericiliklə necə qorunur? Bütün bu suallara cavab tapmaq üçün mövzunu araşdırmağa qərar verdik. Araşdırmamız zamanı bir sıra mütəxəssislər SİA-ya açıqlama verib, mövzu ilə bağlı fikirlərini bildirdilər.
"Atılmış uşaqlar üçün sığınacaqlar olmalıdır"
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu cür halların baş verməməsi üçün maarifləndirmə işlərinin aparılmasının önəmli olduğunu vurğuladı: "Milli Məclisdə yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığı və onların hüquqlarının qorunması haqqında qanun layihəsi var. Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən, uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçıranlar 100-500 manat arasında cərimə, bir il ərzində islah işləri və ya 6 aylıq azadlıqdan məhrum edilir. Bundan əlavə, Nazirlər Kabinetinin 2000-ci ildə atılmış uşaqlarla bağlı 170 saylı qərarı var ki, həmin qərara əsasən, 0-3 yaşına qədər uşaqlar icra hakimiyyəti orqanları, Qəyyumluq və Himayəçilik Komissiyasında, Səhiyyə Nazirliyində, 3 yaşdan sonra isə Təhsil Nazirliyində qeydə alınır. Atılmış uşaqlar polis tərəfindən tapıldıqdan sonra İcra Hakimiyyətinə təqdim olunur, daha sonra o, körpələr və ya internat evində yerləşdirilir. Təəssüf ki, belə uşaqlar üçün ayrıca reabilitasiya mərkəzləri yoxdur. Yalnız Binəqədi rayonunda özəl fəaliyyət göstərən müvəqqəti sığınacaq var. Uşaqların və zorakılığa məruz qalan qadınların sığınacaq evlərinin olması komitəmizin planında olan məsələlərdən biridir. Biz düşünürük ki, atılmış uşaqlar və məişət zorakılığına məruz qalan qadınlar üçün regionlarda sığınacaqlar olmalıdır. Həmin sığınacaqlarda həm atılmış uşaqlar, həm də məişət zorakılığına məruz qalan qadınlarla məşğul olacaq psixoloqlar, terapevtlər, pediatrlar və başqa müəllimlərin olması vacibdir.
Atılmış uşaqlara təkcə yeni dünyaya gələn uşaqlar deyil, eləcə də 3-4 yaşında da atılanlar da daxildir. Sığınacaqlarda həmin uşaqlarla çalışacaq böyük kollektiv olmalıdır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq biz bununla bağlı tədbirlər keçirməyi, təkliflər irəli sürməyi düşünürük. Konstitusiya qanunlarına görə, bütün uşaqlar dövlətin himayəsindədir. Sadəcə bu mexanizmlərin işləməsində yeniliklər və innovasiyalar olmalıdır. Bütün bunlar qanunvericilik baxımından atılacaq addımlardır, lakin bu halların qarşısının alınmasında ən faydalı yol əlbəttə ki, maarifləndirmədir. Əgər ana uşağını atmaq istəyirsə, ona hansı qanun təsir edə bilər? Bu baxımdan maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun və təsiredici ola bilər".
"Uşağını atan valideynlər məsuliyyətə cəlb olunmalıdır"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev qurum tərəfindən bu istiqamətdə aparılan işlərdən danışdı: "Uşaqların atılmasının qarşısını qanunvericilik və ya hansısa maarifləndirici tədbirlərlə almaq mümkündür. Maarifləndirici tədbirlər keçirməklə övladını atmaq istəyən valideynlərə öz öhdəliklərini aşılamaq, məsuliyyət hissini artırmaq olar. Yeni doğulan körpələr atıldıqdan sonra uşaqları tapan şəxslər polisə müraciət edir, polis onları uşaq evlərinə yerləşdirir. 3 yaşına qədər uşaqlar Səhiyyə Nazirliyinin müəssisəsində qalırlar. Polis tərəfindən uşağın valideyninin axtarılması ilə bağlı işlər həyata keçirilsə də, bəzən valideynlər tapılmır. Uşağını atan valideynlər məsuliyyətə cəlb olunmalıdır. Belə olan halda digərləri bundan nümunə götürər və uşaqların atılması halları azalar. Həmin uşaqlar uşaq evlərinə verilərək valideyn himayəsindən məhrum olurlar. Komitəmiz tərəfindən bu cür halların qarşısının alınması istiqamətində daha çox məktəblərdə maarifləndirmə tədbirləri keçirilir. Çünki, məktəblərdə şagirdlərlə yanaşı, birbaşa valideynlərlə təmasda olur, onları bu işə cəlb edə bilirik. Tədbirlərimizə ekspert, psixoloqlar dəvət etməklə geniş ictimaiyyəti əhatə etməyə çalışırıq. Atılmış, baxımsız uşaqlarla yanaşı, erkən nigah kimi digər məsələlər komitənin diqqət mərkəzindədir. Bundan əlavə, komitə tərəfindən sözügedən mövzularla bağlı sosial çarxlar da mövcuddur ki, onlardan daha çox televiziya kanalları istifadə edir".
"Atılmış uşaqların hüquqları qanunla tənzimlənir"
Valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının qorunmasına gəlincə, hüquq müdafiəçisi Səməd Vəkilov söylədi ki, atılmış uşaqların hüquqları qanunla tənzimlənir: "Konstitusiyanın 34-cü maddəsinə görə, uşaqları tərbiyə etmək və qayğısına qalmaq valideynin borcudur. Bu, həm konstitusion norma, həm də valideynin hüququdur. Ailə Məcəlləsində ata ilə ana bərabər hüquqa və öhdəliklərə malikdirlər. Uşağın rəsmi və ya nikahdan kənar doğulmasına baxmayaraq, istənilən halda uşağın anası valideyn kimi çıxış edir. Nikahdan kənar uşaqların qanunvericiliklə atalığı müəyyən edilir. Heç bir halda onlar uşaqlarını ata bilməzlər. Valideynin uşağını atması həm əxlaqi, həm mənəvi, həm də sosial baxımdan yolverilməzdir.
Düşünürəm ki, atılmış uşaqlar öz valideynlərinə qaytarılmalı, onlara sosial öhdəlikləri yerinə yetirmələri üçün köməklik və ya maarifləndirmə işləri aparılmalıdır. Bununla bağlı yeni mexanizmlər yaradıla bilər. Ölkə başçısının Sərəncamına əsasən, yerli icra orqanlarında İctimai Şuralar yaradılmalıdır. Həmin Şuralar uşağını atan valideynlərlə maarifləndirmə işləri aparıb, onların sosial vəziyyətini araşdırıb, uşaqlarını hansı səbəblərə görə atdıqlarını müəyyənləşdirə bilərlər. Bu cür valideynlərə öz vəzifələrini aşılamaq mütləqdir.
Təəssüf ki, təcrübəmdə müəyyən yaşa gəlib çatmağına baxmayaraq, heç bir sənədi olmayan insanlara da rast gəlmişəm. Belə qrup adamların adları heç bir inzibati orqanda yoxdur. Məhkəmə qaydasında şəxsiyyəti müəyyən edilməyən bir qrup insanlar da var. Bu da insan ehtiyatlarının dəyərləndirilməsi baxımından yolverilməzdir. İnsan ehtiyatına bu qədər ucuz yanaşmaq olmaz. Şəxsiyyətini məhkəmə qaydası ilə müəyyən edə bilməyən insanlar polis orqanlarına müraciət edir. Polis ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Çünki, qanun buna imkan vermir. Polis qanundan imtina etməli, daha sonra məhkəməyə verməlidir. Məhkəmə şəxsiyyəti müəyyən etdikdən sonra həmin şəxs qətnaməyə uyğun olaraq, şəxsiyyət vəsiqəsi ala bilər.
Atılmış uşaq istənilən halda, ailə qayğısından kənarda qalır və belə olan halda, cəmiyyət üçün yararlı insana çevrilə bilmir və nəticədə cəmiyyətin harmoniyası pozulur".
"Atılmış uşaqlar ömür boyu psixoloji zədədən yaxa qurtara bilmirlər"
Atılmış uşaqların psixoloji problemləri ilə bağlı danışan Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova söylədi ki, belə uşaqların özünəinamı aşağı səviyyədə olduğundan həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır: "Uşaqlar bizim gələcəyimizdir. Onları sağlam, savadlı, təminatlı böyütmək hər bir valideynin mənəvi borcudur. Hər bir valideyn doğacaq körpəni dünyaya gətirmək üçün həm mənəvi, həm maddi cəhətdən hazır olmalıdır. Çünki, uşaqlar psixoloji cəhətdən valideynlərinin səhvlərinin cəzasını çəkirlər. Elə valideynlər var ki, onlar həyatda etdikləri məsuliyyətsizlik ucbatından dünyaya övlad gətirir, daha sonra ya ailələri onları qəbul etmir, ya mənəvi cəhətdən övlad böyütməyə hazır olmadıqları üçün onları atırlar. Uşağa kənar yerdə göstərilən münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Atılmış uşaqlar ömür boyu bu psixoloji zədədən yaxa qurtara bilmirlər. Daima özlərini zəif, özgüvənsiz, cəmiyyətdən təcrid olunmuş hiss edir, atalı-analı uşaqlara həsəd hissi ilə yanaşırlar. Bu da onların qeyri-adekvat davranışına, pis vərdişlərə yiyələnmələrinə, intihar etməsinə gətirib çıxarır. Çünki, onlara nəzarət edən, daima qayğı ilə yanaşan, etdikləri kiçik bir səhvi düzəltməyə çalışan valideynləri yoxdur. Bu səbəbdən atılan uşaqlar stressə düşür, nevrozluqla üzləşir və ömür boyu bunun frustrasiyasını yaşayırlar. Belə uşaqların özünəinamı aşağı səviyyədə olduğundan onların həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır. Özünü dərk edən hər bir şəxs həyatı ilə bağlı məsuliyyət daşımalıdır ki, onların cəzasını uşaqlar çəkməsin. Bu cür hallar atılmış uşaqların gələcəyinə, sosial fəaliyyətlərinə mənfi təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB